Onu bitirəcəyik, yoxsa əksinə?

Onu bitirəcəyik, yoxsa əksinə?
 

Yola salaq ki, yoldaş olmayaq...

Nə qədər deyilib-yazılsa da, qanunlara riayət etmək yönündə ilk pillədə olmayacağıq. Bunu müxtəlif sahələrə aid, ümumiyyətlə, hər mənada müşahidə etmək mümkündür. Lakin bu məsələ, yəni qanunlara riayət etməmək birtərəfli başa düşülməməlidir. Deməli, nəsə çatmır ki, qanunlara riayət etməyənlər və onu tətbiq edənlərin maraqları, adətləri, yaxud, vərdişləri bir nöqtədə kəsişir. Və dönüb oluruq qanunsuz bir toplum.

Həmin qanunsuzluqları çox da uzaqda, keçmişdə deyil, elə dünən, bu gün görə bilərik. Onun sabah təkrar olunmayacağına da kimsə zəmanət verə bilməz. Çünki biz elə həminkiyik, adət-vərdişini, hal-xasiyyətini

dəyişməyən, hər şeyə rəğmən, özümüzə qənim kəsilən.

Bu qənimkəsilmələrin bir neçəsindən söhbət açmaq istəsəm də, onun bütöv bir xaosun içində batıb-qalacağını, boşuna danışacağımı da bilirəm. Necə ki, uzun zamandır sərt karantindən yumşalmalara doğru uzanan aylarda onun əyani nümunəsini gördük...
Deməli, karantin yumşaldılandan sonra bir neçə istiqamətdə qadağalar aradan qaldırıldı və bu istiqamətdə ən birinci, şadlıq mərasimlərinin keçirilməsindən danışaq.Yəni yaxşıdan başlayaq ki, yaxşılığa doğru gedə bilək. Müsbət mahiyyət daşısa da, amma şadlıq mərasimləri də təyinatına uyğun keçirilmədi. Toylarda iştirakçı sayının pozulması, toy sahibinin, qonaqların heç nə olmamış kimi bir yerdə cəm olması və s. guya ki, hansı şərtlərə görəsə toyların keçirilməsinə verilən icazənin indi də geri dönməsini şərtləndirir. Bu şərtlər ümumiyyətlə, heç zaman dəqiq olanın birmənalı şəkildə qəbul və riayət edilməsinə imkan vermir. Fəqət onlarsız keçinməyin də mümkünsüzlüyünü hər gün, bütövlükdə, bütün ömrümüz boyu hiss edir və yaşayırıq.

Təbliğat da elədir, onunla yaşamağı kimsə xoşlamasa və arzulamasa da, təbliğatsız quruluş olmayıb tarixən. İndi də həmin adla koronaviruslu ayları yola veririk. Məhz yola veririk, ona hərtərəfli, dəqiqliklə əməl edən olmadığından - nə sıravi, nə də rəsmi mənada.
Maraqlıdır ki, bu yollaşmanı başqa məqamlarda ikitirəlik kimi başa düşənlər, virus dönəmində ondan necə deyərlər, dördəlli yapışdılar. Həm yuxarılar, həm də aşağılar bir-birini sözsüz başa düşərək yola birgə çıxdılar. Baxmayaraq ki, onu kəsə getmək üçün daha asan yol vardı...
O yolun adını nə qoyaq, görəsən?! Hər halda, koronavirusu “yola salmaq” üçün qoyulan qayda-qanunlara elə əməl edildi ki, onun dünyamızdan tezliklə köçünü sürmək fikri qalmadı. Öz əvəzinə, həyatdan köçünü sürənlərin sayını artırmaqla məşğuldur...
Nə qədər deyilib-yazılsa da, haqqında danışlıb, yorulmadan bəhs edilsə də, qaydalara riayət etmək və nəzarət işi elə olduğu səviyyədə də qalacaq. Ona görə ki, təbliğatın sözü var, əməli yoxdur. Onu da kimsəyə izah etmək adamın özünü gülünc vəziyyətə salmasına bərabərdir. Çünki fərqi yoxdur, istənilən sahənin ali və yaxud, sıravi şəxsinin uzun-uzadı, qaranəfəs və s. formada söylənənlərin qarşılığında gəldiyi nəticə və sual da eynidir.

O sualın nə olduğunu və necəliyini elə gündəmə baxaraq da təxmin etmək olar. İndilikdəsə, qayda-qanunları tətbiq edənlər, ona riayət etməli olanlar, bir sözlə, cəmi əhali virusun artıb-azalması, hərdənbir yox olmaq ehtimalı, daha sonra yenidən zirvəyə yüksəlməsi fonunda, dilemma qarşısındadır. Onu kulisdə, pərdəarxasında arın-arxayın deyənlər, iddia irəli sürənlər də həm yuxarı, həm də aşağı eşalonda yol gedənlərdir. Yeganə bir məqamda birlikdə, eyni fikirdə olanlar, eynifikirlilər, eyni yola düşüb yol yoldaşı olanlardır. Amma bu yolun sonunda nə olacaq?! Yola verilən bizi sona yetirəcək, yoxsa, onun sonunu gətirəcəyik?!

Nigar Orucova

0.037309885025024