Artan intiharların səbəbini bilən varmı?
Azad İsazadə: "Azərbaycanda nə real intihar statistikası, nə də onu quruplasdıraraq əsas səbəbləri axtaran, müəyyənləşdirən bir qurum yoxdur"
Paralel.az-in məlumatına görə, son zamanlar ölkədə intihar halları kəskin çoxalıb. "Bakida 19 yaşlı Kamilə Həşimli özünü 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yerə atıb. O, hadisə yerindəcə dünyasını dəyidib" - bunun kimi xəbərlərə az qala hər gün rast gəlirik. Bəli, psixoloq olmadan da anlaşılandır ki, ilyarımdan çox davam edən pandemiya, üstəgəl, 44 günlük müharibənin itkiləri cəmiyyətdə gərgin psixoloji durumun yaranmasına səbəb olub. Bu isə sözsüz ki, intiharların çoxalmasında müəyyən rola malikdir. Ümumiyyətlə, ölkədə sözügedən məsələ problem kimi hesaba alınırmı, tədqiq edilirmi və buna qarşı praflaktik tədbirlər görülürmü? Məsələ ilə bağlı bu sahə üzrə mütəxəssis Azad İsazadənin fikirlərini öyrənməyə çalışdıq. Ekspert bildirdi ki, intiharların səbəbləri çox rəngarəng olur: "Ona görə də intiharların səbəblərini ümumiləşdirmək çox çətindir. İnsan özü psixoloji problemlərin zirvəsidir. İntihar həddində insana elə gəlir ki, o çıxılmaz vəziyyətə düşüb, çıxış yolu axtarır və tapa bilmir, bu halda belə qeyri-adekvat yola əl atır - intihar edir. Bu psixoloji amildir. Belə hallarda insana ilk növbədə yaxın adamları, ailə üzvləri və dostları yardım etməlidir, onu psixoloqa aparmalıdır. Amma insanları bu nöqtəyə gətirib çıxaran problemlərin konsentrasiyasıdır, konsentrasya çox olanda intihar halları da ona uyğun artır. Hazırda bəlkə də intihar halları reallıqda göstərilən statistikadan xeyli çoxdur. İnsanlar ailə üzvlərinin intihar etməsini özünə sığışdırmır, ayıb sayır və mümkün olan hallarda onu gizlədir. Son zamanlar intiharın nümaiş halına daha tez-tez rast gəlinir. Bu halda insan özünü öldürmək fikrində olmur, amma evdəkiləri, ailə üzvlərini qorxutmaq məqsədilə intihar illuzyası yaratmaq istəyir. Bir çox hallarda belələri düzgün hesablamadığından intihar hadisəsi reallaşır. Yəni hər bir intiharı ayrıca araşdırmaq lazımdır. Bununla yanaşı real statistikaya malik olmaq da vacibdir. Növbəti mərhələdə mütəxəssislərin çalışdığı bir mərkəzdə intiharlar səbəblərinə görə qruplaşdırılmalı və əsas səbəb askarlanmalıdır. Azərbaycanda nə real intihar statistikası, nə də intiharları quruplasdıraraq əsas səbəbləri axtaran, müəyyənləşdirən bir qurum yoxdur. Belə bir qurum olmalıdır, orada intiharların əsas səbəbləri aşkarlanaraq, ona qarşı praflaktik tədbirlər görülməlidir. Bu halda biz problemi idarə edə bilərik. Təəssüflər olsun ki, belə bir mərkəz hələki yoxdur".
Akif Nəsirli