FATİHƏ SURƏSİNİN MESAJLARI
1) SURƏNİN TÜRKCƏ MƏTNİ
Bismillah-ir Rəhman-ir Rəhim
Həmd bütün aləmlərin Rəbbi Allaha məxsusdur.
O, özündə (zatında) mərhəmətli, işində mərhəmətlidir.
O, hesab gününün (din gününün) hakimidir (malikdir).
(Rəbbimiz!) Yalnız Sənə qulluq etdiyimiz üçün yalnız Səndən yardım istəyirik!
Bizi doğru yola, nemət verdiklərinin yoluna yönəlt!
Qəzəbə düçar olanların, azmışların yoluna deyil!
2) “FATİHƏ” SÖZÜNÜN MƏNASI
“Fatihə” sözü ərəbcədir, “f-t-h” kökündəndir. Qurani-Kərimdə bu kökdən törəyən sözlərin sayı otuz səkkizdir. Təfsir alimləri bu kəlmələrə bağlamına görə (yerinə görə) “hökm”, “məhkəmə”, “qərar”, “yardım etmək”, “əzab göndərmək”, “açmaq”, “zəfər”, “bilgiləndirmək”, “öyrətmək”, “açıqlamaq” anlamlarını yükləmişlər. Qurani-Kərimin üç ayəsində “məfatih” sözü var (Ənam, 6/59; Nur, 24/61; Qəsəs, 28/76), “miftah” sözünün cəmidir, “açarlar” anlamını daşıyır.
Böyük dilçi alim Rağib əl-İsfahani “fəth” sözünə bu anlamları vermişdir: “gizlilik və qeyri-müəyyənliyi yox etmək”. Bu da iki yerə ayrılır:
- gözlə görülən varlıqdakı gizliliyi, qeyri-müəyyənliyi yox etmək, məsələn, qapını, pəncərəni, qıfılı, bir əşyanın üstünü açmaq: “Yüklərini açınca qarşılıq olaraq götürdükləri mallarının onlara verildiyini gördülər” (Yusuf, 12/65), “Onlara göydən bir qapı açsaq da, oradan yuxarı çıxsalar” (Hicr, 15/14).
- bəsirətlə (qəlb gözü, ağılla) görülən gizliliyi, qeyri-müəyyənliyi yox etmək, məsələn, sıxıntını, üzüntünü, mənəvi darlığı aradan qaldırmaq: “Onlar özlərinə xatırladılan şeyləri unudanda Biz də onlara hər şeyin qapılarını açdıq” (Ənam, 6/44). “Əgər o ölkələrin xalqları iman edib, pisliklərdən çəkinsələrdi, göyün və yerin bərəkət qapılarını üzərilərinə açardıq” (Əraf, 7/96).
Alimə görə, qapalı elmləri açmaq da fəthdir, məsələn, bir alim bir qapalı elmin qapısını açar, problem olan bir məsələni həll edər. Uca Allah buyurur: “Biz sənə apaçıq fəth verdik” (Fəth, 48/1).
Bir sıra alimlərə görə, uca Allah bu ayə ilə Məkkənin fəthini müjdələmişdir. Başqa bir qrup alim isə deyir ki, burada fəthdən məqsəd Allah Rəsuluna açılan elmlər, savaba vəsilə olan yollar, günahların bağışlanmasına səbəb olan gizli məqamlardır.
Rağib əl-İsfahani deyir ki, fatihə bir şeyin (məsələn, kitabın) sonrasını açan başlanğıcdır (girişdir): “Allahın insanlara açdığı bir rəhmətə heç kimsə mane ola bilməz” (Fatır, 35/2; Rağib əl-İsfahani, “Müfrədat”, İstanbul, 2012, s. 775-777).
Qurani-Kərimin bu ayələrində “fəth” sözü “hökm”, “qərar günü”, “hökm vermək” anlamlarını daşıyır: “De ki, fəth günü o kafirlərə imanları fayda verməz, onlara möhlət də verilməz” (Səcdə, 32/29). “Əgər siz fəth istəyirsinizsə, sizə fəth gəldi” (Ənfal, 8/9).
