İrəlini görmək lazım deyil...

İrəlini görmək lazım deyil...
 

Geriyə baxmaq kifayət...

 Dünyada elə məsələlər var ki, onlar haqqında qeyd-şərtsiz, birmənalı şəkildə danışmaq mümkündür. Hərçənd, fikirlər, düşüncələr, yanaşmalar müxtəlif olduğu qədər də, dünyagörüş, dünyaya baxış, savad, səviyyə və eləcə də müxtəlif adda xarakter xüsusiyyətləri var ki, onlar haqqında birmənalı fikir söyləmək mümkün deyil. Əslində, onlara birmənalı baxış elə dünyanın bir rəngdə, yekcins olmasına səbəb olardı. Fəqət adına insan dediyimizin mahiyyətində birmənalı şəkildə qavradığımızın alternativinin olmadığının adı da yeganədir. Və onun adı vicdandır.

Vicdan dediklərinin bir həqiqət olduğunu aləmə bəyan etməklə, onun beşiyi və məzarının əbədiyyət olduğunu vurğulayan şairin misraları yadıma düşür. Vicdan əyilməzsə, sınmazsa, yoxa çıxmazsa, onu daşıyan insan da çox şeyə rəğmən, dayanar, yaşayar...

Fəqət vicdandan xəbəri olmayanlar var ki, onun da adını mahiyyətindən dolayı, birmənalı şəkildə bilirik. Bu mahiyyət sahibləri yenə də öz mənfur xislətlərindən əl çəkməyərək silahı əldən yerə qoymaq istəmirlər.

Baxmayaraq ki, ötən ilin noyabrından rəsmi şəkildə buna razılaşdırılıblar.

Baxmayaraq ki, bütün dünya onların qabındakının nədən ibarət, daha doğrusu, bomboş olduğunu yaxşı bilir.

Və baxmayaraq ki, əlləri hər yerdən üzülən vicdansızlar odu çoxdan sönmüş ocağın külündə nəsə axtarıb tapmaq ümidiylə onunla oynayırlar. Külün belə, bir vaxt təngə gəlib gözlərinə ələnəcəyini hesaba almadan, sonu görünməyənin, əslində, nəticəsi öncədən bilinənin ardınca getməkdədirlər.

Bu gedişlə haracan gedəcəklərini, nə əldə edəcəklərini amma yaxşı bilirlər. Sonun da özləri üçün müdhiş bir sonluqla başa çatacağını anladıqlarından, müvəqqəti qələbənin əbədi olmadığını qavradıqlarından, işğal etdiklərini 30 ildir dağıtmaqla, viran qoymaqla, yağmalamaqla məşğul oldular. Vəssalam. Özlərinin olmayanın bərəkətinin də yoxa çıxacağı qeyd-şərtsiz bəlliydi.

Adı bəlli olan vicdandan məhrumlar əllərində qalmayanları yenidən mənimsəmək imitasiyasıyla, indi yalançı bir ümiddən təsəlli alırlar. Əllərində olanın hamısı geri alınandan sonra, yenə də nəyəsə bəslənən ümidlə gizlətdiklərinin zaman-zaman üzə çıxan səsindən güc-qüvvə alacaqlarını zənn edirlər sanki. Lakin bu zənnetmələrin də bir sonu var, bumeranqın özünə qayıdışı kimi.

...Dünən daha bir vətəndaşımız düşmənin basdırdığı minadan xəsarət aldı. Bu dəfə Minatəmizləmə Agentliyinin əməkdaşı piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli xəsarət alıb. Və bu fakt erməninin məğlub edilməsindən bugünədək müddətdə üzləşdiyimiz neçənci belə acı, ağır hadisə, qarı, qatı düşmənin isə boynuna yazılan neçənci günahıdır.

...Vicdandan məhrum olanlar dillərini nəyə uzatdıqlarını, əllərini nəyə bulaşdırdıqlarını və onun sonunun necə olacağını bilməz. Amma onu da anlatmağın yolu var.

Ki, bu yolun nədən ibarət olduğunu görmək üçün də indi qabağı görmək deyil, geriyə baxmaq kifayətdir.

 Nigar Orucova 

0.015819072723389