Orda var, burda yoxdur
İnsanlar nə üçün vətənlərini tərk edir?
Rusların belə bir misalı var:(rıba jivyot qde qlubje, çelovek qde luçşe), yəni balıq yaşamaq üçün suyun dərin yerini, insan isə həyatının xoş keçdiyi yeri seçir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizi tərk edən insanların sayı milyonları keçdi. Burada söhbət, təkcə ölkəmizdə taladığı varidatı əcnəbi ölkələrə daşıyıb, orada yaşamağa üstünlük verən məmur çetesindən getmir. Onların da böyük əksəriyyəti hiss edir ki, bu ölkədə yaşamaq təhlükəlidir, çünki gec-tez törətdiyi əməlinə görə cavab verməli olacaq.
Söhbət yüzminlərlə insanın (ələlxüsus da gənclərin) ölkəmizi tərk edib, əsasən Rusiyaya, Türkiyəyə, bir qədər perspektivli savadlıların isə Avropaya, Amerikaya üz tutmasından gedir.
Bugünlərdə Çeçenistanda kiçik bizneslə məşğul olan bir gənc oğlanla söhbət etdim. Şərif Rəcəbov qeyd etdi ki, artıq 5-6 ildir ki, Çeçenistandadır və yaxınlarda toy edib yenidən oraya qayıdacaq. Səbəbini soruşduqda isə bunları dedi: "Azərbaycan mənim kimi gənclər üçün perspektivsiz ölkədir. Mən həmin biznesi burada da qura bilərdim, amma heç nə qazanmaq imkanım olmazdı. "Hamı" gəlib "öz haqqını" tələb edəcək, əslində mən işləyəcək, kimlərsə yeyəcəkdi. Əksər cavanlar, məhz buna görə burada iş qurub, işləmək istəmirlər. Çeçenistanda isə belə deyil. Əsas şərt, çeçen dilini bilmək və qanunlara əməl etməkdir. Vəssalam»!
Almaniyada yaşayan Aqşin Mahiroğlu isə deyir: "Almaniyada yaşamağımın səbəbi heç də maddiyat deyil. Mən o pulları burada da qazana bilirdim. Ancaq orada insana olan münasibətlə, buradakı münasibəti, ümumiyyətlə müqayisə etmək mümkün deyil. Söhbət dövlət-vətəndaş və insanlar arasındakı münasibətlərdən gedir. Burada özümü həmişə üstündə ağır yük olan və onu çəkə bilməyən insan kimi hiss edirdim. Orada isə bu hisslər yoxdur. Əsas məsələ bilirsiniz nədir? Qanunlar! Orada qanunlar insanlar arasında heç bir fərq qoymur. Azərbaycanda isə bütün qanunlar kasıblar üçündür, pulu, vəzifəsi olan üçün qanun yoxdur".
Artıq 30 ildir ki, Rusiyada yaşayan Əhməd Hacıyev isə qeyd etdi ki, bu sualların cavabını burada yaşayan insanlar bizdən daha yaxşı bilirlər ki, biz nə üçün ölkəmizi tərk etmişik: "İndi siz mənə deyin görüm, ölüm ayağında olan xəstədən pul almadan ona yaxın gəlməyən həkimlərin olduğu bir ölkədə kim yaşamaq istər? Övladlarını oxutmaq üçün evini-eşiyini satmaq məcburiyyətində qalan bir insan, bu məmləkətdə yaşayarmı? Əgər vəzifəsi insanların asayişini qorumaq olan hüquq-mühafizə orqanlarının əməkdaşları heç bir səbəb olmadan, hər an səni təhdid edirsə, burada necə yaşamaq olar? Bütün bunlar şərtdir. Əslində, insana nə lazımdır? İş və normal dolanmaq imkanı, orada bu var, burada isə yoxdur».
Artıq 10 ilə yaxındır ki, Türkiyəyə köç edən Ağaisa Müsayev:" Açığını deyim ki, burada da imkanım pis deyildi. Hamıyla "yola gedir" başımı aşağı salıb işləyirdim. Amma, qardaş, bu yaşamaq deyil axı, nə qədər, "səhər naxıra, axşam axura" prinsipi ilə yaşamaq olar? Uşaqlarımı düşündüm. İndi maşallah, onlar oxuyur, mən də çalışıram, ən əsası heç kimdən asılı deyiləm. Sərbəst bir həyat yaşayıram. Azərbaycanda isə bu sərbəstlik yoxdur. İnsanlar az qala bir qarın çörək üçün biri-birinin ətini yeyə. Yaltaqlıq, riyakarlıq, yalan baş alıb gedir. Bütün bu pisliklər elə bil insanların həyat tərzinə çevrilib. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm, neçə gündür bağrımı dəlir. Vətən üçün vuruşan, sağlamlığını qurban verən qazidən, əlildən belə, rüşvət uman həkmlərin olduğu bir məmləkətdə kim yaşamaq istər qardaşım?»
Sən demə, bu qədər bəsit. İnsanlar sadəcə olaraq qanunların məmur hikkəsindən daha üstün olduğu, rüşvətsiz, korrupsiyasız, yalan və riyakarlığın olmadığı normal bir şəraitdə yaşamaq istəyirlər. Əslində, bu hər bir insanın doğal haqqıdır!
Görəsən, canım Azərbaycanda haçansa, belə bir mühit yaranacaqmı? İndiki halda, çox qəliz sual oldu. Ən azından biz yaşlıların onu görəcəyinə heç bir ümidim yoxdur.
Çünki, Azərbaycan səhiyyəsini bərbad günə qoyan birisini yenidən vəzifəyə təyin edənlərin məmləkətində yaşayırıq. Allah hər birimizə yar və yardımçı olsun, inşəallah!
Yusif Seyid