Uşaqlar gələcəyimizdirmi?
Bir az səmimi olun, cənablar...
Dünya qəribəliklərlə doludur. Onları axtarmaq üçün uzaq səfərlərə çıxmağa da ehtiyac yoxdur. Onlar öz ayağı ilə internet vasitəsilə olduğumuz məkana gəlirlər. Onu da qeyd edim ki, hər bir hadisənin özünün məqsəd və səbəbləri də yox deyil.
Məsələn, Roma papası ona sui-qəsd edən şəxslə zindanda görüşdü və onun ayaqlarını yudu. Bununla da həmin şəxsə qarşı səmimi və qərəzsiz olduğunu nümayiş etdirib və başqalarını da biri-birilərinə qarşı səmimiyyətə çağırıb. Dünyaca məşhur Tereza ana (Mat Tereza) ən ağır və sağalmaz xəstəliklərə düçar olan insanlara şəxsən xidmət etməklə, onların yaşamağa inamını artırmaq və bu yolla da onların sağalmasına dəstək vermək istəyib. Dünyada elə məşhur sənətçilər var ki, onlar da müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək olur, hətta onları övladlığa götürərək gələcək həyatlarını təmin etməyə çalışırlar. Bu həmin insanların daxili istəklərindən, səmimiyyətindən doğan bir haldır.
Bu günlərdə dünyanın hegemon dövlətləri sırasında ilk yeri tutan, Xerasimo və Naqasaki kimi bir faciəyə imza atan, Vyetnamda, Koreyada, Laosda, Kambodcada yüzlərlə, minlərlə heç bir günahı olmayan uşaqların qətlinə fərman verən, bu gün də həmin missiyanı yaxın, uzaq Ərəb ölkələrində müxtəlif yollarla davam etdirən Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin sərgilədiyi olay, sözün bütün mənalarında hamını təəccübləndirdi.
Belə ki, Ağ evdə İsrail prezidenti Reuven Rivilindlə görüşü zamanı onun İsrail prezidentinin köməkçisi Rivika Ravitzinin qarşısında diz çökməsi, dünya media mənsublarının diqqətindən qaçmadı. Prezidentin belə bir addım atmasının səbəbi isə prezident köməkçisinin 12 uşaq anası olması idi. Amerika prezidenti bununla da çoxuşaqlı anaya öz hörmət və səmimiyyətini nümayiş etdirmək istəyib.
Bütün bunları ona görə qeyd etdim ki, bu gün ölkəmizdə də ən çox müzakirə olunan mövzulardan biri, yetişməkdə olan gənc nəslə dövlətin diqqət və qayğısı ilə bağlıdır. Dövlətin diqqət və qayğısı isə həmin uşaqların normal mühitdə, heç bir problem yaşamadan öz uşaqlıqlarını yaşamasıdır ki, hazırda bir çox hallarda biz bunu görmürük. "Uşaqlar bizim gələcəyimizdir"-devizi altında keçirilən tədbirlərdə isə ümumiyyətlə, səmimiyyətdən danışmaq mümkün deyil. Çünki bu tədbirlərə dəvət olunan uşaqlar heç ölkəmizdə olan uşaqların 1 faizini belə təşkil etmir. İkincisi, belə tədbirlərə dəvət olunan uşaqlar birmənalı olaraq heç bir çətinlik və problem görməyən uşaqlardır.
Hazırda hökumətimiz çox geniş miqyasda narkomaniyaya qaşı mübarizəyə başlayıb. Gördüyünüz kimi, onların arasında gənclər və yeniyetmələr üstünlük təşkil edir. Soruşuram,
həmin gənclərin bu bəlaya düçar olana qədər harada və necə yaşadıqları barədə maraqlanan olubmu? Bu kimi sualların sayını sonsuza qədər artırmaq olar, lakin "görünən dağa nə bələdçi"- bunu hamımız bilirik və görürük. Sadəcə olaraq, susur və görməzdən gəlirik.
Bilirəm ki, mənimlə razılaşmayan, dövlətin uşaqlara sevgisindən, qayğısından, diqqətindən dəm vuranlar da olacaq, qəbul edirəm. Amma bunu da qeyd etməyə məcburam ki, körpələrin, yeniyetmələrin pis vərdişlərə aludə olmasının əsas səbəbi valideynlərinin maddi imkansızlığı və həmin imkansız ailələrin dövlət qayğısından kənarda qalmasıdır.
Bu gün Azərbaycanda minlərlə körpə uşaq yaslidən (körpələr evi), bağçadan kənarda qalır. Eyni zamanda hər il məktəb yaşına çatan uşaqların böyük bir qismi məktəb üzünə həsrət qalır. Çünki onları yasliyə, bağçaya, məktəbə "düzəltmək" üçün valideynlərinin pulu yoxdur. Sutkanın 10 -15 saatını çörəkpulu axtarışına sərf edən valideynlər uşaqlarına istədikləri kimi nəzarət edə bilmirlər. Yaxud, uşaqlar da onlarla birgə çalışırlar (əsasən də dilənir, küçənin ən təhlükəli yerlərində təkər, şüşə silir və s. və i.).
Azərbaycan parlamenti isə illərdir ki, aztəminatlı ailələrə necə yardım etmək məsələsini müzakirə edir. Bu müzakirələrin maraqlı məqamlarından biri də odur ki, nə üçünsə, bəzi deputatlar imkansız ailələrə yardım etmək məsələsində xəsislik edirlər. 2000 manat maaş alan deputatın, imkansız ailəyə 200-300 manat yardım edilməsinə etiraz etməsi, sözün doğrusu anlaşılan və qəbuledilən deyil.
Yadınızdadırsa, bir vaxtlar bu məsələ müzakirə olunan zaman hörmətli deputatlarımızdan biri (bildiyim qədəri onun özü də çoxuşaqlı ailədə böyüyüb) aztəminatlı ailələrə yardımın verilməsinə etiraz edərək: "saxlaya bilmirlərsə, doğub artırmasınlar" kimi, absurd bir fikir səsləndirmişdi. Bu fikir nə qədər absurd olsa da, cənab Hadı Rəcəbli haqlı idi. Çünki o, bu işlər üçün şəxsən məsuliyyət daşımır. Ancaq bu hörmətli zata bir sualım var: 44 günlük Vətən müharibəsində bir nazir, deputat balası nə şəhid oldu, nə də qazi, bütün şəhid və qazilər həmin sizin yardım etmək istəmədiyiniz kasıb ailələrində doğulub böyüdülər, onlar döğulub artmasaydılar, bu Vətəni kim qoruyacaqdı? Bu barədə düşünün ağalar, bəylər, cənablar. Siz bu Vətəni ancaq çapıb, talayırsınız ki, övladlarınız əcnəbi məmləkətlədə kef-damaqda yaşasınlar. Kasıbların övladları isə şalvarı yırtıq, qarınları ac olsa da Vətənlərini qorumaq üçün hər zaman canlarını fəda etməyə hazırdırlar.
Heç olmasa gələcəyi düşünün, bir qədər səmimi olun. Yaddan çıxarmayın ki, bu gün dünyada tüğyan edən koronavirus bəlasının da məqsədi insanlar arasında səmimiyyəti aradan götürmək, hamını biri-birinə düşmən etməkdir.
Yalandan, riyakarlıqdan əl çəkin, sonunda bu dünyanı yalan yıxacaq, bizdən də yan keçməyəcək. Geci, tezi var!
Yusif Seyid