40 min əhaliyə 2 bankomat?

40 min əhaliyə 2 bankomat?
 

Sulutəpə əhalisi bankomat azlığından şikayətlənir

Paralel.az xəbər verir ki, Azərbaycanda dövlətdən müavinət alan, sosial təminata ehtiyacı olan əhaliyə müavinatların çatdırılma qaydaları artıq xeyli müddətdir ki, mütərəqqi üsula, yəni Bank bankomatları vasitəsi ilə ödəmə formasına keçib. Bu proses "Elektron hökumət" layihəsi çərçivəsində reallaşdırıla bildi.

Məlumdur ki, "Elektron hökumət" layihəsinin əsas hədəflərindən biri vətəndaş-məmur tamaşalarının minimuma endirilməsidir ki, haqqında söz açdığımız formanın seçilərək reallaşdırılması uğurlu addımlardan biri sayıla bilər. Lakin bu heç də o anlama gəlmir ki, sözügedən istiqamətdə artıq heç bir problem yoxdur. Məsələn, müavinətlərin ödənilməsi işi bankçılıq baxımından çox səmərəli sahə olduğundan iki bankın - "Kapital Bank" və Beynəlxalq Bankın inhisarına verilib. Bu sahədə rəqabət mühiti olmadığından şərtləri dövlət vətəndaş mövqeyindən deyil, banklar diktə edir. Ona görə də banklar özlərini çox arxayın hiss edir və fəaliyyətində vətəndaş rifahını arxa plana ataraq, öz Maddi mənafeyini ön plana çıxarır.

Normal bank-rəqabət mûhiti yaradılsaydı, bankın maddi mənafeyi vətəndaş mövqeyindən sonrakı sırada dayanardı. Bu şərait yaradılmadığından banklar öz maddi vəsaitlərinə qənaət etmək məqsədi ilə bankomatların sayını kifayət qədər artırmır ki, vətəndaşlar bankomat azlığından əziyyət çəkməsin. Bu sahədə inzibati rayonların vəziyyəti lap bərbaddır. Rayon mərkəzlərində hər müvəkkil bankın cəmi bir bankomatı var. Bütün kənd camaatı pensiyasını almaq üçün qışın şaxtasında, yayın istisində rayon mərkəzinə gələrək uzun növbələr gözləməli olur. Bu hal həm də paytaxt Bakının ətraf rayonlarına da xasdır. Bu gün güzarım Xocahəsən və Sulutəpə tərəfə düşmüşdü. Pensiyalar dünəndən verilməyə başlasa da, "İrəvan" şadlıq sarayının qarşısındakı bankomatların qarşısında uzun növbə var idi.

Adil Əbilov adlı pensiyaçı bizimlə söhbətində bildirdi ki, Xocahəsən və Sulutəpə əhalisi qalıb bu iki ("KapitalBank" və Beynəlxalq Bankın) bankomatın əlində: "Bunlarda da tez-tez pul ehtiyatı qurtarır, gözləyirik ki, inkassatorlar pul gətirsin. Xocahəsən poçtun qarşısında da Beynəlxalq Banka məxsus bankomat var, amma o bankomat heç vaxt işləmir. Çox əziyyət çəkirik, buralarda bankomatların sayını artırmaq lazımdır. Mən pensiya idarəsinə bir neçə dəfə bununla bağlı müraciət etmişəm, deyirlər ki, bu bankların işidi. Biz də bilirik ki, bankların işidi, amma banklara xidmət sifarişini pensiya udarəsi verir, xidmətin keyfiyyətinin artırılmasını da o (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tələb etməlidir".

Müsahibimiz olan digər pensiyaçılar da analoji problemdən əziyyət çəkdiklərini təsdiqlədilər. Belədə isə hesablayanda 40 əhaliyə cəmi 2 ("KapitalBank" və Beynəlxalq Bankın) bankomatın xidmət etməsi əlbəttə problem yaranmasına səbəb olacaq.

Akif Nəsirli

0.022518157958984