Vətəndaş cəmiyyətinin Problemləri
Qeydiyyat, vətəndaş cəmiyyətinin inkişafında mühüm yer tutur
Ölkəmizdə yeni olan qeyri-hökumət təşkilatı (QHT) sektorunun yaradılması 1980-ci illərin sonlarında start götürüb. Keçmiş sovet inzibati cəza maşınının təqibindən ehtiyat edən insanlar gizlicə bu fəaliyyətə qoşulur, daha sonra ətraflarındakı eyni düşüncəli insanları cəlb etməyə cəhd göstərirdilər. Paytaxt Bakıda yaşayan və sosial fəaliyyətlə məşğul olmağa meyll edən ziyalılar vətəndaş cəmiyyətinin ölkəmizdəki ilk "qaranquş"ları sayıla bilər. Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağın erməni təcavüzü və işğalı ilə xarakterizə olunan faciələrdən xalqı xilas etməyə çalışan ziyalılar öz siyasi iştirak dairələrini genişləndirir, eləcə də müxtəlif sosial təşkilatlar və xeyriyyə cəmiyyətlərini formalaşdırırdılar. Sovet İmperiyasının dağılmasından sonra vətəndaşları təsisatlarda birləşdirən xeyriyyə və mədəniyyət mərkəzləri təşəkkül tapdı. Bu istiqamətdə ilk təşəbbüslərdən biri 15 avqust, 1989-cu ildə təşkil olunan "Qarabağa Xalq Yardımı Komitəsi" idi. Həmin ilin dekabr ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradıldı.
Deyirlər mətbuat dördüncü hakimiyyətdir. Müasir mərhələdə bu deyimin əhatə dairəsi bir qədər genişlənib desək, yanılmarıq. Yəni bu deyim onu ehtiva edir ki, respublika quruluşunda hakimiyyət üç müstəqil qanada bölünür - qanunverici hakimiyyət, icraedici hakimiyyyət və bu iki qanad üzərində nəzarəti həyata keçirən, mübahisələri çözən məhkəmə hakimiyyəti. Hakimiyyətin bu üç qanadının davamı kimi, hüquqi baxımdan rəmzi olaraq medianı dördüncü hakimiyyət adlandırırlar. Amma indi dünya dəyişib, inkişaf etmiş ölkələrdə artıq yalnız media deyil, bütün vətəndaş cəmiyyəti institutları birlikdə dördüncü hakimiyyət sayılır. Həm də, yuxarıda işlətdiyimiz "rəmzi" məfumun özü bir rəmzə çevrilib. Çünki inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti həqiqətən cəmiyyətin idarə edilməsində həlledici rola malikdir. Hakimiyyətin qanuni üç qanadlarının hamısının qərarları, qəbul etdikləri qanunlar, çıxardıqları hökümlər ləğv edilə bilər, lakin vətəndaş cəmiyyətinin qəbul etdiyi "qərar" heç bir qüvvə tərəfindən ləğv edilə və ya icrasından imtina edilə bilməz. Demokratik dünyada vətəndaş cəmiyyətinin rəyinin əksinə qərar qəbul edən heç bir hakimiyyət öz iqtidarını sürdürə bilməz. Bu o deməkdir ki, vətəndaş cəmiyyəti institutları demokratik ölkələrdə cəmiyyətin idarə edilməsində ən çox iştiraka malik təbəqədir, cəmiyyətin özülünü təşkil edir.
