Magistrlər Tələbə Krediti Fondundan kredit ala biləcəkmi?
Bəlli olduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi artıq başa çatıb. Hazırda magistraturaya qəbul olunanlar da tələbə kreditiylə bağlı suallara aydınlıq gətirilməsi istəyindədir. Bu məqsədlə Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən aldığımız məlumata görə, tələbə hansı universitetə qəbul olubsa, sözügedən məsələylə bağlı həmin ali təhsil müəssisəsinə müraciət etməlidir: “Tələbə təhsil krediti növbəti semestr üçün nəzərdə tutulub. Və tələbə də sentyabr ayından etibarən kredit götürə bilər. Bu, yeni bir layihədir. Ona görə də bütün suallara tələbənin oxuduğu universitetdən aydınlıq gətirilə bilər. Yəni məsələnin bütün detallarıyla, qaydalarla bağlı universitetlərdən tam dəqiq məlumat verilə bilər”.
Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Məlumata görə, kreditin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox təşkil etməməlidir.
Nigar