Sizi deyib gəlmişik!

Sizi deyib gəlmişik!
 

Bəli, gündəmdə 22 iyul təqvimi, Milli Mətbuat Günüdür. Bu təqvim bəlkə də, bir peşə bayramı kimi görünə bilər. Çoxları üçün bu, əslində, belədir. Lakin hamı üçün yaşayan, el üçün yanaraq az qala, “kor” olan gözlər də var. Onların - qaranlıqda da, aydınlıqda da daim görən, göstərən, yazan, maarifləndirən, xəbər verən, yenilikləri çatdıran, bir sözlə, hamı üçün yaşayan, özünü fəda edən yeganə peşə sahiblərinin günüdür bu gün!

Hər 22 iyuldan növbəti təqvim ilinədək sağlam informasiya mühitində yaşayıb-yaratmağı, informasiya əldə edərək istehsal etməyi, bir sözlə, özünü ifadə etmək azadlığını təmin etmək arzusunda olanların günüdür bu gün!

Bu gündə sıramızda olanlarla bahəm, olmayanlar, fəqət adı birbaşa tarixə yazılan şəxslər də çoxdur. Hər bir jurnalist itkisi təkcə bir insanın aramızdan getməsi demək deyil.

İtki bir şəxsin əldən getməsi, eldən getməsi kimi anlaşılıb həmişə. Jurnalist ölümü isə təkcə bir cameənin deyil, həmin ölkənin, dövlətin, millətin itkisidir. Çünki onun məramı və missiyası dar, məhdud çevrəyə deyil, böyük, geniş bir aləmə, bütöv insan auditoriyasına hesablanıb. Günümüzdə baş verən jurnalist ölümlərinin bu mənada, həddən çox olduğunu söyləməkdə haqlıyıq.

Onların sırasında sələflərimizdən Salatın Əsgərovanın, Alı Mustafayevin, Osman Mirzəyevin, Çingiz Mustafayevin, Fəxrəddin Şahbazovun adı var...

Onların sırasında Kəlbəcərin Susuzluq kəndində minaya düşərək həlak olan Məhərrəm İbrahimovun və Sirac Abışovun adı keçir…

Beynəlxalq media strukturları isə bu ilin altı

ayı ərzində dünyada beş nəfər jurnalistin həlak olduğunu yazır. Təkcə ötən ildə 66 həmkarımız peşə borcunu yerinə yetirərkən həyatını itirib. XXI əsrdə, konkret 2000-ci ildən bəri, 1073 media əhli həlak olub ki, onların sırasında neçə-neçə jurnalist, operator və fotomüxbir var. Vaşinqtondadı jurnalistika

və xəbər muzeyində isə 1837-ci ildən 2020-ci ilədək öz peşə borcunu yerinə yetirərkən həlak olan 2344 media mənsubunun adı keçir...

Bu gün və gələcəyə yol alan günlər, illər boyunca, həmkarlarımız hamıyla birgə, bərabər sırada, ən başda, birinci olacaq. Həmişəki kimi. Çünki o, sıradan bir peşənin sahibi deyil, hamının məlumat yeri, xəbər daşıyıcısı, yeniliklər carçısıdır. Və Milli Mətbuat Günü təqvimə uyğun olaraq, ildə bir dəfə - 22 iyulda qeyd edilsə də, missiyamız anbaan, saatbasaat, gündəlik, ən yüksək mənada isə əbədilikdir!

İnsanların xoşbəxt, azad yaşadığı məkanlarda özü və qələmi də azad qalaraq xoş xəbərlərdən ruh alan həmkarlarım!

Bu sahənin cəfakeşləri, sülh və təhlükəsiz dünyanı, bütün xoş niyyətlərin məcmusunu ünvanlara “Sizi deyib gəlmişik!” təqdimatı arzusuyla!

Nigar Orucova

0.083120107650757