İmam Hüseyn mücadiləsinin fəlsəfəsi
Yaradılış baxımından Allah ilin 12 ay və günlərini eyni dəyərdə xəlq edib. Lakin bu ay və günlərin içərisində elə hadisələr baş verib ki, onlar həmin olayları digər ay və günlərdən qiymətli edib. Yəni ilk yaradılışdan eyni dəyərə sahib olan ay və günlərin içərisində elələri var ki, digərlərindən daha qüdsi (müqəddəs) və mübarəklik (xeyirli, xoşbəxt) qazanıblar. Məsələn, Quranın nazil olması ilə Ramazan ayı, duanın rədd edilmədiyi cümə günü, ibadət baxımından min aydan üstün olan Qədr gecəsi və s. Hicri qəməri təqvimində ilk ay olan Məhərrəm və onun 10-cu günü Aşura da belə ay və günlərdən biridir.
Məhərrəm haram aydır
Lüğəti mənası,"haram", "qadağan edilən" olan Məhərrəm, bir ay kimi bərəkət (çoxluq, bolluq) yaxşılıq, xeyir, fayda, əminamanlıq, barışıq və əhdləşmə simvoludur. Bu ayın ilk günləri təzə ilin başlanğıcı olduğundan, müsəlmanlar yeni ilin xeyirli və bərəkətli olması üçün dua edər, bir-birini yoluxar, bayramlaşar, küsülülər barışar, hədiyyələr verilər, görüləcək yaxşı işlər niyyət edilib planlaşdırılar və s. "Həqiqətən Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir. Onların 4-ü (Rəcəb, Ziqədə, Zilhiccə və Məhərrəm) haram aylardır. Ona görə həmin aylarda özünüzə zülm etməyin" (Tövbə, 36).
Hələ İslamdan əvvəl bu aylarda hərb etmək haram, qadağan olunduğu üçün, ərəblər təcavüzlərinə haqq qazandırmaq məqsədilə bəzən süni surətdə ayların yerini dəyişərdilər. Bu səbəbdən Rəsulu Əkrəm vida həccində buyurdu: "Ayların sırası Allahın yaratdığı kimidir". Allah kəlamından göründüyü kimi, Məhərrəm ayı "matəm" ayı deyil. O, Rəbbin "göyləri və yeri yaratdığı gündən" bəri haram etdiyi aylardan biridir.
Aşura
Aşura Məhərrəm ayının 10-cu gününün adıdır. O da Allahın yaratdığı günlərdən biridir. Fəqət Aşura həmin gündə baş verən mühüm hadisələr etibarilə müqəddəslik qazanıb. Adəm (ə)-nin tövbə etməsi, Həzrət İbrahim və İsa (ə)-nin mövludları, Musa (ə)-nin Ölü dənizi keçməsi və Fironun boğulması Aşura günündə olub. Həzrət Nuhun beş-altı nəfərlə tufandan xilas olması həmin günə təsadüf edib.
"Həqiqətən Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə gözəl qəbul olunmuşdur! Biz (Nuh qövmünü suda boğub), onu və ailəsini böyük fəlakətdən qurtardıq" (Səffat, 75,76). Rəvayətə görə, gəmini xilas edən Nuh (ə), Aşura günü şükür ayini kimi gəmidə olan taxıl məhsullarından şorba bişirib. Qeyd edək ki, müsəlmanların Məhərrəmin 10-cu günü hədik bişirib qonşu və kasıblara ehsan etmələri həmin ibadətin davamı kimi bu gün də unudulmayıb.
Böyük həcc ziyarətindən sonra profilaktik tədbirlər məqsədilə bağlanan Kəbə qapısının, ziyarət edənlər üçün Aşura günündə açılması da, bu günün dəyərlərindən biridir.
Tövratda "Aşura" sözü, böyük günah təmizləmə günü kimi işlədilib. Həzrət Peyğəmbər Mədinəyə gəldiyi zaman yəhudilərin həmin gün oruc tutduğunu gördü və o da bu ibadəti icra etdi. Yəhudi ibadəti olan Aşura orucu, başqa oruclarda olduğu kimi, yalnız gündüz yox, günəşin batmasından ertəsi axşam günəş batana qədər tutulurdu. Hicrətin 2-ci ilində Aşura orucunun yerinə Ramazanın oruc ayı elan edilməsilə Aşura orucu, artıq dini mükəlləfiyyətdən olmayıb, şəxsin ixtiyarına verildi. Lakin Aşura orucu bugünkü müsəlman aləminin əksəriyyəti üçün sünnədir. Və o, tarixi səbəblərə görə, müqəddəs sayılır. "Ramazandan sonra orucların ən fəzilətlisi Məhərrəm ayında tutulan orucdur. Aşura isə bu ayın ən qiymətli gecəsidir".
