QİYMƏTLƏR ƏL "YANDIRIR"...
Paralel.az xəbər verir ki, paytaxtın müxtəlif rayonları üzrə qiymət fərqi mövcuddur. Nizami rayonundan başlasaq, “8-ci km. bazarı”nda kartofun ən ucuzu 20-30 qəpikdən başlayır, ən baha isə 70-80 qəpiyədir. Soğanın qiyməti 20 qəpikdən başlayır, üç-dörd kilosu 1 manata da var. Seçmə və yerindən asılı olan pomidor 50 qəpiyədir, daha çox isə üç-dörd kilosu 1 manatadır. Xiyarın kilosu ən çoxu 30 qəpiyədir, üç-dörd kilosu 1 manata olan da var. Badımcanın kilosu 20 qəpikdən başlayır, amma üç kilosu 1 manata olan da var. Lobyanın kilosu 50-60 qəpiyə, bolqar bibərinin qiyməti isə 50 qəpiyədir. Göyərtinin hamısı isə 10 qəpikdən təklif edilir. Meyvələr də normal qiymətədir. Misal üçün, almanın, armudun qiyməti 1 manatdan aşağıdır. Mövsümi meyvələrin qiyməti öncə və indi fərqli olub. Sarı gilasın qiyməti ayın əvvəlində 1.50-yə olub, indisə 2.50-yə qalxıb. “Öküz ürəyi” deyilən gilas növünün kilosu isə 2.50-dən başlayır. Çiyələyin qiyməti 50-60 qəpikdən 1 manata qədərdir. Böyük ölçülü ərik 3 manata, orta ölçülü ərik isə 70 qəpiyə, 1 manatadır. Özbək sortu şaftalının qiyməti 50 qəpikdən başlayır - bazara lap yeni gətirilən isə uzağı, 1 manata təklif edilir. Sarı alçanın kilosu 50 qəpiyədir. Beləliklə, mərkəzdən kənar ərazilərdə qiymətlər bu həddədir.
İndi keçək mərkəzə. Konkret olaraq, Yasamal rayonu, “Elmlər akademiyası” ərazisindəki marketlərdə və meyvə-tərəvəz satışı obyektlərində sözügedən məhsullar üzrə qiymətlər çox bahadır. Elə yuxarıdakı qiymətlərə nəzərən, onlardakı fərqi aydın və dəqiq görmək mümkündür. Belə ki, sözügedən ərazidə pomidorun qiyməti 1 manatdan yuxarı, xiyarın qiyməti isə 80 qəpiyədir. Lobyanın qiyməti 1.80-dir, badımcan isə 80 qəpik, 1 manatadır. Şirin, bolqar bibəri birmənalı şəkildə bahadır - 1.80-2 manatdan başlayır. Meyvələr isə demək olar ki, hamıya əlçatan deyil. Ağ gilasın qiyməti 3.50-dən başlayır, “öküz ürəyi” sortunun qiyməti isə ən aşağı 6-7 manata, bəzi yerlərdə isə 9-10 manata təklif edilir. Çiyələyin qiyməti 3 manatdan başlayır. Orta ölçülü ağ əriyin kilosu 3.50-yə, iri ölçülüsü isə 6-7 manata satılır. Sarı alçanın kilosu 1.50-dir. Mövsümi şaftalının qiyməti 2.50-dən başlayır. Bu ərazilərdə 1 manata alma tapmaq mümkün deyil. İstənilən sort baha qiymətə təklif edilir.
Sözsüz ki, bu qiymətlər meyvə-tərəvəzin müəyyən hissəsini təşkil edir. Əsas olan mərkəzdə və kənarlarda qiymətlərin ciddi şəkildə paradoks təşkil etməsidir. Əhali həminkidir, pensiya və maaşlar da bir-birindən ciddi şəkildə fərqlənmir. Lakin bazarlar uzaqda, marketlər və meyvə-tərəvəz satış obyektləri yaxında olduğundan insanların ora getməkdən başqa əlacı qalmır. Belə olan halda, əhalinin gəlirlərini nəzərə alaraq, paytaxtın hər rayonu üzrə kənd təsərrüfatı bazarının açılması çox vacib və insanların ailə büdcəsinə uyğun olar. Təbii ki, qiymətlərin əsas əhali kateqoriyasına uyğunluğu nəzərə alınmaqla.
Nigar