Türk tarixinin unudulmaz siması...
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu):
"İlk növbədə onu deməliyik ki, Səfəvilər dövləti adlandırılan, əslində Qızılbaşlar dövlətinin qurucuları türk bəyləri idi, Oğuzun türk boyları idi. Onların arasında daha çox önə çıxanlar var idi ki, bunlar şamlılar, ustaclılar, qacarlar, bayatılar, təkəlilər, əvşarlar və başqaları..."
Bu gün Azərbaycan Türk Səfəvilər dövlətinin qurucusu, ilk şahı Şah İsmayıl Xətainin döğum günüdür (bəzi mənbələrdə 23 iyul göstərilir). Şah İsmayıl Xətainin Azərbaycan dövlətinin tarixində xüsusi yeri var. O, 1487-ci il iyun ayının 17 -də (iyun 23-də) Ərdəbil şəhərində anadan olub. O yerdə ki, ora Şeyx Səfiəddin Ərdəbilinin dövründən fəaliyyətə başlayan Darül-irşadi bütün Yaxın Şərq aləmində gedən elmi, fəlsəfi görüşlərin ən güclü mərkəzlərindən birinə çevrilmişdir. Məhz Qızılbaşlıq adı ilə tanınan Səfəviyyə cərəyanı da elə burada formalaşmış, Şərqin bir sıra ölkələrinə yayılmışdır. Bura gələn sufilər, müridlər İsmayılın babası, Şeyx Cüneydə, atası Şeyx Heydərə arxa olmuş, onlara yeni bir dövlətin bünövrəsini qoymağa yaxından kömək etmişlər. İsmayılın çox gənc yaşlarında döyüşlərə atılması, gələcəkdə qüdrətli bir Azərbaycan dövləti yaratması onun babalarının çox əsrlik mübarizələrinin nəticələri idi. Və beləliklə...
Azərbaycan dövlətinin tarixində xüsusi yeri, çəkisi olan şahın səhvi nə idi?
"Bütövlükdə bu dövlətin qurucusu türk bəyləri, türk böyükləriydilər ki, sadəcə onlar İsmayılı ona görə taxta çıxardılar ki, İsmayıl bir tərəfdən Ağqoyunluların, Bayandurilərın nəsili ilə qohumlaşmışdı, yəni onlar o zaman bir müddət Azərbaycanda və onun ətrafında böyük dövlət sahibi idilər. Digər tərəfdən, onlar əvvəlcə daha çox səfəvi təriqətinin əsasını qoydular və onun əsasında da yeni bir ideoloji məfkurəni ortaya qoymuşdular. Bax, bunların əsasında yaranmışdı Səfəvilər dövləti.
Bu anlamda 14 yaşındakı Şah İsmayıl Xətainin taxta oturması və sonrakı dönəmdə o dövləti idarə etməsi məhz türk böyüklərinin, yaxud da Şah İsmayılın atabəylərinin, dədələrinin sayəsində bu dövləti idarə edirdi.
Əlbəttə Şah İsmayıl dövlətin başına gəldikdən sonra get-gedə kamilləşdi. Uşaq yaşlarından qızılbaşlılığın nə demək olduğunu anlayan Şah İsmayıl 1524-cü ilə qədər hökm sürdüyü, taxta oturduğu dövr ərzində böyük uğurlar əldə etdi. Azərbaycanda yaranmış kiçik Qızılbaşlar dövlətini böyük Türk Səfəvilər dövlətinə çevirməyi bacardı.
Böyük dövlət olmaq uğrunda bir yandan ideoloji savaşlar, digər tərəfdən isə müharibələrin olması, xüsusilə də Səfəvi-Osmanlı müharibəsinin, Çaldıran döyüşünün olması diqqətimizi çəkir. Mənə belə gəlir ki, Şah İsmayıl mümkün olduğu qədər hökmdar Sultan Səlimlə olan Çaldıran döyüşündən yan qaçmağa çalışmışdır.
