Paşinyan ikitərəfli danışıqlara hazırdır?
Zərdüşt Əlizadə: "İkitərəfli danışıqlardan böyun qaçıran tərəf öz xalqının mənafeini düşünmür"
Paralel.az iNTENFAX.RU-ya istinadən məlumat verir ki, Paşinyan Əliyevlə Qarabağ və regional məsələlər üzrə danışıqlar aparmaq üçün görüşməyə hazır olduğunu bəyan edib.
Baş nazir sözünə davam edərək bildirib ki, İrəvan regional kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır.
Bu Azərbaycan-Ermənistan münaqişəsinin həlli tarixində çevriliş edə biləcək bir bəyanatdır. Bu münaqişənin həllində əsas problemlərdən biri və bəlkə də birincisi ondan ibarətdir ki, 90-cı illərdən etibarən Azərbaycanla Ermənistan ikitərəfli, - vasitəçilərsiz danışıqlar apara bilmir. Vasitəçilər (ATƏT-in Minsk qrupu həmsədirləri) isə münaqişəni həll etməkdən daha çox ondan öz maraqlarına uyğun olaraq istifadə edirlər.
Nikol Paşinyanın bəyanatını şərh etmək üçün politoloq Zərdüşt Əlizadəyə müraciət etdik. Politoloq bildirdi ki, bu münaqişənin birdəfəlik çözülməsi, ona son qoyulmasının yeganə yoludur: "Mən 30 ildir ki, ikitərəfli danışıqların başlanmasına çağırmışam. Birbaşa danışıqlara başlamaq iki dövlətin suveren hüququdur. Lakin bu məsələdə Rusiya sakit dayanmayacaq, aranı qatmağa, münaqişənin həllinə mane olmağa çalışacaq. Ancaq gərək hər iki tərəf o maneələri dəf etsin, xalqlarının xoşbəxtliyi naminə ikitərəfli danışıqlar vasitəsi ilə sülhə nail olsunlar. İkitərəfli danışıqlardan böyun qaçıran tərəf öz xalqının mənafeini düşünmür. Yəqin ki, Paşinyan artıq hakimiyyətdə tam möhkəmləndiyini hiss edir. Ona görə də Rusiyaya mesaj verir ki, sən baş nazirlərin müavinləri səviyyəsində yaradılan komissiyada varsan, orada məsələlərdən xəbər tutacan, amma biz danışıqları birbaşa, vasitəçisiz aparmaq istəyirik. Çox gözəl fikirdi, əgər bu həyata keçərsə, hər iki tərəfin xeyirinə olar. İndi məsələnin həlli Azərbaycan hakimiyyətindən asılıdır, əgər o doğrudan da sülh istəyirsə, Rusiyadan asılılığı azaltmaqla ikitərəfli danışıqlara hazır olmalıdır. Biz bilirik ki, Rusiya üçtərəfli bəyannamədən doğan öhtəlikləri yerinə yetirmir, bəyannamənin 4-cü bəndini nümayişkaranə şəkildi pozur. Belə olan halda biz Rusiyaya etibar etməməli, ikitərəfli danışıqlara tezliklə başlamağa cəhd göstərməliyik".
Akif Nəsirli