Yaxşı dost səhvi üzə, düşmən isə arxada deyər!

Yaxşı dost səhvi üzə, düşmən isə arxada deyər!
 
Tapdıq Abbas: "Qərəzsiz tənqid kömək, qərəzli tənqid və yalan tərif zəhərdir! - həyat fəlsəfəsi...
Atalar sözü tarixin çoxgedişli sınağından çoxdan çıxmış, özünü təsdiq etmiş həyat həqiqətidir. Birində dost tənqidinə münasibət belə ifadə olunur: "Yaxşı dost səhvi üzə, düşmən isə arxada deyər"!, yaxud "Qərəzli tənqid ilan zəhəri qədər təhlükəlidir"!..
Təcrübəli müəllim, peşəkar yazar kimi, daim fəaliyyətimi tənqid və özünütənqid üzərində qurmağa cəhd etmişəm. Buna baxmayaraq, tənqid və tərifdə xeyli səhvlər etmişəm. Təbii ki, bilərəkdən yox.
Əvvəla, bəşəriyyəti yaradan Uca Tanrı insanlara düz yolu göstərən Peyğəmbərlər və Müqəddəs Kitablarla bildirib ki, dünyaya gələn hər bir insan Adəm övladı olduğu üçün günahkardır. Bu dünyaya günahlardan təmizlənmək üçün gətirilən insan Allaha tövbə, ibadət və dua edib bağışlanmaq üçün gətirilib. Bu vacib buyruğa nə qədər əməl edirik, etmirik bu başqa bir söhbətin mövzusudur...
Mətləbə qayıdaq. Bəhs edəcəyim mövzu sağlam və qərəzli tənqidin məqsədi və fərqli təsiri barədədir. Bu məsələnin anlamını asanlaşdırmaq üçün hər kəsin böyüdüyü beşikdən - Ailədən başlayıram.
Ailə hər bir insan üçün həyat mənbəyi olmaqla yanaşı, həm də ilk tərbiyə ocağıdır.
Ailə tərbiyəsində ata-ananın hansı yüksək rola malik olduğunu hər kəs bildiyinə görə, əlavə izaha ehtiyac duymuram...
Ailələrdə mövcud olan problemlərin həll edilməsi ata-ananın xarakterindən, onların arasındakı münasibətin keyfiyyətindən və problemə yanaşma tərzindən çox asılıdır. Etiraf edək ki, 3-5 nəfərdən ibarət olan ailəni idarə və təmin etmək, ailə üzvlərini mövcud qaydalara əməl etməyə cəlb etmək çox zaman mümkün olmur. Ailədəki problemlərin yaranma səbəbinin aradan qaldırılmasında əsasən, valideynlərin uşaqların hərəkətlərini ardıcıl müşahidə edib, qərəzsiz qiymətləndirməsi, tənqidin və tərifin rolundan düz istifadə etməsi böyük təsirə malikdir. Təsadüfi deyil ki, tərbiyəsində qüsur olan insanın tərbiyə işi düz qurulmayan ailələrin məhsulu hesab edilir...
Dövlət hər kəs üçün, ailədən heç də az əhəmiyyət kəsb etməyən, əksinə bəzi hallarda ailədən üstün tutulan böyük ailədir. Dövlət başçısı isə, bu ailənin vətəndaşlarının Konstitusya hüquqlarının təminatçısı olan dövlət-ailənin rəhbəridir. Buna görə də hər bir insan böyüdüyü ailəni sevdiyi kimi, dövlətini sevməlidir, onun rəhbərinə sayğı göstərməlidir, tənqidi çıxışlarında ədalətli və qərəzsiz olmalı, nəyisə əldə etmək üçün şişirdilmiş, reallıqdan uzaq, bayağı yaltaq tərifə uymamalı, dövlət başçısı isə bu cür insanların yalan, yağlı tərifinə müsbət reaksiya verməməli və hər şeydən əvvəl, tərif edənin onu ələ salaraq, təhqir etməsinə diqqət yetirməlidir..
Bu mövzunun geniş və xeyli izaha ehtiyac olduğunu nəzərə alıb, diqqəti ən vacib məqama yönəldirəm: tənqiddə də, tərifdə də ifrata varmaq yanlışdır! Unutmayın ki, qərəzli tənqid və yersiz tərif hər iki tərəf üçün aşağılıq və bəladır!
Diqqət edin, 3-5 nəfər üzvdən ibarət olan ailəni normal idarə etməyin çətin olduğu hazırkı zamanda onminlərlə rüşvət və korrupsiya zəlisinə çevrilmiş ünsürlərlə dövləti idarə etməyə məcbur olan yüksək vəzifəli şəxsləri qərəzli tənqid etmək haqsızlıq və ədalətsizlikdir...
Vətəndaş kimi, dövlətin və cəmiyyətin idarə olunmasında yüksək vəzifə sahiblərini qərəzli-qərəzsiz tənqid edərkən, Konstitusiyada aydın təsbit olunmuş, üzərimizə düşən vətəndaş vəzifələrini yerinə yetirmədiyimizi də nəzərə alsaq, düşünürəm ki, ölkədə baş verən bütün mənfi hallara görə, bizim də az məsuliyyət daşımadığımızı dərindən dərk etmək bizə hörmət gətirər"...
 
Şahnaz
 
0.026911020278931