Əlbəttə bu döyüş olmamalıydı. Bəzən deyə bilərik ki, bu müharibənin olması yeni bir türk dövlətinin yaranması və bu türk dövlətinin də Osmanlıdan ideoloji və dini məfkurə anlamında fərqli yol tutmasına səbəb oldu. Ancaq bunun əsasını qoyan da, şübhəsiz, Şah İsmayıl deyildi. Əgər məsələyə o tərəfdən yanaşsaq, ilk başdan bildiyimiz kimi, II Bəyazidlə Şah İsmayıl arasında münasibətlər də normal idi. Sonrakı dönəmdə araya girən xainlərin sayəsində iki dövlətin münasibətləri pozuldu və belə bir faciəvi Çaldıran döyüşü baş verdi ki, burada da türk xalqı, türk dövləti zərər çəkdi, uduzdu. Belə halların olmaması üçün Şah İsmayıl çox cəhd göstərdi, bəlkə də bundan qaça da bilərdi, amma mümkün olmadı.
Bu gün biz xətalardan danışırıqsa mənə belə gəlir ki, bunun baş verməsi yalnız Sultan Səlimin günahı deyildi, müəyyən mənada Şah İsmayıl Xətai də, onun ətrafındakılar da bundan yan qaça bilərdilər - mən belə düşünürəm.
Sonrakı dönəmlərdə də bu müharibələrdə Səfəvilər dövlətinin böyüməsi yolunda, xüsusilə, Şeybanilər dövlətinin xeyli dərəcədə zəifləməsi də bizlərin xeyirinə olmadı. Məsələn, sonrakı dönəmlərdə Rusiyanın, Çinin və digərlərinin ortaya çıxması da…
Səfəvi Şeybani dövlətinin demək olar ki, param-parça olması doğru olmadı. Bu kimi məsələləri deyə bilərik…
Digər problemli məsələlərdən biri isə Qızılbaşlılığın öz ilkin mahiyyətinin qorunub saxlanılması məsələsində problemlərin yaşanması idi. Düzdür, Şah İsmayılın dövründə bu çox da özünü biruzə vermədi. Bu dövrdə qızılbaşlılıq düşüncəsi adı altında, yaxud da Hz.Əliyə, İmam Hüseynə, ümumiyyətlə imamlara olan sevgiylə yanaşı yavaş-yavaş Ömərə, Osmana, Əbu Bəkirə - müəyyən mənada batinilərin işə qarışması xüsusilə də fars İsmaililərin, fars batinilərinin işə qarışması gələcəkdə müəyyən problemlərə yol açdı. Bax, bu kimi məsələlər Şah İsmayıl və ümumiyyətlə digər türk bölgələri görünür ki, müəyyən boşluqlara yol veriblər.
Türk Səfəvilər dövlətində fars batinilərin güclənməsi yenidən dirçəlib ortaya çıxmasına səbəb oldu. Düşüncəmə görə bu kimi problemlər oldu…
Lakin böyük ölçüdə təkcə Azərbaycan deyil, onun ətrafındakı torpaqlarda böyük dövlətin yaranması, bütün hallarda bu dövlətin ən azı 1735-36 ci ilə qədər davam etməsi tariximiz üçün döğrudan da böyük bir uğur, nəaliyyət idi. Sadəcə başlanğıcdakı bəzi məsələlər, xüsusilə də Osmanlı-Səfəvi, Səfəvi -Şeybani münasibətlərinin düzgün qurulmaması, Qızılbaşlılığın zaman-zaman arasına sızan fars batinilərin onları öz lehinə çevrilməsi və sairə bu kimi problemlər gərək əvvəlcədən diqqətə alınaydı. Təəssüf ki, bu kimi halları gələcəkdə farslar çox ustalıqla, məhz qızılbaşlılığı sünniliyə qarşı şiəliyin bir məsələsinə çevirərək, sünni -şiə probleminin daha da dərinləşməsinə nail ola bildilər. Mənə belə gəlir ki, bu məsələlərdə müəyyən yanlışlıqlar oldu.
Şahnaz