“Fatihə” sözü ilə eyni kökdən olan “miftah” (cəmi “məfatih”) kəlməsi “açarlar” anlamında bu ayələrdə işlədilmişdir: “Qeybin açarları Onun yanındadır” (Ənam, 6/59). “O, qeybi biləndir. Qeybi (görünməz bilgi xəzinəsini) kimsəyə açıq tutmaz, seçdiyi bir elçidən başqa” (Cin, 72/26-27).
“Fatihə” sözünün əsli “fatih”dir, sifətdir, bu kəlməni ismə çevirmək üçün sonuna “ta” artırılmışdır.
Fatihə Qurani-Kərim adlı söz, dəyər, hikmət xəzinəsinə gedən yolun ana qapısı, girişi, ilk addımıdır.
Şərhləri bir araya toplasaq, deyə bilərik ki, “fatihə” sözünün anlamı “ilk”, “əvvəl”, “başlanğıc”, “bir kitabı, bir şeyi açan şey”, “ön söz”, “sözün başı”, “ilk açılacaq yer”, “açan”, “açılış”, “girilmək istənilən yerin qarşısında olan maneələri aradan qaldırmaq, hədəfə uyğun olaraq o yerə girmək”, “özünü açan”, “başqa bir şey açan”dır.
“Fatihə” sözünün ziddi “xatimə”dir, “son söz”dür. “... Bir şeyin əvvəlinə “fatihə” deyilməsi onların (ondan sonra gələn bölmələrin) tamamının açılmasına (fəthinə) vasitə olmasındandır. Tədricən söylənən sözlər, oxunan cümlələr, sayılan yarpaqlar kimi... Bu şəkildə, yəni addım-addım, yavaş-yavaş, dərəcə-dərəcə, parça-parça gerçəkləşən bir şeyin əvvəlinə “fatihə” deyilir” (Əbussuud təfsiri, İstanbul, 2006, c. I, s. 46).
Fatihə surəsi Qurani-Kərimin ön sözü, özəti, canıdır, bir anlamda Qurani-Kərimin bütün ayələri Fatihə surəsini təfsir edir.
3) FATİHƏ SURƏSİNİN NAZİL OLDUĞU YER VƏ ADLARI
Fatihə surəsi Məkkədə nazil olmuşdur, Məkki surədir, nüzulu (endirilişi) miladi təqvimlə 610-cu ildir. Bunun dəlili möminlərin fatihəsiz namaz qılmamasıdır. İkinci dəlili ilk nazil olan Ələq surəsinin onuncu ayəsində namazdan söz edilməsidir (Ələq surəsinin ilk beş ayəsi Qurani-Kərimin nazil edilən ilk ayələridir, surənin sonrakı ayələri ilə bu ayələr arasındakı zaman fərqi çox deyil). Üçüncü dəlili Hicr surəsinin Məkkədə nazil olduğunun dəqiq bilinməsidir. Bu surənin səksən yeddinci ayəsində olan “səbən min əl-məsani” (“təkrarlanan, ikiqütblü yeddilik”) ifadəsi Fatihəyə işarə edir. Rəvayət edilir ki, bu dəyərləndirmə Allah Rəsuluna aiddir.
Bir sıra alimlər Fatihə surəsinin Mədinədə, başqa bir qrup alim isə birincisi Məkkədə, ikincisi Mədinədə olmaqla iki dəfə nazil olduğunu iddia etmişlər. Bu iddiaların heç bir əsası yoxdur, iddiaların səbəbi surənin nüzulu ilə bağlı fərqli, bir-birinə zidd rəvayətlərdir. Fatihə surəsi iki dəfə nazil olsa idi, Qurani-Kərimdə iki dəfə yer tutardı.
Fatihə bütün ayələri eyni anda nazil olan ilk surədir (bir sıra surələrin ayələri fərqli zamanlarda nazil olmuşdur, hz. Əli Fatihənin nazil edilən ilk vəhy olduğunu bildirmişdir), həm nüzula görə, həm də rəsmi sıralamada ilk yeri tutur.
