İki yerə bölünən xəstəxana
İnsanlara bəxş edilən əzab
Bilirsiniz ki, bir müddət əvvəl dövlətimizin başçısı, prezident İlham Əliyev Abşeron əhalisinin sevincinə səbəb olan bir obyektin-Abşeron Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etdi və bu müəssisənin Abşeron rayon əhalisinin sağlamlığına böyük töhfə olduğunu bildirdi. Abşeron rayon əhalisi də bundan məmnunu oldular ki, Xırdalan şəhərində yerləşən və heç bir müasir tələblərə cavab verməyən poliklinika və xəstəxanadan canları qurtardı. Sən demə, abşeronluların görəcək günləri qabaqda imiş.
Bəli, dövlətimiz xalqımızın rifahının yüksəlişi, onların sağlamlığının qorunması üçün böyük işlər görür. Lakin yerli məmurlar bu xeyirxah işi elə bir günə salırlar ki, əhali bundan razı qalmaq əvəzinə, daha da ağır duruma düşür.
İlk əvvəl onu qeyd edim ki, yeni xəstəxana əhalinin gediş-gəlişi üçün çox qəliz bir məkanda yerləşir. Rayonun kəndlərindən, həmçinin Xırdalan şəhərindən buraya heç bir marşrut işləmir. İnsanlar buraya, yalnız taksi ilə gələ bilirlər. İkincisi, hansısa səbəbdən həkimlərin bir qismi Xırdalanda, digər bir qismi isə yeni xəstəxanada fəaliyyət göstərir. Xəstə insanlar da qalır iki xəstəxana arasında. Yaxud da, xəstənin xəstəlik vərəqi yeni xəstəxanada açılır, onu təstiqləmək üçün isə Xırdalana getmək lazım gəlir. Misal üçün bir faktı diqqətinizə çatdırım: Masazır qəsəbəsində yaşayan Mürsəl Məmmədov mərkəzi xəstəxanaya müraciət edir, ondan tələb edirlər ki, qeydiyyatda olduğu qəsəbənin poliklinikasından göndəriş gətirməlisən. Səhəri gün vətəndaş göndərişi alıb gəlir yeni xəstəxanaya, ona bildirirlər ki, bu xəstəliyə baxan həkim köhnə paliklinikadadır, get Xırdalana. Xırdalanda isə onu yenidən qay tarırlar, təzə xəstəxanaya. Bir həkimin qəbuluna düşmək üçün xəstə üç gün vaxt itirir.
Bu istidə, sızaqda üç gün yollarda qalan xəstənin günahı nədir görəsən? Yaxud, necə olur ki, eyni bir xəstəxananın yarısı Xırdalanda, yarısı, Sumqayıt yolunun üstündə-Abşeron şəhərciyinin yaxınlığında fəaliyyət göstərir?
Belə çıxır ki, rayonun hansısa kəndində yaşayan vətəndaş əvvəlcə Xırdalana müraciət etməli, oradan isə onu ehtiyac duyularsa, yeni xəstəxanaya göndərəcəklər.
Bax belə, buna da deyirlər, insanların sağlamlığının keşiyində durmaq. Mən hələ bu səhiyyə müəssisələrində insanlara göstərilin münasibətdən danışmıram.
Yusif Seyid