Aşura fəlsəfəsi
Məhərrəm ayının Aşura günü həm də Peyğəmbər (ə) nəvəsi Həzrət Hüseynin iman və İslam dininin saflığı uğrunda şəhid olduğu, onun baba və atasının ucaltdığı etiqad atını yenidən şahə qaldırdığı gündür. Aşura, İslam dininin varlıq qayəsi, insan haqq və azadlıqları uğrunda 19 il mücadilə aparan İmam Hüseynin bir şəhid kimi özündən sonra bütün dünyaya örnək olan "Hüseyn fəlsəfəsi", "Hüseyn məktəbi"nin yaratdığı gündür. Lakin təəssüflər olsun ki, bu məktəb hələ öz obyektiv təhlil və təbliğini lazımınca tapmayıb. Əksinə, bəziləri bu fenomen hadisəni ya ifrat, ya də təfritə vararaq, onun dini və dünyəvi əhəmiyyətini zədələyirlər. Hadisəni sırf matəmə çevirənlər unudurlar ki, İslam iman, elm və saleh əməl vəhdətidir. Bu vəhdətin əsasını Rəbbin bəyəndiyi işlər uğrunda biganəlik yox, mübarizə təşkil edir. Təfritə varanlar isə, həmin fəlsəfəni cılızlaşdıraraq, onu Həzrət Hüseynin sırf siyasi hakimiyyəti uğrunda mübarizəsi kimi qələmə verirlər. Əlahəzrət tarix isə hər iki yanaşmanı rədd edir.
"Güclü nə istəyirsə, ona nail olur" təsəvvürünü dağıtmaq, bir tale yazısı kimi mənim boynuma düşən borcdur. Mən, məndən sonra gələcək nəsilləri düşünərək, bir zalim güclünün gücünə müqavimət göstərə biləcək başqalarının da mövcud olduğunu nümayiş etdirməyə çalışıram. Bu, əqidə, iman və vicdan məsələsidir. Və mən, həmin əqidə uğrunda ölməyə belə hazıram". İmam Hüseynə məxsus olan bu tezis, Hüseyn fəlsəfəsinin mayası və nüvəsidir.
661-ci ildə Həzrət Əlinin şəhadətindən sonra Müaviyə camaatı qorxutmaq məqsədilə 40 minlik ordu ilə Xilafətin paytaxtı Kufəyə gəldi. O, həm də Həzrət Həsənin "qardaş qanı axıdılmamalıdır" sözündən məharətlə istifadə edərək, hakimiyyəti zorla mənimsədi. Lakin Kufə, Məkkə, Mədinə və digər bölgələrdə geniş sosial bazaya malik olan Həzrət Hüseyn, Əbu Bəkrin oğlu Əbdürrəhman və Zübeyrin oğlu Abdulla, Müaviyəyə biət etmədilər. Başqa sözlə, onlar Müaviyə hakimiyyətinin legitimliyini tanımadılar. Hələ Xəlifə Həzrət Əlinin dövründə Şam şəhərində "dövlət içərisində dövlət" yaradan Müaviyə, 669-cu ildə Həzrət Həsəni zəhərlədərək öldürtdü. Həzrət Hüseyn "problemi" isə onu bir an rahat buraxmadı. Zira Müaviyə çox gözəl bilirdi ki, İmam Hüseyn xalq arasında həm ondan, həm də onun oğlu Yeziddən qat-qat artıq hörmətə malikdir. Tarixçi Təbəri yazır: "Ömrünün sona çatdığını başa düşən Müaviyə sağlığında oğlu Yezidi varis kimi tanıtmaq üçün Yezidə biət edilməsini istədi. Yezid, hərəkətlərinə görə fasiq (pozğun) sayılırdı. Və belə adamın xəlifəliyə namizədliyini qəbul etmək mümkün deyildi. Hüseyn, Abdullah ibn Ömər, Abdullah ibn-Zübeyr, Əbdürrəhman ibn-Əbu Bəkr və ibn-Abbas, təbii ki, bunu qəbul etmədilər". Müaviyə ölüb, yerinə Yezid xəlifə olduqda (680-cı il), o, Mədinə valisi Validə tapşırdı ki, Həzrət Hüseyn yeni Xəlifəyə (Yezidə) biət etsin. Valid: "Ya Hüseyn, Yezid səndən biət istəyir". Hüseyn: "Mən ki, onun atasına baş əymədim. İnsanlar hər biət istəyənin qabağında əyilməyə alışsalar, bəs onda etiqad harada qalar?"
