Erməni deputatı Qarabağ probleminin gündəlik müzakirə olunmasını vacib sayıb
Paralel.az xəbər verir ki, erməni parlamentinin müxalifət fraksiyaları Qarabağ məsələləri üzrə komissiya yaratmağa və mövcud problemlərin həlliylə ciddi məşğul olmağa çağırıb. Müxalifətdəki “Şərəfim var” və “Hayastan” parlament fraksiyaları 12 komissiyanın yaradılmasıyla əlaqədar səlahiyyətlilərlə həmfikir olduğunu, həmçinin, Qarabağ məsələləri üzrə yeni komissiya qurmağı, sağlamlıq və sosial məsələlər üzrə komissiyanı bölüşdürməməyi təklif ediblər. Bu təkliflə “Şərəfim var” nümayəndəsi Hayk Mamidjanyan çıxış edib. O, komissiyanın koordinasiya məsələləri ilə məşğul olacağını, social-siyasi, hərbi, diplomatik, danışıqlar prosesində, eləcə də bir sıra digər vacib sahələrdə yardım göstərəcəyini deyib. Deputat vurğulayıb ki, Qarabağ problemləri gündəlik müzakirə olunmalıdır. O, həmçinin, deyib ki, həmin komissiya delimitasiya təcrübəsinin öyrənilməsi məsələləriylə də məşğul olmalı və bu təcrübədən Ermənistanla Azərbaycan, habelə Dağlıq Qarabağ və Azərbaycan arasındakı sərhədin müəyyən edilməsində istifadə etməlidir: “Bütün ixtisaslaşdırılmış komissiyalar Dağlıq Qarabağla bağlı məsələlərlə məşğul olmalıdır. Bu, ölkə vətəndaşlarına - deputatdan əsgərə qədər hamıya aiddir. Bizim xarici əlaqələr üzrə komissiyamız olsa da, bu, Avropa və Avrasiya inteqrasiya məsələlərinin mövcudluğunu istisna etmir”. Müxalifətçi millət vəkilinin fikrincə, bu komissiyanın formalaşdırılması beynəlxalq aləmə ciddi mesaj olacaq.
Nigar