ABŞ, Rusiya və Fransa səfirləri nədən Şuşaya getməkdən imtina etdi?

ABŞ, Rusiya və Fransa səfirləri nədən Şuşaya getməkdən imtina etdi?
 

Qabil Hüseynli: "Şuşanın qədim Azərbaycanın mədəniyyət mərkəzi olması aksiomadır"

Paralel.az xəbər verir ki, Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

Ermənistan KİV-ləri artıq bu hadisəni özlərinin diplomatik "uğuru" kimi manşetlərə çıxarmaqdadırlar. Lakin Ermənistanla Azərbaycan arasında münaqişəni çözməyi 30 il əvvəl üzərinə götürmüş sözügedən üçlük bu addımla özünü beynəlxalq aləmdə rüsvay etdi. Çünki Minsk qrupu bütün fəaliyyəti dönəmində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Əgər Minsk qrupu 30 il tutuquşu kimi əzbərlədiyi bu bəyanatda səmimidirsə, nədən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə - Şuşaya səfərdən imtina edir.

Bəlkə Minsk qrupu ölkələri də ermənilər kimi Şuşanın "ermənilərin mədəniyyət mərkəzi" hesab edir? Elə isə bir nəfər də olsa Şuşada doğulmuş erməni mədəniyyət xadiminin adını çəksinlər, yoxdu belə bir tarixi şəxsiyyət! Amma Azərbaycan mədəniyyət incilərinin əksəriyyətinin tarixi məskəni Şusadır. Sözügedən dövlətlərin ölkəmizdəki səfirlərinin Şuşa səfərindən imtina etməsinin səbəbini politoloq Qabil Hüseynlidən soruşduq.

Politoloq bizimlə söhbətində bildirdi ki, onlar çox gözəl bilirlər ki, ermənilər bu torpaqlara 200 il əvvəl gəliblər: "Bünü ermənilər Tərtərlə Ağdərənin arasında qoyduqları "Marağa-150" abidəsi ilə də təsdiqləyiblər. "Marağa-150" abidəsi Azərbaycan SSR-in Ağdərə rayonunun (Mardaket) Marağa kəndində (indiki Şıxarx) İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətiylə 1978-ci ildə ucaldılmış abidə. Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlayanda dağıdılmışdır. Şuşa haqqında isə bu mövzuda hər hansı bir fikir söyləməyə ehtiyac yoxdur - Şuşanın qədim Azərbaycan mədəniyyət mərkəzi olması aksiomadır. Biz ümumiyyətlə ermənilərin Azərbaycanın əzəli torpaqları olan indiki Ermənistan ərazisinə ruslar tərəfindən köçürülməsini gündəmə gətirməliyik.

Bu dövlətlər ermənilərin gələcək məkirli planları barədə mesaj ötürürlər, baxın, biz Şuşaya getmədik, iddialarınızı bununla əsaslandırın! Onlar Minsk qrupunun fəaliyyətini yenidən bərpa etməyi gündəmə gətirmək istəyirlər. Bunun üçün isə səbəb olmalıdı, ona görə də "Qarabağ"ın statusu barədə fikir səsləndirirlər. Onlar Şuşanı da status istədikləri "Qarabağ"ın tərkib hissəsi hesab edirlər. Ona görə də Şuşaya səfərdən imtina edirlər. Amma bizim üçün nə Minisk qrupuna ehtiyac var, nə də ortada "Qarabağ"ın statusu məsələsi var. Prezidentin iqtisadi rayonlar barədə sərəncamında da bu öz əksini tapdı. Onların nə etməsindən asılı olmayaraq, Azərbaycan qalıb ölkə kimi şərtlərini diqtə etməli, kimlərinsə nazı ilə oynamamalı, lazım gələcəyi təqdirdə isə ərazi bütövlüyümüzü tam bərpa etmək məqsədilə antiterror əməliyyatları da keçirməlidir.

Akif Nəsirli

0.080247163772583