Zeynal Məmmədli: “Onlar özünü tənqidi, hətta haqsız tənqidi güzgüdə görməyə öyrəşməlidir”

Zeynal Məmmədli: “Onlar özünü tənqidi, hətta haqsız tənqidi güzgüdə görməyə öyrəşməlidir”
 

Cəmiyyət və media. Bir-biriylə sıx və birbaşa bağlı olan sahədən danışarkən, deməyə çox söz, verməyə sonsuz sual yaranır. Bu ərəfədə yeni “Media haqqında” qanundan da bəhs etməliyik. Çünki medianın vəzifələri, jurnalistlərin hüquqları, media-cəmiyyət, media-hakimiyyət məsələlərinin yeni müstəvidə olacağı və s. də cəmiyyətin diqqətindədir. 

Yeni qanunla medianın cəmiyyətdə yeri və rolunun beynəlxalq standartlara uyğunlaşdırılacağı da deyilir. Yeri gəlmişkən, yeni qanun layihəsinə görə, media reyestrinin formalaşdırılması, həm çap mediası, həm də onlayn, audiovizual media subyektlərinin reyestrdə qeydiyyatı gözlənilir.

Sözsüz ki, qeyd edilən məsələlərlə bağlı suallar yetərincədir. Həmsöhbətimiz də media sahəsi üzrə ekspert Zeynal Məmmədlidir.

Zeynal müəllim, sizcə, media sahəsində yeni qanuna ehtiyac nədən yaranıb və o, ilk növbədə nəyi təmin etməlidir?

Vaxtilə “KİV haqqında qanun” qəbul olunanda Avropa Şurasıyla danışıqlar gedirdi, Avropa normalarının bütövlükdə bizim mediada olmasından danışılırdı. Həmin dövrdə Venesiya Qrupu da qanun layihəsini yetərincə bəyənmişdi. Nəticə etibarilə, məqbul sayılacaq bir qanun oldu. Yeni qanunun hansı zərurətdən meydana gəlməsi isə mənə çox aydın deyil. Amma mediada olan məlumatlardan görünür ki, yeni situasiyada informasiya-kommunikasiya texnologiyalarının inkişafı, internet televiziyaları, saytlar və s. məqamlar bunu zəruri edib. Lakin nə dərəcədə zəruri edib?! Yeni qanun insan hüquqlarıyla, insanın bilmək, əmək hüquqlarıyla nə dərəcədə səsləşir?! İnkişaf etmiş Avropa dövlətlərində olan media qanunlarına nəzər salaq, bu qanunlar onlarda nə vaxt qəbul olunub, niyə köklü dərəcədə düzəlişlər yoxdur?! Amma bizdə qısa zamanda dəfələrlə düzəlişlər olub.

Sosial medianın da qanunda əksini tapacagı söylənilir…

- Bilirsiniz, sosial media güvənli, insanların inana biləcəyi bir qaynaq deyil. O, sadəcə olaraq, insanların özünü ifadə edəcəyi bir məkandır. İnsanlar öz hüquq-vəzifələrini nə qədər çox bilirsə, ölkə nə dərəcədə inkişaf edibsə, bu media xeyli faydalı ola bilər. Yəni sosial media peşəkar medianı əvəzləmir. Peşəkar mediaya olsa-olsa, mövzu, qaynaq verir. Ona görə, sosial medianın belə qanunlarla tənzimlənməsini nəyisə qaydaya salmaq mənasında başa düşmək olar. Amma nəticə etibarilə bunlar insanların bilmək, söz azadlığına maneə yaradacaqsa, ona əngəl olacaqsa, bunun analoqu yoxdur. Bizim bu situasiyada yasaqlarla medianı qaydaya salmaq heç bir nəticə vermir. Sosial medianın tənzimlənməsinə demokratik zərurət varmı?! Hökumət bunu tənzimləmək istəyir, amma insanların daha çox bilgi alması, yoxsa özünü daha müsbət planda göstərmək üçünmü tənzimləmək istəyir?! Bu sualın cavabı dəqiq olmalıdır. Bundan başqa, adi insanlar sosial mediadan şikayət edirmi?! Sosial mediadan şikayətçi olanlar məhz rəsmi şəxslər, məmurlardır. Onlar özünü tənqidi güzgüdə, hətta haqsız tənqidi güzgüdə görməyə öyrəşməlidir. Çünki demokratik cəmiyyətin tələbi budur. Onlar insanlara xidmət edirsə, özləriylə bağlı haqsız ifadələrin olmasına da daha dözümlü yanaşmalıdır. Məsələ ciddidirsə, məhkəmə var. Necə deyərlər, dözümlü münasibət və istisna hallarda da məhkəmə yoluyla məsələnin həll edilməsi. Eləcə də, Mətbuat Şurası, müxtəlif media təşkilatları var, yəni onların vasitəsilə medianın özünü tənzimləməsinə maksimum şərait yaratmaq lazımdır. 

