Azad İsazadə: “Problemin kritik həddə çatmasını gözləməməliyik”
İkinci Qarabağ müharibəsi bitəndən sonra müharibə iştirakçıları arasında intihar edənlər olub. Müxtəlif bölgələrdən bu kimi ağır və üzücü məlumatlar gəlib. Onların sırasında Goranboydan Vüsal Musayev, Cəlilabaddan olan, “Qubadlının və Cəbrayılın azad olunmasına görə” medallarıyla təltif edilən Bəhmən Abbaslı, Daşkəsəndən olan, “Füzulinin və Xocavəndin azad olunmasına görə” medallarıyla təltif edilən Fərman Həsənov, Yardımlı sakini Fərid Quliyev, Göyçay rayonundan Birinci Qarabağ müharibəsi qazisi Müğdət Nəsirov var.
Od-alovdan keçərək döyüşlərdən sağ-salamat qayıdan qazilərin intihar etməsi çox üzücüdür. Əsas da, bu kimi hadisələrin qarşısının alınması günümüzün ən vacib məsələsidir.
Tanınmış ekspert, psixoloq Azad İsazadə söyləyir ki, döyüşlərdə iştirak edən insanların 99 faizi hansısa dərəcədə posttravmatik stress pozuntusu yaşayır. Yəni kimisi orta, kimisi yüngül, kimisi də kəskin: “Vaxtilə Amerikada Vyetnam sindromu, SSRİ-də Əfqanıstan sindromu və s. vardı. Müharibədən mülki həyata qayıdan insan bir qədər psixoloji stresslə qarşılaşır. Sözsüz ki, döyüşlərdə iştirak etmiş, yaralanmış, yaralı dostlarına kömək etmiş, onları itirmiş, kontuziya almış şəxs uzun müddət mülki həyata qayıda bilmir. Onlara mütləq psixososial reabilitasiya lazımdır. Biz bu işə başlamışıq. Yeddi aya yaxındır ki, cəbhəyanı ərazilərdə əhaliyə və qazilərə psixoloji yardım göstəririk. Lakin hamını əhatə etmək çətindir. Dövlət proqram hazırlamalıdır. Bu yaxınlarda regional mərkəzlər yaradıldı. Sosial problemlər, sənəd məsələsi, psixoloji problemlərlə məşğul olunacaq. İnşAllah, ümid edirəm ki, böyük sayda insana psixoloji yardım göstəriləcək”.
A.İsazadə qeyd edir ki, bu gün kəskin stress keçirmiş hərbçilərimizin arasında intihar hallarıyla rastlaşırıq. Psixoloqa görə, onların arasında daha ağır stress keçirmiş və daha həssas insanlar var: “Onlar o ağrıyla yaşamağa davam edə bilməyəndə, yaşamaq üçün məqsəd görməyəndə hesab edir ki, həyat bitir. Bu, konkret Azərbaycanın problemi deyil, bütün müharibə iştirakçıları arasında olur. Həmin problem Ermənistanda daha çox müşahidə edilir. Onların mətbuatından görünür ki, problem onlarda daha çoxdur. Biz qələbə çalmışıq, onlarsa uduzub. Ermənilər arasında intiharlar daha çoxdur. Lakin bu o demək deyil ki, biz torpaqlarımızı alan döyüşçülərimizlə məşğul olmayaq, onlara kömək etməyək. Birinci Qarabağ müharibəsində də bu proses var idi, amma o vaxt sosial şəbəkələr yox idi, mətbuatda çox məlumat açıqlanmırdı. İndi isə məlumat daha tez yayılır, sosial şəbəkələr var. Lakin gözləməməliyik ki, problem kritik həddə çatsın. Problemlə bağlı imkan daxilində məşğul oluruq, amma bu, hələlik pərakəndə xarakter daşıyır. Vahid bir proqram yoxdur”.
Nigar