Fatihədən öncə nazil olan ayələr var, ancaq surə, ya da surələr yoxdur. Fatihədən öncə nazil olmuş Ələq, Müzəmmil, Müddəssir surələrinin heç birinin bütün ayələri bir dəfəyə nazil olmamışdır. Allah Rəsulu Fatihə surəsini “Fatihatül-Kitab” (“Kitabın ön sözü”) adlandırmış, onun Qurani-Kərimin əvvəlinə qoyulmasını buyurmuş, namazlarını Fatihə ilə qılmış, onunla qılınmasını da əmr etmişdir.
Fatihə surəsinin adları çoxdur. Adların çoxluğu ad sahibinin şərəfini göstərir. Fatihə surəsinin bu adları təsbit edilmişdir:
- “Fatihətül-Kitab” (“Kitabın ön sözü, başlanğıcı, girişi”) – Qurani-Kərim, namazda qiraət (oxu), Qurani təlim və tərbiyə bu surə ilə başladığından, surədəki “həmd” kəlməsi hər sözün başı olduğundan (mömin sözünə uca Allaha həmdlə başlayar), bütün ayələri bir arada (bir dəfəyə) nazil edilən ilk surə olduğundan bu adı almışdır;
- “Həmd surəsi” (“uca Allaha öygü surəsi”, sözlərin ən gözəli Ona aiddir, öyülməyə layiq tək varlıq Odur) - Fatihə surəsinin əvvəlində “həmd” sözü var, “Həmd surəsi” adlanmasının səbəbi də budur;
- “Ümmül-Quran” (“Quranın anası, əsli, özü”) – bir şeyin anası onun əslidir. Qurani-Kərimin məqsədi dörd ana məsələni təbliğ etməkdir: uca Allahın zatı və sifətləri ilə bağlı məsələlər, axirətlə bağlı məsələlər, nübuvvət, yəni elçilik qurumu ilə bağlı məsələlər, qədər qanununun uca Allaha aid olduğu ilə bağlı məsələlər. Bu sıraya ədaləti də aid etmək olar. Qurani-Kərimin bu beş ana mövzusu Fatihə surəsində yer tutduğundan o, bu adı almışdır;
- “əs-Səbul-məsani” (“təkrarlanan yeddilik”) - Fatihənin bu adı almasının səbəbi Hicr surəsinin səksən yeddinci ayəsidir: “And olsun ki, Biz sənə təkrarlanan yeddi ayəni və bütünü ilə uca Quranı verdik”. Alimlərin (uca Allah hamısından razı olsun) demək olar ki, hamısı “təkrarlanan yeddilik” ifadəsinin Fatihəyə aid olduğunu bildirmişlər. Fəxrəddin ər-Razi (uca Allah ondan razı olsun) Fatihənin bu adla adlandırılmasının səbəblərini səkkiz maddədə belə açıqlamışdır:
Birincisi, bu surə ikiyönlüdür, yarısı qulun Rəbbini həmd etməsi (öyməsi), yarısı da Rəbbin quluna ehsanıdır (“məsani” sözündə “iki-iki”, “ikihissəli” mənası da var);
İkincisi, Fatihə məsanidir, o, namazın hər rükətində təkrarlanır;
Üçüncüsü, Fatihə məsani surədir, o, başqa səmavi kitablarda yoxdur. Allah Rəsulu buyurur: “Canım qüdrət əlində olan Allaha and içirəm ki, nə Tövratda, nə İncildə, nə Zəburda, nə də Furkanda bu surə kimisi endirilmədi. Bu surə əs-Səbul-məsani və Qurani-Əzimdir”; (Tirmizi, “Təfsiri-surə”, 15; Müsnəd, 5/114)
Dördüncüsü, Fatihə məsanidir, yeddi ayədir. Hər ayənin oxunması Quranın yeddidə birinin oxunması anlamına gəlir. Fatihə surəsini oxuyana Qurani-Kərimi başdan sona oxuyanın savabı verilir;
Beşincisi, bu surənin ayə sayı yeddidir. Cəhənnəmin də yeddi qapısı var. Kim surəni oxumağa başlarsa, bu yeddi qapı bağlanar. Bunun dəlili var: rəvayətə görə, Cəbrail Allah Rəsuluna belə demişdir: “Ey Məhəmməd! Ümmətinə uca Allahın əzab edəcəyindən qorxardım. Elə ki Fatihə surəsi nazil oldu, bu qorxum yox oldu...”