- Necə hesab edirsiniz, yeni hazırlanan qanun jurnalistlərin, blogerlərin, informasiya istehsalçılarının müdafiəsində olmalıdırmı?

- Qanun ilk növbədə cəmiyyətin bilmək haqqının müdafiəsində, sadə vətəndaşın tərəfində olmalıdır. Peşəkarların vətəndaşın bilmək haqqını, bilgilənmə haqqını necə yerinə yetirməsi başqa bir məsələdir. Bəlli ki, bunlar qanuni, peşəkar, etik tələblər daxilində həyata keçirilməlidir. Ehtiyat edirəm ki, bu qanunda olmazlar olarların sayını üstələsin. Halbuki gözəl qanunda ancaq olmaz yazılır, qalan hər şey olar. Hər bir vətəndaşın danışmaq, yazmaq, çəkmək hüququ var. Blogerlər üzərinə peşəkar media öhdəliklərini götürüsə, biz peşəkar medianın qanunları və etikasıyla hesablaşacağıq. Amma bunlar yoxsa, onda məsələ hansısa narazılığa qarşı məhkəmə yoluyla buna baxılmasını zəruri edir. Yəni burda vətəndaşın niyyəti nədir - cəmiyyətdə qarşıdurma yaratmaqmı, kimisə vəzifədən çıxarıb yerinə keçməkmi, yoxsa özünə bir imic qazanıb bundan mənəvi-maddi gəlir əldə etməkmi? Bir çox məsələni qanunun öhdəsinə buraxmaq onu yükləmək deməkdir. Burda önəmli olan mediayla cəmiyyətin, hakimiyyətlə cəmiyyətin, mediayla hakimiyyətin münasibətidir. Hakimiyyət deyəndə, bu halda söhbət daha çox məhz hökumətdən gedir. Sözsüz ki, məhkəmələrin bu işə daha yaxşı, keyfiyyətli, vicdanla yanaşmasının şərtləri də budur. 

- Bəs cəmiyyət və media münasibətləri?

- Bilirsiniz, cəmiyyətin mediayla bağlı təsəvvürünün genişləndirilməsi orta məktəbdən başlamalıdır. Ordan başlayaraq media anlayışının keçilməsi, cəmiyyətin mediadan gözləntiləri, mediayla münasibətin necə qurulması kimi kompleks işlər görülməlidir. Bunlar olmadan, qanunlarla, yasaqlarla, olmazlarla cəmiyyəti irəli aparmaq mümkün deyil.  

       -Necə düşünürsünüz, hansı şərtlərlə mediadakı çatışmazlıqlar aradan qaldırıla, medianın cəmiyyətdə yeri və rolu beynəlxalq standartlara uyğunlaşdırıla bilər?

- İlk növbədə, hökumətlə cəmiyyət arasında səmimi münasibətlər olmalıdır. Hökumət cəmiyyətdən, mediadan nə gözləyir və ya, media hökumətdən nə gözləyir? Burda birtərəfli, yalnız birinin gözləntisini reallaşdırmaq mümkün deyil. Hökumət medianın qeyri-peşəkarlığından narazıdırsa, problemlər həllini tapmalıdır. Diqqət edək, medianın əməkhaqqı, informasiya almaq üçün şəraiti yetərincədirmi? Dövlət qurumlarının mətbuata məlumat vermək tənbəlliyi, ərköyünlüyü mövcuddur. Yaxud, dövlət orqanlarından cəmiyyətə veriləcək informasiya ehtiyatı keyfiyyətlə yaradılır, yoxsa başdansovdu? Medianın dövlət qurumundan adi statistika almasında belə, problemlər var, rayon və mərkəzi statistika məlumatı bir-biriylə uzlaşmır. Hökumət və icra qurumları üzərinə düşən vəzifələri önə çəkməlidir, onu keyfiyyətli və vaxtında etməlidir. O zaman cəmiyyət və media üzərində yasaqdan da kənarlaşılar. 

- Hazırda media sahəsində hansı məsələni daha vacib hesab edirsiniz?

Həll olunası məsələ çoxdur, lakin ən başlıcası medianın hardan maliyyələşməsi, reklam bazarının niyə şəffaf olmaması və s-dir, hazırda yada düşən bunlardr. Bu məsələlər önə çəkilməli və həllini tapmalıdır. 

Nigar  

0.02182412147522