Atəşkəsin pozulmasında kim günahkardır?

Atəşkəsin pozulmasında kim günahkardır?
 

Zərdüşt Əlizadə: "Ermənilər göstərmək istəyirlər ki, məsələ heç də İlham Əliyevin dediyi kimi deyil, münaqişə davam edir"

Son günlər Azərbaycan-Ermənistan sərhəddində tez-tez baş verən insidentlər - atışma, yaralıların və itkilərin olması cəmiyyətdə yeni narahatlıqlara səbəb olur. Məsələn, bu gün Azərbaycan-Ermənistan sərhəddinin Naxçvan hissəsində baş verən atışma nəticəsində Azərbaycan ordusunun bir əsgəri yaralanıb, Ermənistan ordusunun bir əsgəri isə həlak olub. Maraqlısı budur ki, Ermənistan 30 il ərzində münaqişə tərəfi olmadığını sübut etməyə çalışsa da, indi insidentlər birbaşa Azərbaycan-Ermənistan sərhədlərində baş verir. Artıq müharibə bitib, Azərbaycan torpaqları azad edilib, Yuxarı Qarabağ bölgəsinə rus sülhməramlıları müvəqqəti olaraq nəzarət edir. O üzdən də atəşkəsi pozmaq rəsmi Bakının maraqlarına qətiyyən uyğun gəlmir. Elə isə bu cür insidentlərin törədilməsində Ermənistanın maraqları nədən ibarətdir? Bu sualı politoloq Zərdüşt Əlizadəyə ünvanladıq.

Paralel.az xəbər verir ki, politoloq məsələyə münasibət bildirərkən dedi ki, 44 günlük müharibəyə qədərki mərhələdə atəşkəs rejimini əsasən Azərbaycan pozurdu ki, bununla münaqişənin hələ də həll olunmadığını, münaqişənin hər an alovlana biləcəyini nümayiş etdirsin: "Yəni həmin dövrdə atəşkəs rejiminin pozulmasında biz maraqlı idik. İndi isə bu insidentlərin baş verməsində Ermənistan maraqlıdır. Ermənilər göstərmək istəyirlər ki, məsələ heç də İlham Əliyevin dediyi kimi deyil. Münaqişə davam edir, atəşkəs pozulur, yaralananlar və ölənlər var, münaqişəni həll etmək lazımdır. Münaqişəni həll etmək üçün isə yenidən Minsk Qrupu zühr etməlidir. Görüşüb, "müdrik" məsləhətlərini verməli, beşulduz otellərdə gecələməli, yaxşı maaş almalıdırlar. Onlarla görüşən məmurlar da, xalqlarını göstərməlidirlər ki, çox vacib işlə məşğuldurlar - münaqişəni həll edirlər, millətin taleyi ilə çarpışırlar və s. Yəni məsələ çox bəsitdir".

Akif

0.025866031646729