Səmərəsiz maarifçilik yaxud, sərtləşdirilən qadağalar...

Səmərəsiz maarifçilik yaxud, sərtləşdirilən qadağalar...
 

Mənzil olur gəh mənə viranələr,-

Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib

Çox tühaf insan görürəm, qorxmuram.

 

Leyk, bu qorxmazlıq ilə, doğrusu,

Ay dadaş, vallahi, billahi, tallahi,

Harda müsəlman görürəm, qorxuram!..

 

Bisəbəb qorxmayıram, vəchi var:

Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,

Qorxuram, qorxuram, qorxuram!..

 

Hə millət, mən də son zamanlar bu canım məmləkətdə baş verənləri, daha doğrusu, bəzi müsəlman qardaşlarımın fikirlərini eşidirəm, qorxuram, vallahi, billahi qorxuram...

Söhbət koronavirus pandemiyası ilə bağlı qərarların sərtləşdirilməsi fikirlərinin gündəmdə dolaşmasından gedir. Bilirsiniz ki, Fatmanisə xala bazarda dilinə nə gətirirsə, səhərisi Operativ Qərargah və TƏBİB onu gerçəkləşdirmiş olur. Bu Fatmanisə də, pandemiya başlayandan susmaq bilmir ki, bilmir, onu görüm karona tutusun!.

Bilirsiniz ki, mən hər zaman hər hansı bir qadağanın, onun sərtləşdirilməsinin, cərimə və rüsumların artırılmasının tam əleyhinə olmuşam və bu gün də həmin mövqedə qalıram. Çünki bu hallar heç də hər zaman səmərəli nəticə vermir. Sadəcə olaraq, bu artımlardan və sərtləşmələrdən gəlir mənbəyi kimi istifadə etmək arzusunda olan insanlar ordusu meydana gəlir. Yəni, "koxanı gör, kəndi çap". Bunu ilk dəfə kim deyib bilmirəm, amma, məsələ aydındır, qanunlar və qadağalar onun üçündür ki, onları pozasan.

Azərbaycan isə bu baxımdan dünya dövlətləri arasında ilk yeri tutur. Bu da Tokio olimpiadası deyil ki, axırıncı pillədə olasan. Mövzudan uzaqlaşmayaq, yoxsa olimpiadada medal qazana bilməyən idmançılarımız koronadan incik düşərlər.

Bu gün məmləkətimizdə koronavirus pandemiyasına qarşı daha sərt qaydaların tətbiqinı tələb edən, yaxud mövcud qaydaların sərtləşdirilməsinin qaçılmaz olduğunu iddia edənlər var. Hesab edirəm ki, bunun da əsas səbəbi, artıq 2 ilə yaxın zaman kəsiyində bu virusun fəsadları və ondan qorunmanın doğru-dürüst yolları barədə ölkəmizdə normal maarifləndirmə işinin aparılmamasıdır.

Azərbaycanda onlarla Qeyri-Hökumət Təşkilatı (QHT) var ki, onların bilavasitə vəzifəsi, insanlar arasında maarifləndirmə işinin aparılmasıdır. Məhz buna görə də, onlar dövlətdən, həm də beynəlxalq donar təşkilatlarından qrantlar (pul) alırlar. Bu pullar isə maarifləndirmə, təbliğat-təşviqat işlərinə deyil, həmin təşkilatların rəhbərlərinin və yaxınlarının maddi ehtiyaclarının ödənməsinə sərf olunur. Eləcə də, maarifləndirmə sahəsində ilk sırada  yer tutmalı olan Azərbaycan mediası da, sanki donmuş vəziyyətdədir, OQ-nin və TƏBİB-in xəbərlərini təkrarlamaqdan başqa heç bir fəaliyyəti hiss olunmur. Səmərəsiz maarifçiliyin isə sonu heç də yaxşı nəticələrlə bitmir. İnsanlar, cəmiyyət çaşqınlıq içində qalır. Məsələn, bugün insanlardan kütləvi vaksinasiya tələb olunur, eyni zamanda rəsmi şəkildə bəyan edirlər ki, vaksin olunmaq könüllüdür.

