Fatihə surəsinin mesajları
FATİHƏ SURƏSİNİN MESAJLARI
II YAZI
(əvvəli ötən sayımızda)
4) Fatihə surəsinin ayə sayı
İslam alimləri Fatihə surəsinin yeddi ayə olduğunu söyləyirlər. Alimlər arasındakı fikir ayrılığı bəsmələnin (“Bismillah-ir Rəhman ir-Rəhim, Rəhman və Rəhim olan Allahın adı ilə) Fatihə surəsindən bir ayə olub-olmaması ilə bağlıdır. Bu məsələ ilə bağlı üç görüş var:
Bir sıra alimlər deyirlər ki, bəsmələ Fatihə surəsindən bir ayədir. Onlar bəzi rəvayətləri dəlil göstərirlər, məsələn, Allah Rəsulu Fatihə surəsi də daxil olmaqla Qurani-Kərim oxumağa başlayarkən öncə bəsmələ çəkmişdir. Ancaq unudulmamalıdır ki, Allah Rəsulu bütün işlərə bəsmələ ilə başlamışdır. Bu alimlərin ikinci dəlili də var, belə ki, “İmam mushaf” adı verilən ilk mushafda (Qurani-Kərimin ilk nüsxəsi) və onun üzü köçürülərək çoxaldılan başqa nüsxələrində Fatihə surəsinin əvvəlində bəsmələ yazılmışdır. Ancaq bəsmələ sadəcə Fatihənin əvvəlində deyil, Tövbə (Bəraə) surəsi xaric bütün surələrin əvvəlində yazılmışdır.
Bu ölçü əsas alınsa, o zaman hər surənin əvvəlindəki bəsmələ o surədən bir ayə sayılmalıdır. Allah Rəsulunun hədislərindən öyrənirik ki, O, Kövsər surəsinin üç, Mülk surəsinin otuz ayə olduğunu buyurmuşdur, bəsmələni o surələrin bir parçası saysa idi, Kövsər surəsinin dörd, Mülk surəsinin otuz bir ayə olduğunu deyərdi.
Bəsmələnin (Rəhman və Rəhim olan Allahın adı ilə) Fatihənin ilk ayəsi olduğu ilə bağlı professor Mehmet Okuyan bu sözləri yazır: “Fatihə surəsinin ilk ayəsinin bəsmələ olduğu qənaətindəyik. Bəsmələ Ələq surəsinin ilk ayəsində olan “bismi Rəbbikə” (“Rəbbinin adı ilə”) ifadəsinin, dolayısı ilə ilahi vəhyin ilk əmrinin kimin adına yerinə yetiriləcəyinin açıq cümləyə çevrilmiş biçimidir. Bəsmələ hz. Süleymanın Səba məlikəsi Belkısa göndərdiyi məktubun da başlanğıc cümləsidir (Nəml, 27/30).
Bundan başqa, bəsmələ hz. Nuhun gəmisinin suda üzməyə başlaması və dayanmasının “Allahın adı ilə” olacağını bəyan etdiyi “bismillah” şəklindəki ifadənin də açılımıdır (Hud, 11/41). ... Bir işə başlamadan öncə onu Allah adına olaraq tanıtmaq, hər işə Allahı şahid tutmaq, Onun mərhəmətinin hər şeyi əhatə etdiyini ilk surədə iki dəfə xatırlatmaq bir fərqlilik olaraq qəbul edilə bilər. Vəhyin ilk ayələrinin olduğu Ələq surəsinin birinci ayəsindəki “bismi Rəbbikə” ifadəsi ilə, bütün halında (yeddi ayəsi də eyni anda, bir kərəyə) endirilən Fatihənin əvvəlindəki bəsmələni surənin ilk ayəsi saymaq yanlış görüş deyil” (Mehmet Okuyan, Kısa surelerin tefsiri, İstanbul, 2011, 57-58).
Birinci görüşü irəli sürən alimlər bunlardır: İmam Şafii, İmam Əhməd, İmam Cəfər.
Bəsmələ ilə bağlı ikinci görüş: bəsmələ müstəqil bir ayədir, Fatihə surəsindən bir ayə deyil. Bu görüşdə olan alimlər deyir ki, Allah Rəsulunun bəsmələni Fatihə surəsinin əvvəlində oxuması onun Fatihədən bir ayə olduğu anlamına gəlməz. Belə ki, Allah Rəsulu Fatihə surəsini bəsmələ çəkmədən də oxumuşdur (bu təsbit O, camaata namaz qıldırarkən bəsmələni açıq (səsli) oxumamışdır mənasındadır). Darakutni ona verilən bir suala cavab olaraq bildirir ki, Allah Rəsulunun bəsmələni namazda açıqdan oxuduğuna aid bir tək səhih rəvayət yoxdur (İbn Teymiyyə, Mədxəl ila usuli-təfsir, s. 80-81).
