Əlinəzərli camaatının su problemi haçan həll ediləcək?
Məsələ ilə əlaqədar olaraq "Azərsu" ASC-dən cavab gözləyirik
Paralel.az xəbər verir ki, Beyləqan rayonunun Orta Əlinəzərli kəndi son 70 illik tarixində heç vaxt sudan korluq çəkməyib. Sovetlər dönəmində kəndin ərazisində dörd artezyan quyusu qazılıb. Bu quyulardan ikisini müxtəlif vaxtlarda kəmərə alaraq həyətlərə içməli su çəkilib. Birinci kəmər ötən əsrin 70-ci, ikinci kəmər isə 80-ci illərində çəkilib. Artıq birinci kəmər tam, ikinci kəmər isə qismən sıradan çıxıb. Bu səbəbdən də kəndin əksər hissəsində içməli su təminatı ilə bağlı ciddi problemlər yaranıb. Ona görə də "Azərsu" ASC-nin o zamankı prezidenti Qorxmaz Hüseynov şirkətin bir qrup rəhbər şəxsləri ilə rayona gələndə Əlinəzərli kəndinin camaatı adından kənd ağsaqqalı Əjdər Məmmədov kəndin su problemi ilə bağlı onlara müraciət edib. ASC rəhbərliyi söz verib ki, kənddə su mənbələri varsa, biz tezliklə o kəndin su problemini həll edəcəyik.
Həmin dövrdən bir ilə yaxın vaxt keçsə də, hələ də kəndin su problemi həll edilməyib. Əjdər müəllim bizimlə söhbət zamanı bildirdi ki, ASC-dən gəlib kənddə müşahidə apardılar, müəyyən ölçülər götürdülər, amma elə onunla da iş dayandı, hələ də "Azərsu"dan bir xəbər yoxdur.
Beyləqan rayonunun Əlinəzərli kəndində doğrudan da su problemini həll etmək o qədər də çətin iş deyil, çünki kənddə kifayət qədər su mənbələri var.
Bu "Azərsu" ASC üçün də səmərəli iş olardı, hazır su mənbələrindən həyətlərə su çəkməklə 500-1000 abonent qazanardı ki, onlar da ayda müəyyən məbləğdə su pulu ödəməklə qurumun büdcəsini müəyyən qədər genişləndirərədi.
Şirkətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bizimlə söhbətində bildirdi ki, həftənin ilk iş günündə layihə şöbəsindən maraqlanıb işin hansı mərhələdə olduğu barədə məlumat verəcəm. İki gün də səbr edək, görək Əlinəzərli camaatının su problemi haçan həll ediləcək?
Akif