Erməni şərqşünas İran-Azərbaycan münasibətlərindən bəhs edib
Paralel.az xəbər verir ki, erməni mətbuatı İranın Azərbaycanla münasibətlərinin son zamanlar nəzərəçarpacaq dərəcədə pisləşdiyini yazıb. Qeyd edilib ki, buna bir neçə amil kömək edir: “Yəni İranın yük maşınıyla bağlı hadisə səbəb deyil, nəticədir”. Bu fikri şərqşünas Artyom Tonoyan “Sputnik Ermənistan”a müsahibəsində söyləyib: “Bundan əvvəl Ermənistanın cənubundakı Gorus-Qafan avtomobil yolunda Azərbaycan əsgərləri yoldan keçən İran yük maşınına daş atmışdılar. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirinə etiraz notası təqdim edərək İran yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa daxil olduğunu bildirib”.
A.Tonoyan münasibətlərin pisləşməsinin səbəblərindən biri kimi, İran səfirinin Gegarkunik bölgəsindəki sərhəd bölgələrinə səfərini nümunə göstərib. Ekspert deyib ki, İran yük maşınlarının problemi bir neçə aydır ki, mövcuddur: “Amma Bakı yenicə etiraz etmək qərarına gəlib. Münasibətlərin gərginləşməsinin bir sıra səbəbləri də var. Məsələn, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin son bəyanatı və Türkiyədən gələn bəzi siqnallar. Şuşaya səfəri zamanı Paşazadə xüsusilə “Azərbaycan ərazilərinin azad edilməsinin” İran liderinin fətvası sayəsində mümkün olduğunu söyləmişdi. Dini liderin bu açıqlaması Azərbaycanda və Türkiyənin özündə birmənalı qarşılanmadı və reaksiyaya səbəb oldu”.
Müsahibədə deyilib ki, mövcud İran-Azərbaycan gərginliyi Türkiyə tərəfindən müxtəlif yollarla və təbliğat mexanizmləri ilə gücləndirilir. Tonoyan bildirib ki, buna cavab olaraq, İranın yeni hökuməti Bakı və Ankaraya qarşı daha sərt mövqe sərgiləyə bilər. O, daha sonra söyləyib ki, İranda mühafizəkarlar hakimiyyətə gələndə Azərbaycana qarşı sərt xəttin tətbiq olunduğu təcrübədən bəllidir.
Nigar