"Bunu yazım, yazmayım"

 

Torları deşən böyük "balıq"lar

 Bu yazını yazana qədər bir xeyli düşündüm, yazım, yazmayım. Çünki bu gün sosial şəbəkələrdə ən qızğın şəkildə müzakirə olunan mövzulardan biri də, deputat Etibar Əliyevin jurnalistlər üçün tikilən üçüncü binanın şəhid ailələrinə və qazilər verilməsi təklifidir. Deyilənlərə görə, bu təklifi, artıq bir çoxları imzalayıb. Bunu da açıq etiraf edim ki, dünyanın hər yerində dördüncü hakimiyyət kimi qəbul olunan media Azərbaycanda Əli Həsənov, Vüqar Səfərli, Əflatun Amaşov və onların ətrafındakı "media generalları"nın fəaliyyəti üzündən cəmiyyətin ən zəif və kasıb zümrəsinə çevrilib. O dərəcədə zəif ki, heç dövlət də ona arxa, dayaq ola bilmir. Baxmayaraq ki, mətbuat özlüyündə hər bir cəmiyyətin güzgüsü hesab olunur, amma bizim güzgümüz nədənsə hər şeyi əyri göstərir. Çünki dövlət mediaya dəstəyi elə insanlara tapşırdı ki, onların bütün əyrilikləri həmin güzgüdə əks olunaraq, cəmiyyətdə görünməz hala düşdü. Bu insanlar dövlətin medianı inkişaf etdirmək üçün ayırdığı vəsaiti ata malı kimi, qohum-əqrabalarının güzaranının inkişaf etdirilməsinə sərf etdilər və orada jurnalistlərə demək olar ki, yer qalmadı. Buna görə də, mediamız inkişaf etmək əvəzinə daha da geriyə getdi. Mediaya verilən cüzi yardım isə onların susqunluğuna və ələ baxımlığına görə fərqlənib. Bu da Əli Həsənovun həyata keçirdiyi bir forma idi. Kim daha çox ələbaxımlı və süsqundursa, o da mükafatın yekəsini alıb. Son illər bu, artıq adətkarlıq halını almışdı. Məşədi İbad demiş, adətkarlıq da bildiyiniz kimi, çox qəliz məsələdir.

Gəlin açıq danışaq. Tutaq ki, E.Əliyev təklif verdi, bir qrup insan da onu imzaladı, nə olsun? Bu o deməkdir ki, günü sabah jurnalistlər üçün tikilən bina şəhid ailələrinə və qazilərə veriləcək? Əsla yox!

Artıq neçə vaxtdır ki, bina tam hazırdır, ancaq görünəni odur ki, onun ehtiyacı olan jurnalistlərə verilməsi məsələsi hələ də həllini tapmayıb. Yəqin ki, yeni yaranan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MİA) KİVDF-nin yolunu davam etdirmək istəmir və yeni yollar arayır. Bu yolun Ə. Həsənov və V. Səfərli yolundan nə dərəsədə fərqli olacağını isə zaman göstərəcək.

Qayıdaq E. Əliyevin təklifinə. Mən də təklif edirəm ki, onu deputatlıqdan geri çağırsınlar və bunun üçün bir siyahı tutub istənilən qədər imza da toplaya bilərəm. Amma buna heç bir ehtiyac yoxdur.

Mənə belə gəlir ki, bu məsələdə kimlərsə, jurnalistləri və qaziləri üz-üzə qoymaqda maraqlıdır və tərəflərin məsələyə münasibətini öyrənmək istəyir. Bunun üçün də təyinatlı deputatlardan birini seçiblər ki, təklifə etiraz edən jurnalistlər ağzının acısını onun üstünə töksünlər.

Hesab edirəm ki, bu gün mediamızın ən çox müzakirə etməli olduğu məsələ Vüqar Səfərlinin məhkəməsidir. Çünki yüzlərlə jurnalistin haqqını yeyənlər məhz, Ə.Həsənov və V. Səfərli olublar. Onda nə üçün Ə. Həsənov heç bir şey olmamış kimi azadlıqda gəzir?

Gəlin bir şeyi də yaddan çıxarmayaq ki, əslində V.Səfərli kimdir? KİVDF-nin icraçı direktoru. Bu adam sadəcə icraçıdır. Yuxarıdan ona nə deyiblərsə, o da, onu icra edib. Əslində, bugün məhkəmə kürsüsündə Ə.Həsənov və onun V.Səfərliyə göstəriş vermək səlahiyyətində olan ətrafı oturmalı idi. Çünki Ə.Həsənovun əmrinə müntəzir olan V.Səfərlinin çox cüzi səlahiyyətləri olub. Əsas hərəkətverici qüvvə isə Ə.Həsənov olub. Bu gün isə hansısa səbəbdən Ə.Həsənov ümumiyyətlə gündəmdə deyil.

