Bu deyim nə vaxt meydana gəlib, nəyə əsaslanıb sualına konkret cavab vermək elə də asan deyil. Bəzi iddialara görə ərəblər islam dinini yaymaq amacıyla silahlanıb yürşə çıxanda müxtəlif bütlərə sitayiş edən tayfa, qəbilə formalı xırda dövlətlər yeni dunin qəbuluna ciddi müqavimət göstərib. Yürüş iştirakçıları da xoşluqla islamı qəbul etməyənlərə zor tətbiq etməli olublar. İlhaq etdikləri torpaqlarda toplantı keçirir və yeni dinin xeyrindən danışaraq onun qəbul etmələrinin zəruriliyini izah edirlər. Kim bu izahla razılaşırsa ona toxunmur, əksinə ənam verir, mükafatlandırırlar, kim ki, inkar edir əldə qılınc hazır vəziyyətdə olan cəllad dərhal o şəxsin boynun vururdu. Beləcə qılınc qorxusu ilə bizi də müsəlman ediblər. İndi görürsən ki, bəzən elə məsələlər olur ki, o qılınca yenidən ehtiyac duyulur.
Yalan-doğru artıq ilyarımdır ki, dünya ölkələri adına korona deyilən bir virusun cəngindədir. Mənşəyi məlum olmayan bu hava ölümü ilə hər bir dövlət müxtəlif cür mübarizə aparır. Bununla belə bu virusdan qorunmağın yolları ilə bağlı təklif və məsləhətlər hər yerdə eyni cürdür. Maska tax, məsafə saxla, gigenik qaydalara əməl et. Elə ki, bu qaydalar məcburi olur, istər-istəməz çoxluq əmrə tabe olub itaət göstərir, digər hallarda isə insanlar sanki belə bir xəstəlik mövud deyil kimi sərbəstlik nümayiş etdirir. Məlum olduğu kimi son yumuşalmalara gediləndə insanlara xəbərdarlıq etdilər ki, bəzi yerlərdə, o cümlədən metro və sərnişin avtobuslarında maska taxmaq məcburidir. Əməl etdikmi? Xeyir! Niyə? Çünki sərt karantin zamanı olduğu kimi bunu bizdən nə avtobusun sürücüsü tələb edir, nə də polis yoxlama aparır. Əslində qılınc müsəlmançılığımıza salmasaq heç bunlar lazım da deyil, özümüz ümumi qaydalara riayət etməliyik, bu vərdişlərə yiyələnməliyik. Gərək başımızın üstə əliqılınclı ərəb (oxu: polis) dursun ki, Lə İləhə İlləllah Muhəmmədən Rəsulullah!- deməsən (oxu: maska taxmasan) boynun vurulacaq (oxu: 100 manat cərimə olunacaqsan)?
Axı nə üçün biz sadə bir prosedura əməl etmirik ki, nəticədə TƏBİB-in də nəyə xidmət etdiyi bəlli olmayan sayğacı rekord qırır?!
Səma