Vətəndaş cəmiyyətinə media, bütün növ qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müstəqil həmkarlar təşkilatları, hərəkatlar, qeydiyyatdan keçməyən birliklər, mədəniyyət mərkəzləri və s. daxildir. Hətta, bəzi ölkələrdə bələdiyyələr belə, hibrid təşkilat halına gətirilib, o həm vətəndaş cəmiyyəti institutu, həm də yerli özünüidarə orqanı kimi inzibati institut hesab edilir. Siyasi hakimiyyət şaquli idarəetmə ilə məşğuldur, vətəndaş cəmiyyəti üfiqi idarəetmədə bulunan institutdur. Başqa sözlə desək, siyasi hakimiyyət qanunlar çərçivəsində qəbul etdiyi direktivlər əsasında fəaliyyət göstərdiyi halda, vətəndaş cəmiyyəti ictimai rəy əsasında fəaliyyət göstərir, ictimai rəy nəyi diqtə edirsə, vətəndaş cəmiyyəti də, məhz onu dilə gətirir, tələb kimi irəli sürür. Hətta, bu tələblər qüvvədə olan qanunlarla ziyddiyət təşkil etdikdə belə, hakimiyyət vətəndaş cəmiyyətinin fikrini dəyişmək barədə deyil, qanuna yenidən baxmağı düşünür. Hakimiyyət bu yolu ona görə tutur ki, vətəndaş cəmiyyətinin rəyi, artıq sadə vətəndaş düşüncəsi deyil, düşünülmüş, cəmiyyəti inkişafa aparan çağırışdır. Azərbaycan vətəndaşlarının qibtə ilə baxdığı Avropa ölkələrində, ABŞ-da və digər inkişaf etmiş dünya ölkələrini indiki zirvəyə çatdıran da, məhz vətəndaş cəmiyyətinin çağırışları olub. Cəmiyyətin sözügedən kəsimi inkişafa aparan yolda hərəkətverici qüvvə hesab edilir. Ona görə də demokratik dünyada vətəndaşların birləşmək hüququna çox həssas yanaşılır. Vətəndaşların birləşmək hüququ vətəndaş cəmiyyətinin yaranmasının hüquqi bazası hesab edilə bilər. Çünki vətəndaş yalnız bir araya gəldikdə, fikrən birləşdikdə vətəndaş cəmiyyəti institutunu formalaşdıra bilir. Məhz bu səbəbdən də, inkişaf etmiş ölkələrdə nəinki vətəndaşların birləşmək hüququnu məhdudlaşdırırlar, hətta, bu hüquqdan istifadəni stimullaşdırırlar.
Bəs Azərbaycanda vəziyyət necədir?
Bəli, ölkəmizdə hər hansı bir QHT, siyasi partiya və s. bu qəbildən olan qurum yaratmaq faktiki olaraq mümkündürsə də, bu qrumların əksəriyyətinin dövlət qeydiyyatına alınması ağrılı prosesdir. Əsasən də QHT və siyasi partiyaların qeydiyyatı qəliz məsələdir. Faktiki yaradılan, təsis qurultayını paytaxtın böyük zallarında keçirən partiyalar belə, bəzən onilliklərlə qeydiyyata alınmır. Bu gün Azərbaycanda yüzlərlə QHT təsisçiləri qeydiyyata alınmadığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. İnkişaf etmiş ölkələrdə, hətta, qeydiyyatdan keçmək belə, önəmli deyil, çünki qeydiyyat problemi vətəndaş cəmiyyətinin yolunu kəsə bilmir. Azərbaycanda isə qeydiyyatdan keçməyən siyasi partiya seçkidə siyasi partiya qismində iştirak edə bilməz. Qeydiyyatdan keçməyən QHT-lər hətta dövlətin keçirdiyi qrant müsabiqəsində belə, iştirak edə bilmir. Bir sözlə, qeydiyyatın yoxdursa, səni Azərbaycanda hüquqi baxımdan heç bir rəsmi qrum tanımır. Əslində isə qanuna görə üç nəfərdən ibarət olan birlik vətəndaş cəmiyyəti institutu hesab edilməli və onun qeydiyyatı asan bir prosedur olmalıdır. Çox təəssüf ki, 21-ci əsrdə belə, Azərbaycan vətəndaşları bu cür problemlərlə üzləşir, hətta, öz dövlətinə qarşı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ünvanlayır. Bu mənəvi baxımdan həm dövlət, həm də vətəndaş üçün ağır qarşılaşmadır. Arzu edək ki, vətəndaş cəmiyyəti qarşısında əngəl olan bütün problemlər öz həllini tapsın. Çünki vətəndaş cəmiyyətinin inkişaf etməsi, bütövlükdə cəmiyyətin inkişafına yol açır. Vətəndaş cəmiyyəti güclüdürsə, "teplovoz" qatarı dartıb mənzil başına apardığı kimi, cəmiyyəti inkişafa döğru aparacaq.
Akif Nəsirli
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub