Erməni icmaları yeni səfir təyinatından narazıdır
Paralel.az xəbər verir ki, ABŞ və Ukraynadakı erməni icmaları, diplomatik korpusun nümayəndələri Ermənistanın yeni səfir təyinatından narazı qalıb. Erməni mətbuatı xaricdəki erməni icmalarının yeni səfirlərin təyin edilməsindən narazı olduğunu öz mənbələrinə istinadən yazır. ABŞ-dakı erməni icmasının narazılığına əvvəllər diplomatik xidmətdə olmayan Lilit Makuntsun təyinatı daha çox səbəb olub. Amerika erməniləri təyinatların əsasən, yalnız siyasi xarakter daşımasından narazıdır. Onların təbirincə, hazırkı hökumət öz komandasının üzvlərinə səfir portfelləri paylamaqla məşğuldur.
Mətbuat Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən bu təyinatın diplomatik korpusun bir çox üzvünün narazılığına səbəb olduğunu qeyd edir: “Beynəlxalq münasibətlərlə əlaqəsi olmayan insanlara səxavətlə yüksək səviyyəli səfir vəzifələri verilir. Bu sahədə onilliklər ərzində çalışan təcrübəli diplomatları incitmək olmaz”.
Mətbuat xatırladır ki, avqustun 2-də Ermənistan prezidenti Lilit Makuntsun Ermənistanın ABŞ-dakı səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Haqqında narazılıq olan Makunts 7-ci çağırış Milli Məclisdəki hakim “Mənim addımım” fraksiyasına rəhbərlik edib. Narazılıqla qarşılanan digər şəxs, Vladimir Karapetyan isə 2021-ci ilin iyununda Ermənistanın Ukraynadakı səfiri təyin edilib. Onun haqqında deyilib ki, Karapetyan cəmi bir il Paşinyanın mətbuat katibi işləyib, 2020-ci ilin yanvarında isə vəzifəsindən getdi. Onun səfir təyin olunmasıyla bağlı vaxtaşırı söz-söhbət gəzib. Bütün bu müddət ərzində o, heç bir vəzifə tutmayıb, yalnız hazırkı hökumətin müxtəlif, xüsusən də məhbusların geri qaytarılması istiqamətində aparılan danışıqlarla bağlı tapşırıqları yerinə yetirib.
Nigar