“Karfogen dağıdılmalıdır!”
Afrikanın dərinliklərini işğal etmək istəyən qədim Roma imperiyası hər dəfə Aralıq dənizi sahilində yerləşən kiçik Karfogen dövlətinin ciddi müqaviməti ilə üzləşir və geri çəkilməyə məcbur olurdu. Karfogenlərin dirənişi Roma Senatında da gərginlik yaratmışdır. Odur ki, senatorlar hər iclas başlayanda ayaqüstə bir ağızdan və həm də əsəbi şəkildə “KARFOGEN DAĞIDILMALIDIR” şüarını səsləndirir və imperatordan bu işi bitirməyi tələb edirdilər. İmperator da senatorların tələbini yerinə yetirərək Karfogeni ələ keçirib elə dağıtdı ki, o dövlət elə həmin vaxtdan xəritədən silindi.
Bu gün Xankəndi bizim üçün sanki həmin o Karfogendir. Nə qədər ki, biz o “Qan çanağı”n sözün məcazi mənasında sındırmamışıq Qarabağda bizə dinclik olmayacaq. Zərb-məsəlidir: öküzü soyub bıçağı quyruğunda saxlamazlar. Mərdimazara lənət və həm də “dad yarımçıq əlindən”.
Mərdimazar məlumdur, topu-tüfəngi ilə bizim razılığımızı gözləmədən Qarabağa soxulan Rusiya. Bəs biz niyə özünəinam hissini özünüqoruma ilə əvəz edərək Xankəndidə küçə döyüşünə girmiş şanlı ordumuza atəşkəs əmri verib, ona Şuşaya çəkilmək göstərişi verdik? İnanmıram ki, hələ Laçın dəhlizinə yenicə daxil olmuş və faktiki çarpaz atəş altında olan rus “vızverənləri” Xankəndinin azad olunmasına maneə olacaqdır. Sadəcə bu gün lazımsız kağız parçasından fərqlənməyən o razılaşma prosesini bir sutka uzatmaq lazım idi. Etmədik, qorxduq. Və bu gün o qorxaqlığın yaratdığı üzücü və əsəbi mənzərə ilə qarşı-qarşıyayıq. Daha 3-4 min şəhid verməmək üçün ermənilərin revanş cəhdlərini elə beşikdəcə boğmaq lazımdır, çünki əvvəldən də bəlli idi ki, rus qoşununun ayağı dəyən yerdə sülhdən başqa hər şey olur. Paşinyan kimi Putin də 10 noyabr bədnam razılaşmanı artıq icrası zəruri sənəd kimi tanımır.
Mənə maraqlıdır, görən Azərbaycan parlamenti də özündə cəsarət tapıb Ali Baş Komandana hər iclas başlayanda “Xankəndi dağıdılmalıdır” şüarı ilə xitab edə bilərmi?
Səma