680-ci il Kərbəla hadisəsi təkcə haqq ilə batilin, zülm ilə ədalətin mücadiləsi olmayıb. Bu, həm də, imanı saleh əməl ilə reallaşdıran bir qəhrəmanlıq salnaməsidir. Yezidin çoxminlik ordusunun əhatəsində olan İmam buyurdu: "Təkcə mən qaldım... Cəsarəti olan varsa, gəlsin bir anlığa onunla yerimizi dəyişək. Qoy o, buradan, mənim dayandığım yerdən sizlərə baxsın. Əgər qorxmayıb, atın üstündə duruş gətirə bilsə, başımı öz əllərimlə kəsərəm. Amma mən qorxmuram. Bilirəm ki, insanların inamı zalımın zülmünü basar. Bu dünya çox yezid görüb. Vaxt gələr, yezidlərə baş əyməyənlərin sayı çoxalar. Və onlar bugünkü hadisəni böyük ehtiramla yad edərlər".
Həzrət Hüseynin zülm, batil, yezidlik qarşısında əyilməyən başı Kufə küçələrində gəzdirilərkən, sanki o baş deyildi: "Ey kəsik başların nümayişinə çıxan kufəlilər!. Mən Yezidə böyün əymədim. Əymədim ki, sizə zülm etməsinlər. Mən, Həzrət Məhəmmədin nəvəsi, Həzrət Əlinin oğlu, başım kəsildisə, vay sizin halınıza. Kəsik başların nümayişinə çıxmaqdansa, ibrət götürüb, niyə zalımların qarşısını almırsınız? Niyə öz gələcəyinizi düşünmürsünüz?".
Bəli, Həzrət Hüseyn, baba və atasından miras qalan atını Kərbəlada elə şahə qaldırdı ki, bu inam və əqidə, onun Kufədə nizəyə taxılmış kəsik başından da yüksəkdə oldu. "Hüseyn fəlsəfəsi"ni 40 gün matəmdə görənlər isə, Quran hikməti və "Cihadın ən üstünü zülmkar buyruq sahibinə qarşı həqiqəti söyləməkdir" Peyğəmbər (ə) kəlamını unudurlar. Əslində "Hüseyn məktəbi" qiyamətə qədər hər bir xalq üçün örnəkdir. Bu nümunədən ibrət alan millət isə, sözsüz ki, əhali, ərazi, dini, gələcək nəsli, haqq və azadlıqlarını qoruyacaqdır.
Qısa tarixi oçerk
Məhərrəm ayında matəm mərasimi ilk dəfə İraqda, Buveyhüllə oğulları tərəfindən saxlanılıb. Aşurə isə, ilk dəfə olaraq, rəsmən 963-cü ildə İranda keçirilib. Sonradan Şah Abbas dövründə (1571-1629) bu ənənə kifayət qədər geniş yayılıb. Səfəvilər vaxtında şiəlik rəsmi din kimi qəbul olunduqdan sonra, Məhərrəm ayının yas ovqatında keçirilməsi adət halını alıb. Aşuranın mərsiyələrlə keçirilməsi isə, XVIII əsrdən başlayıb. Belə ki, həmin əsrdə İranda Kərimxan Zəndin yanına bir avropalı gəlib, ona faciə janrından söhbət açır. Bu söhbətdən təsirlənən Kərimxan əmr edir ki, Kərbəla faciəsi də mərsiyələrlə keçirilsin.
680-cı il Kərbəla hadisəsi dünyada analoqu olmayan Təvhid və Nubuvvətə inam, birlik və azadlığın əməli vəhdəti, sədaqət və iradə qaynağı kimi nəsillərin yaddaşına əbədi həkk olunan şəhidlik məktəbi, dünya müsəlmanlarının qan yaddaşıdır. Deməli, "Hüseyn fəlsəfəsi", yurd-yuvası olmayan, səpələnmiş bir etnik qrupun - xarici yezidlərin 200 il ərzində Azərbaycan torpağına sahib çıxması baxımından bir müsəlman, bir azərbaycanlı kimi hamımız üçün ibrət, təhlil və mübarizə qaynağı olmalıdır. "Hüseyn fəlsəfəsi", həm də özünü yezid kimi müsəlman adlandıran, fəqət əməlilə yezidlik edən daxili yezidlərimizə qarşı mübarizə məfkurəsi olmalıdır. Vaxtilə Rəbb Musa (ə)-nin qorxaq və müti camaatını hidayətə çatdırmaq üçün buyurdu: "Mən sizin qeyrətinizi millət anlayışı olmayan bir xalqla oyadacam". Elə Hüseyn məktəbinin verəcəyi ən böyük dəyərlərdən biri də, Rəbb buyuran oyanışın bizdə təşəkkül tapmasıdır.
Məhərrəm ayı və Aşurada baş verən bütün hadisələr Rəbbin icad və qüdrətindən doğan hikmətlərdir. İbrət alınacaq bu işlərin başında isə, ifrat və təfritə yol vermədən keçmişi obyektiv təhlil edib, gələcəyə iman, elm və saleh əməl ilə getməkdir.
Qoy bu yolda hamımıza Allah yar olsun!, Amin!
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru