Yanğına etinasız yanaşmayın!

 

 

Yanğına etinasız yanaşmayın!  
 

Yanğınlar son dönəmin gündəmini zəbt etsə də, onun hansı səbəblərdən baş verməsi və digər məqamlar gün üzünə çıxarılmır. Yalnız hadisə baş verərkən, onun nədəni, səbəblər, mülahizələr meydana çıxır və gündəm mövzusuna çevrilir. Bu kimi hadisələrdə qəsd-qərəzlik, terror və digər səbəblər, ehtimallar da var. Lakin elə yanğınlar da olur ki, onun adını məsuliyyətsizlik və ehtiyatsızlıq qoymaq daha düzgün olardı.

Elə bugünlərdə paytaxt vətəndaşı şahidi olduğu bir hadisədən danışıb.
Paralel.az xəbər verir ki, paytaxtın əsas, mərkəzi hissəsində, konkret olaraq, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığındakı binalardan birinin arxasında azyaşlı uşaqlar ocaq qalayıb. Ocağın yayın istisində, özü də ərazidən keçən qaz borusunun düz altında yandırılmasını başa düşməyən vətəndaş birbaşa uşaqlara yaxınlaşıb. Dörd-beş nəfər, müxtəlif yaş qrupuna daxil olan oğlan uşaqları da həmin ərazidə daim ocaq qaladıqlarını deyiblər. Sözsüz ki, hadisənin şahidi onları bu adətdən çəkindirmək üçün bir xeyli öyüd-nəsihət, məsləhət verib. Amma uşaqların bəzisi onu dinləsə də, digərləri əhəmiyyət vermədən ətrafda atılıb qalan kardon hissələrini, quru budaqları, yarpaqları ocağın üstünə ataraq heç nə olmamış kimi hərəkət ediblər. Bu hərəkətin evdəkilərin bilib-bilməməsinə gəlincə, uşaqlar deyib ki, anamız bizə heç nə demir, danlamır: “Axı burda nə var ey? Biz həmişə burda ocaq qalamışıq, heç nə də olmayıb!”.

Doğrudur, bəzən heç nə olmur. Lakin xoşagəlməz hadisə də elə birdən-birə olur. Daim ocaq qalayan və onun hisini üst-başında daşıyan uşaqların valideynlərinin fikrinin harda olduğunu bilməsək də, istənilən şəxsin iybilmə duyğusunun mövcudluğunu bilirik. O mənada, küçədən keçən şəxsin narahatlığının birbaşa valideynlərdə olması vacibdir. Bu narahatlıq olmasa, küçədəki qalanan ocaqdan az halda bir bina, qaz turbasının partlamasından isə bütöv ərazi zərər çəkə bilər.

Nigar

0.015037059783936