Azərbaycan jurnalistikasında baş verənlərdən az-çox xəbərdar olan və son 10-15 ildə media orqanlarında çalışanlar çox gözəl bilirlər ki, həmin evlərin paylanması zamanı heç bir kriteriyalara məhəl qoyulmayıb. Bunu keçmiş söz sahiblərinə sual etdikdə isə cavabldarı belə olub:" Burada heç bir kriteriyadan söz gedə bilməz, çünki bu evlər prezidentin "ehtiyacı olan"

jurnalistlərə hədiyyəsidir".  Bax, Ə.Həsənov və V.Səfərlinin də ən böyük maraqları, məhz "ehtiyacı olan" jurnalistləri seçməkdə olub. Əslində, heç bir seçim olmayıb. Onlar kimi məsləhət biliblər, onları da siyahıya salıb, prezidentə təqdim ediblər. Ona görə belə əminliklə deyirəm ki, mən artıq 50 ildir Azərbaycan mediasında və poliqrafiyasında külüng döyürəm və bu sahədə baş verənləri 5 barmağım kimi bilirəm. Bununla belə, jurnalistlər üçün tikilən binalarda ev alanların cəmi 50-60 nəfərini şəxsən tanıyıram, ola bilər ki, bir o qədər də tanımadığım, əsasən də televiziyada çalışanlar olsun. Bu da eləsin 100, 120 nəfər. Qalan evlərin hansı əsaslarla verildiyi bu məhkəmədə üzə çıxarılmalıdır. Bildiyim qədəri, Baş Prokurorluq araşdırma aparıb və cəmi 20 evin kənar şəxslərə verildiyini aşkar edib. Bu da mümkündür. Çünki Ə.Həsənov az bir zamanda o qədər media qurumları yaradıb, himayəsi altına almışdı ki, orada çalışanlara da, geninə boluna mənzillər verildi.

Bu gün isə dəmir barmaqlıqlar arxasında V.Səfərli, bir neçə restoran və tikinti şirkətinin sahibləri oturub. NİYƏ, NƏ ÜÇÜN?

Azərbaycanda hər zaman böyük balıqlar, onlar üçün qurulan "qanun torundan" çıxmağı bacarıblar. Çünki "toru" quran onu elə qurub ki, tor böyük balıqları saxlaya bilməsin. Yalnız küncdə, bucaqda xırda balıqlar qalsın yetər.

Hesab edirəm ki, jurnalist həmkarlarım E.Əliyevin yaxasından əl çəkib, Ə.Həsənova törətdiyi cinayətlərə görə adekvat cəzanın verilməsini tələb etməlidirlər. Əks təqdirdə heç bir nəticə olmayacaq. Bir qədər səbirli olun və məqsədyönlu şəkildə yaradılan qaşıdurmanın alətinə çevrilməyin.

Təklif: Hesab edirəm ki, 3-cü binanı paylamaq səlahiyyətinə malik olan insanlar dəqiq kriteriyalar müəyyən etməlidirlər, bu kriteriyalar media cameəsinin müzakirəsinə verilməli, bütün təkliflər müzakirə olunmalı, jurnalistlərdən ibarət bir şura yaradılmalı, onlar 1 il ərzində bu binada ev almaq iddiasında olan jurnalistlərin mənzil şəraitini dəqiq öyrənməli və təkliflərini binanı paylayacaq quruma təqdim etməlidirlər. Mənə belə gəlir ki, burada ən çətin məsələ həmin şuraya jurnalistlərin seçilməsidir ki, bunun da ən optimal yolunu tapmaq olar. Ən azından şuraya o şəxsləri seçmək olar ki, onların ümumiyyətlə bu evlərə iddiası olmasın. Məsələn, bundan əvvəl verilən binada yaşayan namuslu, qərəzsiz, hamının tanıdığı jurnalistlərdən belə bir qrup formalaşdırmaq olar.

P.S. Bu günlərdə başqa bir deputat da təklif etdi ki, hər bir Azərbaycan vətəndaşı "YAŞAT" fonduna 10 manat keçirsin. Buna heç kim reaksiya vermədi. Heç kim soruşmadı ki, bu məmləkətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu,  həm də Müdafiə Nazirliyi olduğu halda, "YAŞAT" fonduna nə ehtiyac var idi ki, indi də həmin fond üçün onsuz da zülümlə yaşayan millətə əl açırlar.

 Yusif Seyid

0.019598007202148