Altıncısı, Fatihə məsanidir, o, namazda oxunur, ondan sonra başqa bir surə də oxunur, nəticədə, Fatihə namazda iki surənin oxunmasına yol açır;
Yeddincisi, Fatihə məsanidir, o, uca Allaha öygüdür (həmddir);
Səkkizincisi, Fatihə məsanidir, uca Allah onu iki dəfə endirdi (bu görüşün doğru olmadığını bir daha vurğulayaq); (Fahruddin ər-Razi, Tefsiri-kebir, büyük Kuran tefsiri (“Mefatihul-Gayb”), İstanbul, 2013, c.I, s. 248-249)
- əl-Vafiyə (yetərli olan) – “Vafiyə”nin mənası bölünməni qəbul etməyəndir. Qurani-Kərimin bütün surələrinin yarısını namazın birinci rükətində, yarısını da ikinci rükətində oxusan, caizdir (doğrudur), Fatihəni eyni biçimdə oxumaq olmaz (caiz deyil);
- əl-Kafiyə (yetərli, tamam) – bu surə başqa surələrin yerini tutar, ancaq başqaları onun yerini tuta bilməz. Allah Rəsulu buyurur: “Ümmül-Quran (Fatihə) başqa surələrin yerini tutar, ancaq başqa surələr onun yerini tutmaz”;
- əl-Əsas (təməl) – Fatihəyə əl-Əsas adının verilməsinin səbəbləri var: a) Fatihə Qurani-Kərimin ilk surəsidir, o, bir təməl, əsas, bünövrədir, Qurani-Kərim onun üzərində ucalmışdır; b) surə qayələrin ən şərəflisini ehtiva edir, bu, onun təməl sayılmasına yol açır; c) imandan sonra ibadətlərin ən dəyərlisi namazdır, bu surə iman və namazı tamamlayan məsələləri əhatə edir;
- əş-Şəfa – Allah Rəsulu buyurur: “Fatihə surəsi hər zəhərə (mənəvi zəhərlər) qarşı şəfadır (dərmandır), o, ümmül-Qurandır, hər xəstəliyə (mənəvi xəstəliklərə) şəfadır”;
- əs-Səlat (namaz, dua) – Allah Rəsulu buyurur: “Uca Allah buyurmuşdur: “Səlatı (Fatihəni) Mənimlə qulum arasında ikiyə ayırdım”. Fatihənin ilk hissəsi qulun uca Allaha həmdi, ikinci hissəsi Onun quluna ehsanıdır;
- əs-Sual (istək, tələb) – Fatihə uca Allahın tərifi (həmdi) ilə başlayır. Bu bölmə “əl-həmdü”dən başlayır, “maliki yəvmid-din”də qurtarır. Sonra uca Allaha qulluq (ubudiyyət) ifadə edilir, bu, “”iyyəkə nəbudu və iyyəkə nəstəin” ayəsidir (“yalnız Sənə qulluq edər, yalnız Səndən yardım istəyərik”). Sonra qul uca Allahdan hidayət istəyir – Bizi doğru yola (hidayətə) yönəlt - hidayətin ən böyük nemət olduğunu vurğulayır, deyir ki, insan uca Allahdan tək bir şey istəmək imkanına sahib olsa, hidayət istəməlidir;
- əş-Şükür – Fatihə insana uca Allaha şükür etməyi öyrədir, hər şeyini Ona borclusan, ey insan, deyir, insan olaraq yaradılmağın şükürü Ona təslim olmaqdır;
- Surətüd-dua (dua surəsi) – bu surədə: “Bizi doğru yola yönəlt” kimi dua ayəsi var;
- əl-Kənz (xəzinə) – Fatihə mənalar xəzinəsidir. Hz. Əli buyurur ki, Fatihə surəsi Ərşin altındakı xəzinələrdən enmişdir;
- Təlumul-məsələ - Fatihə uca Allahdan istəməyi öyrədən surədir;
Ardı var...
Siracəddin Hacı