AZAL-ın Hegemonluğu
Ölkəmizdə turizmin inkişafına maneə olan səbəblər
Son illər neftin qiymətinin kəskin aşağı düşməsi, bir dövlət olaraq Azərbaycanı da qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət ayırmağa vadar etdi. Artıq hamıya bəllidir ki, neft tükənməz sərvət deyil. Buna görə də, ölkəmizdə alternativ gəlir sahələrinin inkişaf etdirilməsi, bu gün üçün qarşıda duran ən əsas vəzifələrdən biridir. Bu sahələrin isə ən vaciblərindən biri turizm sektorudur. Azərbaycan elə bir iqlim zolağında yerləşir ki, burada turizm sektorunun il boyu fəaliyyəti üçün geniş imkanlar və resurslar var. Bu resurslardan səmərəli istifadə olunduğu halda, bir neçə ildən sonra Azərbaycanı bütün dünyaya turizm ölkəsi kimi təqdim etimək olar. Amma çox təəssüflər olsun ki, bu gün ölkəmizdə baş verənlər bu imkanları minimuma endirir. Son zamanlar bu barədə danışılanları və reallıqları araşdırdıqda ortaya çıxır ki, ölkəmizdə turizmin inkişafına mane olan əsas faktor, yenə də məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq və inhisarçılıqdır. Bütün bu amillər imkan vermir ki, maraqlı insanlar bu sektorun inkişaf etdirilməsinə sərmayə qoysunlar.
Onu da diqqətinizə çatdırım ki, turizm heç də dəbdəbəli otellərdən, restoranlardan, çimərliklərdən ibarət deyil. Belə dəbdəbəli məkanlarda istirahət edinlərin sayı, ümumi turist sayının ən yaxşı halda 20-30 faizini təşkil edir, qalan 70-80 faizi isə orta və aşağı təbəqənin təmsilçiləridir. Onların isə təklif olunan dəbdəbədən istifadə imkanları məhduddur. Bunun üçün də kənd türizminin, sadə insanlar üçün əlçatan otellərin, restoran və kafelər şəbəkəsinin yaradılmasına və inkişaf etdirilməsinə ehtiyac var.
Bu gün Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsinə mane olan səbəblərdən biri də, bütün görməli, gəzməli yerlərin məmurlar tərəfindən zəbt edilərək hasarlanmasıdır. O cümlədən, dəniz sahillərinin. Dəniz sahilinin məmurlar tərəfindən zəbt edilərək hasarlanması problemi illərdir müzakirə olunsa da, hələ də heç bir müsbət nəticəsi yoxdur.
İmkanı olan, daha doğrusu dövləti və xalqı talayaraq milyonlara sahib olan məmurlar çetesi həm də sadə insanların istirahət məkanlarını qəsb edərək özününküləşdiriblər. Bu özbaşınalığa son qoyularsa, Azərbaycanda turizmin inkişafına yol açılmış olar.
Turizmin inkişafını şərtləndirən əsas amillərdən biri də nəqliyyat və yol infrastrukturunun normal vəziyyətə gətirilməsidir. Son illər ölkədaxili yolların, ələlxüsus da turizmin inkişaf etdirilməsi perspektivləri olan bölgələdə demək olar ki, yollar normal hala gətirilib. Mənə belə gəlir ki, nəqliyyat sektoru da turizmin inkişaf etdirilməsində maraqlıdır, təkcə AZAL-dan başqa. Bu gün AZAL-ın təqdim etdiyi xidmətlər və həyata keçirdiyi qiymət siyasəti ölkəmizdə turizmin inkişaf etdirilməsi planına tam ziddir. Belə ki, AZAL-ın tətbiq etdiyi qiymət siyasəti və bu qiymətlərə adekvat olmayan aşağı səviyyədə xidmət Azərbaycana gəlmək istəyən turistlərin qarşısında keçilməz sədd çəkir.