Bəsmələnin Fatihə surəsindən bir ayə olmadığını iddia edən alimlərin bir dəlili də Əbu Hureyrədən nəql edilən: “Səlatı (Fatihəni) Özümlə qulum arasında ikiyə ayırdım”, - hədisidir. Bu hədisdə bəsmələdən danışılmır.
Bəsmələnin Fatihə surəsindən bir ayə olmadığı ilə bağlı Əbu Mansur əl-Maturidi bu dəlilləri ortaya qoyur:
- bəsmələ Fatihədən deyil, Qurandan bir ayədir;
- bəsmələnin Qurani-Kərimdən bir ayə olmasının dəlili Allah Rəsulunun bu hədisidir: “O, bir gün Übey bin Kaba buyurdu: “Sənə elə bir ayə öyrədəcəyəm ki, məndən öncə Süleyman bin Davud xaric, kimsəyə enməmişdir”. O, bir ayağını məscidin qapısından kənara qoymuş və Kabdan soruşmuşdur: “Quran hansı ayə ilə başlayır?” Übey: “Bismillah-ir Rəhman-ir Rəhim ilə”, - deyərək cavab vermişdir.
Allah Rəsulu: “Haqqında danışdığım ayə budur”, - buyurmuşdur; (Təbəri, əl-Mucəmul-əvsat, c.I, s. 368)
- bu rəvayətdə bəsmələnin Qurani-Kərimdən bir ayə olduğunun dəlili var, belə ki, bəsmələ surədən sayılsa idi, Allah Rəsulu Übey bin Kaba bir deyil, yüzdən çox ayə öyrətməli idi;
- bəsmələ əvvəlində olduğu surədən sayılsa idi, Allah Rəsulu onu Qurani-Kərimin açarı deyil, surədən bir ayə olaraq qəbul edərdi;
- bəsmələ hər surənin əvvəlində bir ayə olaraq təfsir edilməmişdir;
- Allah Rəsulu namazda bəsmələni açıq (səsli) oxumamışdır;
- müsəlmanlar bəsmələni namazda açıq (səsli) oxumazlar, bu da bəsmələnin Fatihə surəsindən bir ayə olmadığını göstərir;
- bəsmələnin Fatihədən bir ayə olmadığının bir dəlili də budur: Allah Rəsulu bir hədisində buyurur: “Uca Allah belə buyurmuşdur: “Namazı mənimlə qulum arasında iki yerə böldüm. Qul: “Əlhəmdülillah... maliki yəvmid-dinin sonuna qədər oxuyunca – bunlar üç ayədir – bu ilk yarı Mənə (Allaha) aiddir”, - buyurdu. Uca Allah “ihdina”nı sonunadək zikir etdikdən sonra: “Bu da quluma aiddir”, - buyurdu” (Malik bin Enes, əl-Muvatta, 37; Əhməd bin Hənbəl, əl-Müsnəd, c. II s. 241, 285, 460; Müslim, Səlat, 38; İbn Macə, Ədəb, 52). Hədisin bəyanı ilə Fatihə surəsinin “ihdina”dan başlayaraq sonunadək olan bölməsi üç ayədir, surənin iki yerə ayrılması ancaq bu yolla mümkündür. Uca Allah: “İyyakə nəbudu və iyyakə nəstəin” ayəsi üçün bu mənimlə qulum arasında ikiyə bölünmüşdür”, - buyurmuşdur. Bu yolla da ayənin bir ayə olduğu ortaya çıxmışdır (bu anlayışa görə, “siratəlləzinə ənəmtə əleyhim” cümləsi müstəqil ayədir);
- təqsim (bölünmə) hədisində bəsmələdən danışılmamışdır;
- Enes bin Malikdən rəvayət edilir: “Rəsulullahın, Əbu Bəkirin, Ömərin, Osmanın arxasında namaz qıldım, onların heç biri bəsmələni açıq (səsli) oxumamışdır; (Əhməd bin Hənbəl, əl-Müsnəd, c.III, s. 273, 275, 278; Müslim, Səlat, 50, 52; Nəsai, İftitah, 22)
- hz. Əli, Abdullah bin Ömər və bir sıra alimlər də eyni anlamda (bəsmələnin açıq oxunmadığı) görüş bildirmişlər; (İbn Kəsir, Təfsir, c. I, s. 17; Alusi, Ruhul-məani, c.I, s. 25)
- bəsmələ hər surənin ilk ayəsi kimi qəbul edildiyində “əuzu” (ən-Nəhl surəsinin doxsan səkkizinci ayəsi) kimi anlaşılar;
İkinci görüşü irəli sürən alimlər sırasında imam Əbu Hənifə və tələbələri yer tutur.
