Yardımlının Honuba meşələrini kim yandırıb?

Yardımlının Honuba meşələrini kim yandırıb?
 

Ölkədəki məqsədli meşə yanğınlarının qarşısını almaq mümkündür

Paralel.az xəbər verir ki, Azərbaycan mediasının gündəmini qardaş Türkiyədə baş verən kütləvi meşə yanğınları zəbt etdiyi bir dövrdə, ara-sıra Azərbaycan meşələrində də yanğınların baş verməsi barədə məlumatlar gəlməkdədir. Məsələn, bu günlərdə Yardımlı meşələrində yanğının baş verdiyi barədə xəbərlər gəldi. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən verilən məlumata görə, Yardımlı rayonunun Honuba kəndi yaxınlığında meşə zolağında yanğın avqustun 2-də başlayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Gün ərzində yanğın söndürülsə də zeyli ərazidə meşə massivi məhv olub. İlkin məlumata əsasən, təxminən 15 ha sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır. Bildirilir ki, yanğına məruz qalan meşə massivi mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyinə görə yanğının cilovlanması çətin olub.
Yerli sakinlərdən aldığımız təsdiqlənməmiş məlumata əsasən meşə yanğını məhz meşənin hansısa sahibkarın icarəsində olan hissəsində baş verib. Çox təəssüf ki, ərazini icarəyə götürən sahibkarın kimliyini müəyyənləşdirə bilmədik. Diqqətli oxucular yəqin ki, bir vaxtlar Lənkəranda "Beta" MMC icarəyə götürdüyü meşəni tamamilə qırıdığını unutmayıblar, bu barədə cinayət işi də qaldırıldı. Amma işin son aqibəti ilə cəmiyyət məlumatlandırılmadı. Ekologiya və Təib Sərvətlər Nazirliyindən bildirilir ki, Lənkəran meşələrində qırılan ərazilərdə körpə meşə salınıb. Amma yerli əhali bildirir ki, həmin ərazilərdə turizm obyekti tikilib. Adətən sahibkarlar bu üsulla meşə ərazisini mənimsəyərək orada turizm obyektləri açırlar. Sakinlərin sözlərinə görə, Yardımlı rayonunun Honuba kəndi ərazisində baş verən yanğın nəticəsində 30 ha-ya qədər ərazidəki bütün ağaclar yanaraq məhv olub. Bu ərazilərin gələcək taleyi necə olacaq, çox maraqlıdır...

Ümumiyyətlə, meşə yanğınlarını təsnifləşdirsək, onları üç yerə bölmək olar: təxribat xarakterli, təsadüfi və məqsədli şəkildə. Azərbaycanda birinci kateqoriya - yəni qardaş Türkiyədəki kimi meşə yanğınları mövcud deyil. Təsadüfi yanğınlar isə adətən turizm obyektlərinin ətrafında və yol kənarlarında siqaret atılmasından və ya hər hansı bir məqsəd üçün qalanan tonqal səbəbindən baş verir ki, bunundan da sığortalanmaq mümkün deyil. Amma məqsədyönlü yanğınlardan yaxa qurtarmaq mümkündür. Belə ki, Lənkəran meşələrində baş verən məqsədli qırğılar, Yardımlıda ehtimal edilən məqsədli yanğın törədilən və bu kimi dəgər ərazilər sonradan qəti olaraq hansısa sahibkara başqa məqsədlər üçün verilməməlidir. Həmin ərazilər nazirlik səviyyəsində nəzarətə götrülməli və meşə mütləq o ərazidə tam bərpa edilməlidir. Bu cür praktika formalaşdıqdan sonra heç kim vəsait sərf edib məqsədli meşə yanğınları törətməyəcək və ya onu qırmayacaq, çünki əraziyə göz dikən sahibkar anlayacaq ki, yanğından sonra ərazini ona başqa məqsədlər üçün verməyəcəklər, üstəlik cərimə ediləcək.

Akif

0.018631935119629