Vətəndaş qazsız qalıb

Vətəndaş qazsız qalıb
 

Paralel.az xəbər verir ki, Bakı şəhəri, Ü.Hacıbəyov 27, mənzil 60 sakini Hüseyn Qurbanov qazla bağlı problemindən bəhs edir. Onun söylədiyinə görə, Görədil bağları 604 A ünvanında olan fərdi yaşayış evinin bir metrdən aralı hasarın yanına qoşulma nöqtəsindən olan çıxışı (“sosoku”) qoyan işçilərdən qoşulma haqqının 200 manat olduğunu öyrənib.

O, bunun qanunsuz olduğuna görə, Abşeron rayon qaz idarəsinə müraciət edib: “18.10.2012-ci il tarixli 12599 saylı qəbz alandan sonra əraziyə məsul Nadir adlı şəxs yerində baxış keçirərək, 17 manatlıq ödəniş edilməsinin zəruriliyini bildirdi. Məni bu tələbin qanunsuz olması, “Azəriqaz”ı isə məbləğin azalması qane etmədi. 2014-cü ilin mart ayından qazlaşdırma işini özəl şirkətlərə həvalə etdilər. Abşeron qaz idarəsinə çox yaxın məsafədə yerləşən 16 saylı İİTT-ə müraciət edəndə, sayğacın qiyməti və qanunda təsbit olunmamış “layihə”ni hazırlayıb qazlaşdırma aparmaları üçün 240 manat tələb etdilər.

Bunu, “240 manatlıq innovasiya”nı “Azəriqaz” rəsmisi Harun Vahabov mediaya 18.04.14-cü il tarixdə belə izah etdi ki, “Azəriqaz”ın yalnız kütləvi şəkildə qaz çəkilişi əhaliyə pulsuz başa gəlir, qazlaşdırmadan sonra tikilən əlavə evə qaz çəkilişində gecikmələrin olmaması və qazsız qalmaması üçün bunu ediblər. “185” qaynar xəttə narazılığımı bildirəndə telefonu qapatdılar. Energetika Nazirliyi dövlət qaz nəzarəti idarəsindən “qaz sayğacı ilə təchiz olunmanı və onun cavabdehliyini birmənalı şəkildə qaz paylayıcısının hesabına həyata keçirilməsinin müəyyən edilməsinə“ dair 16.06.15-ci il tarixli cavab aldım. AİİB vasitəsiylə Antiinhisar SİHM Dövlət Xidmətinə edilən müraciət isə 03.05.15-ci il tarixdən bugünə kimi “aidiyyatı üzrə baxılmaqdadır”.

Ombudsmanın 16.07.15-ci il tarixli cavabı “yaşayış məntəqələrində yerləşən, hər hansı bir səbəbdən qazlaşdırılmamış, həmçinin sonradan tikilmiş fərdi yaşayış evlərinin qazlaşdırılması üçün “Azəriqaz”a 2015-ci maliyyə vəsaiti ayrılmamışdır” məlumatı ümidverici tərzdə başlasa da, məntiqə uyğun şəkildə yekunlaşmadı. Deyilmədi ki, “Azəriqaz”a dövlət tərəfindən sözügedən maliyyə vəsaiti ayrılan zaman sizin də fərdi yaşayış eviniz siyahı ilə qazlaşdırılanların siyahısına daxil edilməsi tapşırıldı. Əksinə, “fərdi evlərin qazlaşdırılmasının dəyəri fərdi ev sahibi ilə podratçı təşkilat arasında qarşılıqlı razılaşma ilə müəyyən edilir” deyərək, İnsan yox, Qurum hüquqları müvəkkili kimi çıxış etdilər. Dövlətin üzləşdiyimiz problemin aradan qaldırılması üçün maliyyə vəsaitini ayırması halı 2015-ci ilin 16.07 tarixinə qədər olan dövrə təsadüf etməyibsə, bu o demək deyil ki, sonrakı dövrdə də bu vəsait ayrılmayacaq və ayrılmayıb.

Ayrılan vəsait nə səbəbdən təyinatı üzrə istifadə olunmur? Hansısa səbəbdən qazlaşdırılmamış fərdi yaşayış evlərini qazlaşdırması üçün dövlət tərəfindən bir yox, iki dəfə vəsait ayrıldığı halda, hələ deyirlər öz vəsaitinlə qazlaşdırma apar”. Şikayətçi xahiş edir ki, qeyd olunan ünvanda yerləşən şəxsi yaşayış evinə qanunda nəzərdə tutulmuş şərtlərlə qaz çəkilməsini lazımi orqanların diqqətinə çatdıraq.

Nigar

0.016324996948242