Fransa səfiri "persona non grata" elan edilməlidir?
Zərdüşt Əlizadə: "Bu, Fransa səfirliyinin öz fikri və ya yaradıcılığı deyil. Fransa səfiri öz dövlətini təmsil edən xarici işlər nazilliyinin əmrini yerinə yetirir"
Paralel.az xəbər verir ki, iyul ayının əvvəllərində Azərbaycan hökuməti işğaldan azad edilən Füzuliyə və Şuşaya xarici ölkələrin Azərbaycandakı səfirlərinin səfərini təşkil etdi. Maraqlıdır ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin - ABŞ, Rusiya və Fransanın səfirləri Şuşaya getməkdən imtina etdilər. Bu bir yana, Fransa səfiri bir qədər də irəli gedərək, bəyanat verdi ki, "Dağlıq Qarabağ"ın statusu müəyyən edilməyənə qədər biz Şuşaya getməyəcəyik. Maraqlı siyasi-diplomatik mənzərə yaranır - bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyev bəyan edir ki, nə Dağlıq Qarabağ, nə də statusu var, digər tərəfdən bu siyasi iradənin əleyhinə olaraq Fransanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri məlum bəyanatı verir. Bir sıra siyasətçilər bunu diplomatiyanın siyasiləşməsi kimi dəyərləndirir və Azərbaycan hökumətini çağırır ki, Fransa səfirini "persona non grata" (arzuolunmaz şəxs) elan edərək, ölkədən çıxarmaq lazımdır.
Məsələ ilə əlaqədar siyasi şərhçi, politoloq Zərdüşt Əlizadənin fikrini öyrəndik.
Politoloq bildirdi ki, Fransa səfirinin Şuşaya getməməsi və ya analoji bəyatan verməsi ilə Azərbaycan hökumətinin "xançalının daşı" düşməyəcək: "Digər tərəfdən, bu Fransa səfirliyinin öz fikri və ya yaradıcılığı deyil. FIransa səfiri öz dövlətini təmsil edən xarici işlər nazilliyinin əmrini yerinə yetirir. O cümlədən digər səfirliklər də öz hökumətinin siyasi iradəsini həyata keçirir, onlar bizim hökumətin, prezidentin mövqeyindən asılı deyillər. Sözügedən ölkələrin XİN-ləri səfirlərə əmr edib ki, onlar Şuşaya getməsinlər. Ona görə ki, Minsk Qrupu həmsədriləri istəmir ki, münaqişə sona yetsin. Onlar istəyir ki, münaqişə davam etsin və onlar da bu münaqişəyə təsir etməklə müəyyən dividendlər əldə etsinlər, iştirakları ilə hər iki dövləti təsir altında saxlasınlar. Azərbaycan prezidenti isə bəyan edir ki, münaqişə bitib, Minsk Qrupunun vasitəçiliyinə artıq ehtiyac yoxdur.
Əlbəttə, Rusiya başqa mövqedədir. Rusiya həqiqətən də münaqişənin anasıdır, Azərbaycan buna görə onunla hesablaşmağa məcburdur. Rusiya zahirən Minsk Qrupuna həmrəylik göstərərək Şuşaya getməsə də, Möskva istəyir ki, ABŞ və Fransa da bu münaqişənin tənzimləməsindən kənarda qalsın".
Akif