Bəsmələ ilə bağlı üçüncü görüş: Bəsmələ nə Fatihədən bir ayədir, nə də müstəqil bir ayədir. Nəml surəsinin otuzuncu ayəsi bəsmələdir. Bundan başqa, Fatihənin və o biri surələrin əvvəlinə yazılan bəsmələlər o surələrdən bir ayə deyildir. Bəsmələnin surələrin əvvəlinə yazılmasının səbəbi o surələri bir-birindən ayırmaqdır, Allah Rəsulunun təlimatı ilə yazılmışdır, yəni surə başlarındakı bəsmələlər Qurani-Kərimdən bir ayə sayılmamalıdır, onlar Nəml surəsinin otuzuncu ayəsinin surələrin əvvəlinə qoyulmasıdır.
Üçüncü görüşün müəllifi İmam Malikdir.
Alimlərin Fatihə surəsinin yeddi ayə olduğunu təsdiq etdiklərini söylədik. Bəsmələ surənin bir ayəsi sayılmırsa (bir sıra alimlərin görüşü budur), Fatihə necə yeddi ayə olur? Bəsmələ Fatihə surəsindən bir ayədir söyləyənlər bəsmələ ilə birlikdə Fatihənin yeddi ayə olduğunu ifadə edirlər. Bəsmələnin Fatihə surəsindən bir ayə olmadığını iddia edən alimlər də “ğəyril-məğdubi əleyhim...” sözləri ilə başlayan cümləni sonadək bir ayə saymışlar (birinci görüşün sahibi olan alimlərin bir ayə kimi oxuduğu ayəni iki ayə kimi oxumuşlar). Nəticədə, Fatihə surəsinin yeddi ayə olduğu görüşü hasil olmuşdur.
Qeyd edək ki, Fatihə surəsinin ayə sayı ilə bağlı alimlərin çoxunun qəbul etmədiyi iki görüş də var: bir görüşə görə, Fatihə surəsi səkkiz, başqa bir görüşə görə altı ayədir (bu görüşlər Fatihə surəsinin cümlələrinin (ayələrinin) harada bitdiyinin təsbitindən qaynaqlanır, Fatihənin söz sayı fərqlənmir, oxunuşa görə cümlə (ayə) sayı fərqlənir.
Şeyxul İslam Əbussuud Əfəndi bəsmələnin Fatihə surəsindən olub-olmaması ilə bağlı alimlərin görüşlərini doqquz bənddə sıralamışdır:
- Abdullah Məsud və İmam Malikə görə, surələrin əvvəlində olan bəsmələlərin heç biri Qurani-Kərimdən deyil. Mədinə, Bəsrə və Şamın qiraət və fiqh elmində tanınmış alimlərinin görüşü də budur (qeyd edək ki, Nəml surəsinin otuzuncu ayəsinin - bəsmələnin Qurani-Kərimdən olması ilə bağlı heç bir görüş ayrılığı yoxdur. Surələrin başlanğıcında olan yüz on üç bəsmələnin surələrdən olub olmaması ilə bağlı fikir ayrılığı var);
- Firuzabadi “Bəsair” adlı əsərində Fatihə surəsinin söz sayının iyirmi beş, hərf sayının yüz otuz olduğunu yazır;
- Hənəfi məzhəbinə görə, surələrin əvvəlində olan bəsmələ o surələrdən bir ayə deyil, ancaq Qurani-Kərimdən bir ayədir. Nəml surəsinin otuzuncu ayəsi bunun dəlilidir. Bu ayənin bərəkətindən faydalanmaq və surələri bir-birindən ayırmaq üçün nazil edilmiş, hər surənin başlanğıcına yazılmışdır;
- İbn Abbas və Abdullah İbn Ömərə görə, bəsmələ hər surənin ilk ayəsidir, Səid bin Cübeyr, Ata, Abdullah bin Mübarək, Məkkə ilə Kufənin qiraət və fiqh alimləri də bu görüşü paylaşmışlar. İmam Şafiinin də son görüşü budur. Şafii məzhəbinə görə, qiraətin açıq (səsli) olduğu namazlarda bəsmələnin səsli oxunması bununla bağlıdır;
- bəsmələ yalnız Fatihə surəsindən bir ayədir. Surələrin başlarında olan bəsmələlər isə o surələrə bəsmələ ilə başlayıb, ondakı bərəkət və fəzilətdən faydalanmaq üçündür;
- bəsmələ Fatihə surəsindən tam (müstəqil) bir ayədir, o biri surələrdə isə ayənin bir parçasıdır;
- bəsmələ Fatihə surəsinin bir ayəsinin bir parçasıdır, o biri surələrdə isə tam (müstəqil) bir ayədir;
- bəsmələ bütün surələrdə özündən sonra gələn ayənin bir parçasıdır;
- bəsmələ surələrin bir parçası deyil, yüz on üç Quran ayəsidir (Tövbə surəsinin əvvəlində bəsmələ yoxdur);
- bəsmələ Fatihə surəsindən bir ayədir, o biri surələrdəki bəsmələlər isə Qurandan deyildir;
- alim bu görüşləri sıraladıqdan sonra yazır: “Bəsmələ mövzusunda ən çox tanınan üç görüş var (bu görüşləri öncəki səhifələrdə qeyd etdik – S.H.) Bəsmələnin bütün mushaflarda ittifaqla yazılmış olmasından, mushafların (Qurani-Kərimin) iki qapağı arasında olanların uca Allahın kəlamı olduğu yüzdə yüz bilindikdən sonra birinci görüş anlamını itirir (o görüşə görə, bəsmələ Qurani-Kərimdən deyil), ikinci və üçüncü görüşün ortaq nöqtəsini (bəsmələnin Qurandan olduğunu) təsdiq edir...” (Əbussuud təfsiri, İstanbul, 2006, c.1, s. 49-51).
5) Fatihə surəsinin mövzuları
Fatihə surəsi Qurani-Kərimin girişi, ön sözü, əsası olduğundan Kitabın mövzularını, məqsəd və vəzifələrini özündə toplamışdır. Qurani-Kərim iman, ibadət və həyat nizamının əsaslarını açıqlayır. Fatihə də bu əsaslar üzərində qurulmuşdur:
- surə uca Allaha həmdlə başlayır. Fatihə həmdlə başlayan beş surədən biridir (Ənam, Kəhf, Səbə, Fatır surələri də həmdlə başlayır);
- bu beş surədə həmd (öygü, ən gözəl sözlər) ancaq uca Allaha aid edilir;
- həmdlə başlayan surənin beşi də Məkkədə nazil olmuşdur;
Fatihə Qurani-Kərimin özətidir, belə ki:
- Allah-doxsan doqquz adın (əsma-i hüsna) izah etdiyi xas (xüsusi deyil, xas, Onun kimisi yoxdur) isimdir;
- əl-həmdülillah – bütün zat və kamal sifətləri əhatə edir;
- Rəbb-il aləmin – bütün feili və kövni sifətləri əhatə edir;
- ər-Rəhman, ər-Rəhim – rəhmət olan dini əhatə edir;
- Maliki yəvmid-din – Son saat, Qiyamət, axirət, cənnət və cəhənnəmlə bağlı ayələri əhatə edir;
- iyyakə nəbudu – bütün ibadətləri əhatə edir;
- və iyyakə nəstəin – ibadətlərdə tövhid və ixlası əhatə edir;
- ihdinas-siratəl - müstəqim - əxlaq, inanc, ibadət və bəşəri münasibətlərə aid bütün doğruları əhatə edir;
- siratəlləzinə ənəmtə əleyhim – bütün (keçmiş) yaxşılıqları əhatə edir;
- ğayril-mağdubi əleyhim və ləddallin – bütün (keçmiş) azğınlıqları əhatə edir;
- Fatihə uca Allahın təkliyini, bənzərsizliyini ifadə edir;
- Fatihə deyir ki, O, kainatın yaradıcısıdır;
- Fatihə deyir ki, yaradılan hər şey varlığını Ona borcludur;
- Fatihə deyir ki, O, həyat verən rəhmət qaynağıdır;
- Fatihə deyir ki, insanın qarşısında məsuliyyət daşıdığı tək varlıq Odur;
- O, həqiqi rəhbərdir, yardım edən tək gücdür;
- Fatihə insanı doğru işlərə, saleh əməllərə, xeyiri çoxaltmağa çağırır;
- Fatihə insana ölümü, axirəti, hesabı cənnət və cəhənnəmi tanıdır;
- Fatihə deyir ki, insan bu dünyadakı əməllərinin hesabını verəcək;
- Fatihə deyir ki, iki dünya bir-birinə bağlıdır, hesabdan qaçış yoxdur, bu dünya axirətin tarlasıdır;
- Fatihə deyir ki, uca Allah elçiləri vasitəsi ilə mesajlarını insanlara çatdırmışdır. İnsanın vəzifəsi “nemət verilmişlərin yoluna” tabe olmaqdır;
- Fatihə insanı azmışların və qəzəbə düçar olmuşların yolundan çəkindirir;
- Fatihə insanın könüllü, inanaraq, anlayaraq uca Allaha təslim olmasını istəyir;
Ardı var...
Siracəddin Hacı