Müxalifəti olmayan dövlət dövlət deyil

Müxalifəti olmayan dövlət dövlət deyil
 

Paralel.az xəbər verir ki, xalq artisti Flora Kərimovanın “Daha müxalifətçiliyə yer qalmayıb” fikri müxalif düşərgədə birmənalı qarşılanmayıb.
Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli onun bu fikirlərini tənqid atəşinə tutublar.
Məsələ ilə bağlı danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Flora Kərimova ilə bir müddət əvvəl aralarında yaşanan qalmaqaldan bəhs edib:

“Flora Kərimova ilə bağlı məsələ mənim üçün çox həssas mövzudur. Çünki təxminən 6 ay bundan əvvəl – Əbülfəs Qarayev işdən çıxarılan ərəfələrdə onunla qalmaqal yaşamışdım. Flora xanım bir müsahibədə Əbülfəs Qarayevi “baltaladığımı” iddia etməyə başladı. Heç bir mənbə göstərmədən, gözləmədiyim anda mənə “hücum” etdi. Onunla uzun illər aramızada salam-sağ ol, bir-birimizə böyük hörmətimiz olub. Flora Kərimova ilk dəfə 1974-cü ildə mənim filmimdə – “Qeyri-adi ov” filmində mahnı oxuyub. Hər zaman bir-birimizi görəndə görüşüb, öpüşmüşük. Birdən-birə sosial şəbəkə hesabında mənə ağzına gələni dedi, guya mən işdən çıxarılan naziri “baltalamışam”, məddahlıq, nakişilik eləmişəm… Flora xanım bilir ki, bu sözləri mənə demək olmaz, heç Allah da mənə elə sözlər deyə bilməz, desə də cavabını alar.

Onun mənim haqqımda yazdığı təhqirləri oxuyanda məəttəl qalmışdım. Ona yazılı cavab verdim, dedim ki, ya mənə mənbə göstərin, ya da üzrxahlıq edin. Bundan sonra onun adamları töküldülər üstümə. Dedilər ki, “Flora xanım dahidir”. Flora yaxşı sənətkardır, amma dahi deyil. Gözəl sənətin olmasının adamlığa, şəxsiyyətə heç bir dəxli yoxdur. O, heç bir əsas olmadan məni təhqir etməyə başladı. Mənim xidmətim Flora Kərimovadan 10 dəfə çoxdur. Yazdığım əsərlər, çəkdiyim filmlər, adım-sanım yüz qat ondan böyükdür. O xanımdır deyə çox cavab verib məsələni uzatmadım. Hətta bir həftə əvvəl onun ad günündə mənə saytlardan zəng vurdular, mən onu təbrik etdim. Heç təbrikimə cavab da vermədi, yəqin ki, mətbuatı oxumur”.
Kinorejissor Flora Kərimovanın müxalifətlə bağlı dediyi fikirlərlə razılaşmayıb:
“O ki qaldı müxalifət məsələsinə, bu məsələdə onunla razılaşmıram. Ola bilər ona kimsə nəsə deyib, o da araşdırmadan, bilmədən cavab verib. Ay Flora xanım, belə məsələlərdə bir az diqqətli olun, sizin 80 yaşınız var, artıq axirətinizi fikirləşməlisiniz, bu dünyanın şərinə, böhtanına gərək qarışmayasınız. Bu yaşda bu nə mövqedir axı? Müxalifəti olmayan dövlət dövlət deyil. Söhbət saxta müxalifətdən yox, xalqın mövqeyində olanlardan gedir. Əgər bizdə xalqın, dövlətin maraqlarının yanında durmayan müxalifət varsa, bu dövlətin və müxalifətin problemidir, Flora xanımın yox. O, təkbaşına Azərbaycanda hansı havanı yarada bilər ki?! Son vaxtlar Sərdar Cəlaloğlunun, Tural Abbaslının açıqlamalarını, fikirlərini oxuyuram və çox bəyənirəm. Azərbaycan müxalifətinə məhz belə adamlar lazımdır”.
Xalq artisti F.Kərimovaya müraciət edərək aralarındakı umu-küsülüyü bir tərəfə qoymağı təklif edib:

“Keçmiş salam-kəlam xatirinə ona bir daha müraciət edib, keçmiş ad gününü təbrik edirəm. Flora xanım, əzizim, bizim nəsildən olan məşhurlar arasında 5-6 nəfər qalmışıq. Yarpaq tökümü artıq başlayıb, bizlər ağacda ilişib qalan yarpaqlarıq, gəlin, kiminsə sözü ilə bir-birimizə böhtan atıb, təhqir etməyək”.

0.017910003662109