Mən deməyim, siz deyin, sadə insanlar bunu necə başa düşməlidirlər- hamı vaksin olunmalıdır, yoxsa, kim istəmir vaksin olunmaya bilər? Hesab edirəm ki, dövlət, yəni Nazirlər Kabineti yanında Operativ Qərərgah və TƏBİB bu məsələdə konkret qərar qəbul etməlidir- filan yaşdan, filan yaşa qədər bütün əhali vaksinasiyadan keçməlidir, heç bir könüllülükdən isə söhbət gedə bilməz. Vəssalam! Yoxsa ki, vaksin vurdurmaq könüllüdür deyib sonra da  vaksin vurdurmayan insanlar işə buraxılmır, tələbələr dərsə buraxılmayacaq, vaksin vurdurmadan toya getmək olmaz, hətta bəy-gəlin belə, istisna deyil. Bunu əhaliyə açıq deməkdən nə üçün çəkinirlər, bilmirəm. Buna deyirlər, könüllü məcburiyyət, bunun başqa adı yoxdur.

Bir məsələyə diqqət edək. Qadağalar ola bilər, amma, bu qadağalar toya gələn vətəndaşı qolundan tutub toyxanadan bayıra atmaq, bəylə gəlini toyxanaya burapxmamaq kimi qeyri-etik, qeyri-insani formalarda olmamalıdır. Qadağaları elə bir formada tətbiq etmək lazımdır ki, insanlar bundan əziyyət çəkməsinlər, özlərini təhqir olunmuş, alçaldılmış kimi hiss etməsinlər.

Başqa bir məsələ odur ki, ölkəmizdə vaksin vurdurmaq könüllüdürsə, polis hansı əsasla məni toy olan məkana buraxmaya bilər? Bu qadağanı tətbiq edənlər, bunun açıqlamasını verməlidirlər. Ya etiraf etməlidirlər ki, ölkəmizdə vaksin vurdurmaq məcburidir, yaxud da polisin vətəndaşlardan vaksin pasportu tələb etməyin qarşısını almalıdırlar. Bu gün tətbiq olunan üsul isə sözün bütün mənalarında ölkədə polis-vətəndaş qarşıdurması yaratmağa xidmət edir.

Vətəndaşlar etiraf edirlər ki, bəzi yerlərdə polis müəyyən məbləğ (rüşvət) qarşılığında toylara heç bir müdaxilə etmir. Əlimdə konkret faktlar olmadığından bu barədə danışmaq istəmirəm. Amma onu da deyirlər ki, polisin aldığı rüşvəğ həm də restoran və şadlıq evlərinin menyularına təsir edir. Belə ki, restoran sahibi toyun polislərin müdaxiləsindən qorumaq adı ilə toy sahibindən müəyyən məbləğdə pul tələb edir ki, o da toyun xərclərinin armasına səbəb olur.

Bütün bunların qarşısını almaq olar, bu ilk növbədə insanların özlərindən asılıdır. Heç kim restoran sahibinin tələbinə boyun əymək zorunda deyil, menyunu özü seçə bilər ki, mən qonaqlarıma bunu verirəm, vəssalam. Yayın bu istisində stola düzülən müxtəlif adda salatlar və kolbasalar kimə və nəyə (restoran sahibinə qiymət artırmaq üçün, başqa heç kimi) lazımdır? Restoranda işləyən işçilər də etiraf edirlər ki, bu sektorda çalışan sahibkarların əsas gəliri, salatlardan və soyuq qəlyanaltılardan çıxır. Bügünkü vəziyyəti nəzərə alaraq, bütün bunlara məhdudiyyətlər tətbiq edilməlidir. Menyular bir neçə dəyərdə ola bilər. Məsələn, 25, 30 və 50 manat, bundan yüksək məbləğdə menyuların tətbiqinə isə ümumiyyətlə qadağa qoyulmalıdır.

Diqqət edin, İranda, Türkiyədə, Hindistanda və demək olar ki, dünyanın bütün sivil cəmiyyətlərində, toylarda bizdəki qədər israfçılığa yol verilmir. Elə yerlər də var ki, orada toyda sərin içkilər və koktellərdən başqa heç bir yemək verilmir. Bütün bunları biz də öz adət və ənənələrimizdən yararlanaraq tənzimləməliyik. Korona bir çox qəbahətlərimizi üzə çıxardı. Onlardan ən əsası da bizim nə qədər qanunlara sayğısız olduğumuzu ortaya qoydu. Ən ağrılı yerimiz də budur, zatən. Polis və digər nəzarətedici qurumlar da, bizim bu şakərimizdən istifadə edərək, öz ciblərini doldurur, imkansızları isə çətin duruma salırlar. 

 P.S. Polisin toylara müdaxiləsi ilə bağlı insanlar arasında gəzən söz-söhbətlər isə ciddi araşdırma tələb edir. Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələni araşdırmalıdırlar, ələlxusus da rayonlarda. Çünki polisin rüşvət müqabilində göz yumduğu qayda pozuntuları, son nəticədə, dövlət və millət üçün böyük fəsadlar yarada bilər.

 Yusif Seyid

0.015980005264282