Bir faktı diqqətinizə çatdırım. Hesab edin ki, siz Bakıda hava limanında bir stəkan çay içmək istəyirsiniz. Sizə həmin çayı 2 manata təklif edəcəklər. Bir çaynik istəsəniz, bunun da qiyməti 8-10 manat olacaq. Bunun səbəbi də məlumdur. Burada işləyənlər də, AZAL rəhbəri kimi heç bir iş görmədən pul qazanmaq istəyir. Onlar işləyib pul qazanmaq istəmirlər, gözləyirlər ki, bir xam turist gəlsin onlar da bir çaynik çayı ona 10-15 manata sırıyaraq qazanc əldə etsinlər. Əslində, məsələ heç çayda da deyil. AZAL-ın öz fəaliyyəti ilə ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərə badalaq vurmasıdır. Son günlərin bir faktını diqqətinizə çatdırım. Məlumdur ki, Azərbaycana hər il səfər edən turistlərin arasında Rusiyadan, Türkiyədən və Ərəb dövlətlərindən gələnlər üstünlük təşkil edirlər. Burada Rusiyadan Azərbaycana gələn turistlərin rastlaşdıqları bir özbaşınalığı qeyd etmək yerinə düşərdi.
Belə ki, 8 avqust tarixində Moskva vaxtı ilə saat 18-40-da Minvod şəhərindən Bakıya uçmalı olan təyyarəyə minik zamanı məlum olub ki, bir təyyarəyə iki təyyarəlik sərnişin bletləri satılıb. Sərnişinlər buna etiraz etdikdə onları Bakıdan ikinci təyyarə gələnə qədər hava limanında və təyyarədə qalmağa məcbur ediblər. İkinci təyyarə gələndən sonra artıq avqustun 9-u səhər saat 04.40-da uçuş baş tutub. Bu 10-12 saat müddətində baş verənlər barədə sərinişinlərə və onları Bakıda gözləyənlərə heç bir məlumat verilməyib. Heç baş vermiş insidentə görə üzrxahlıq edən belə, olmayıb. Belə olduğu təqdirdə bu şirkətin xidmətindən istifadə edərək Azərbaycana kim gələr? Bu təyyarə ilə Azərbaycana gələn bir qrup turist AZAL-ı məhkəmə yolu ilə kompensasiya ödəməyə məcbur etmək niyyətindədir. Ancaq bunun hansısa bir nəticəsi olacağına inanmıram. Çünki AZAL uzun illərdir Azərbaycan hava yollarında hegemonluq edir və sərnişinlərin səsini heç kim eşitmir. İnsanların bir yolu qalır ki, ümumiyyətlə AZAL-ın xidmətindən imtina etsinlər.
Rusiyalı turistlər Bakı hava limanının möhtəşəmliyinə heyran qalsalar da, AZAL-ın xidmətindən heç də məmnun qalmayıblar.
Görünür AZAL rəhbərliyinin də düşüncəsi hava limanında çalışan çayçının düşüncəsindən heç də irəli getməyib. Belə ki, AZAL sərnişinləri normal qiymət və yüksək xidmətlə cəlb eləmək əvəzinə özündən narazı salmaqla, ölkəmizdə turizmin inkişafı üçün görülən işlərə arxadan zərbə vurmaqla məşğuldur. Bütün bunlar isə həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafına vurulan zərbədir.
Son zamanlar pandemiyanın yenidən alovlanması ilə yaranan təhlükə, istirahət məkanlarının və turizm şirkətlərinin tənəzzülü ilə nəticələnə bilər. Bir tərəfdən də AZAL-ın yarıtmaz fəaliyyəti nəticəsində, ölkəmizə səfər etmək istəyən əcnəbiləri bir daha düşünməyə vadar edir ki, burada da yalnız, xalqımız və dövlətimiz itirir. AZAL rəhbərliyi isə bütün bunlara baxmayaraq öz kefindədir. Çünki, ilin sonunda zərərlə işlədiyi üçün büdcədən milyonlarla dotasiya alacaq. Necə deyərlər, "nə yoğurdum nə yapdım, hazırca kökə tapdım". Belə olduğu təqdirdə şirkətin gəlirlə işləməsi Cahangir Əsdərovun nəyinə lazımdır?...
Yusif Seyid