Dırnaqarası sülh məramı, yoxsa açıq təhdid?
Paralel.az xəbər verir ki, Ermənilər yenə də öz mahiyyətlərinə uyğun davranmaqda davam edirlər. Keçən gecə onlar Şuşa ətrafındakı mövqelərimizi atəşə tutublar. Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz erməni silahlı dəstələri iyulun 13-də gecə saat 21:34-də və daha sonra, saat 21:45-də Şuşa ətrafındakı Azərbaycan Ordusunun mövqelərini pulemyot və avtomatlardan atəşə tutub. Bölmələrimizin şəxsi heyəti arasında yaralanan və həlak olan yoxdur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qaldı ki, ermənilərə, onların hansı xislətə malik olmasını tək biz deyil, bütün dünya bilir. Elə yaxın, uzaq qonşular da. Lakin buna rəğmən, bölgədə sülhün nə vaxtsa bərqərar olacağına dair iddialar da səsləndirilir. Çox demirik, sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə belə halların baş verməsi birbaşa məntiqə ziddir. Eləcə də, sülhməramlı amacına birbaşa əksdir.
Maraqlıdır, rus sülhməramlıları adına uyğun məqsəd və məram üçün orada yerləşdirilibsə, mənfur düşmənin onların arxasından hansı işlər gördüyünü niyə görmür?! Və yaxud, görürsə, nədən qəti bir tədbir görmür?!
Say baxımından və rəsmi olaraq qanunsuz silahlı erməni birləşmələrinə qarşı mübarizə nisbətən asandırsa və sülhməramlılar bununla bacara bilmirsə, onlar rəsmi şəkildə erməni tərəfdən gözlənilə bilən istənilən addımı necə qarşılayacaq?!
Hər halda, sual ritorik deyil və sülh məramına uyğun, cəmiyyətdən gələn mesajı özündə əks etdirir.
Nigar