Ermənistan çirkin məslək və niyyətindən əl çəkmir
Son günlər mövqelərimizin atəşə tutulması buna bariz nümunədir. Naxçıvanın, Şuşanın və digər ərazilərimizin atəşə tutulması müvafiq sazişə və normalara tamamilə ziddir. Lakin bununla belə, mövqelərimiz mütəmadi olaraq “qanunsuz silahlı erməni birləşmələri” adıyla hədəfə alınır.
Paralel.az xəbər verir ki,Ehtiyatda olan polkovnik, hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov söyləyir ki, Moskva səfərindən sonra N.Paşinyan V.Putindən konkret tapşırıq alıb. Ekspertə görə, Paşinyan konkret olaraq, Putinin göstərişlərini yerinə yetirir və Azərbaycanı günahlandırır:
“Paşinyan bəyan edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ haqqında danışıqlara başlamağa hazırdır. Paşinyanın bu bəyanatı bu gün Rusiya mətbuatında açıqlanıb. Qeyd edim ki, baş verənlərin heç biri Ermənistanın öz ağlının məhsulu deyil. Bu, birbaşa Rusiyanın fitnəkarlığının nəticəsidir. Bundan başqa, Fransa da bu siyahıdan geri qalmır. Fransa prezidenti Makron bir milyon erməninin səsini almaq üçün çalışır və yenə də hədyanlar səsləndirəcək. Amerikaya gəlincə, prezident Baydenlə Putinin Cenevrədəki görüşündən sonra Qarabağ məsələsi Putinə həvalə edilib. Bu mənada, baş verənlərin hamısı Rusiyanın hoqqalarıdır. Mən əsgər və zabitlərimizin zərər çəkməsindən çox üzülürəm. Və tam məsuliyyətlə deyirəm, orda atəş açan qorxaq erməni deyil. Ruslar özləri mövqelərimizə atəş açır və bunu da gözəl bilirlər. Ruslar bilsə ki, bunu ermənilər edir, hansısa erməninin qulağından tutub çoxdan üzə çıxardarlar. Onlar
sadəcə olaraq, bunun marağında deyillər. Erməni rusun əlində alətdir. Paşinyanın açıqlamaları, son dönəmdə baş verənlər, onun Moskvaya gedib-gələndən sonra bunların baş verməsi Putinin göstərişidir. Biz çörəyi qulağımıza yemirik ki?! Baş verənlərdə birbaşa Rusiyanın əli var və bunu heç çəkinmədən demək, ictimailəşdirmək lazımdır. Ermənilərin o gücü yoxdur. 6-7 min şəxsi heyətini itirən, ordusu bərbad vəziyyətdə olan Ermənistanın ağlı ona çatmaz ki, Azərbaycana dil uzatsın. Sadəcə olaraq, Moskvadan onlara deyilib ki, siz bu işləri edin, biz də sizin arxanızdayıq. Amma bu, bəlli bir məqama qədər olacaq, Allah göstərməsin, kimsə həyatını itirsə, nə Rusiya, nə də digərləri insanların qəzəbi qarşısında duruş gətirə bilməyəcək”.
Nigar