Uşaqlar üçün qoyulan qutular...

Uşaqlar üçün qoyulan qutular...
 
 

 

Sumqayıtda zibil qabından tapılan uşağın əslində, Sumqayıtdakı doğum evlərinin heç birində doğulmadığı bəlli olub. Onun ev şəraitində və vaxtndan əvvəl dünyaya gətirildiyi bildirilir. Hadisənin təfərrüatları barədə hələlik bir məlumat olmasa da, uşağın valideynlərinin axtarılması işi aparılır.  

Bu hadisə, yəni yenidoğulmuş uşaqların atılması problemi ilk və axırıncı deyil. Buna qədər də mətbuatda gedən və getməyən məlumatlarda körpə uşaqların hara gəldi atılması faktı vardı. Onların hansı səbəbdən - nikahdankənar, planlaşdırılmamış övlad sahibi olmaq, maddi sıxıntı, fiziki qüsurlu doğulma, ən ağırı isə qız uşağı olmasından dolayı atılması söylənənlərin bir qismidir. Səbəblər, görüləcək tədbirlər, profilaktik iş və digərləri davamlı və sonrakı məsələdir. İndilikdə vacib olan isə övladını atan valideynlərə qarşı hansı cəzanın tətbiq edilməsidir.  

Cinayət Məcəlləsinin 121-ci maddəsinə görə,  ananın yeni doğduğu uşağı doğuş vaxtı və ondan dərhal sonra qəsdən öldürməsi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək  müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

 CM-in 143-cü maddəsinə görə isə, həyat-sağlamlığı üçün təhlükəli vəziyyətdə olan, özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya  onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda, bunu etmədikdə min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir. Və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Dünyaya gələn kimi atılmaq isə uşaq hüquqlarının ilk pozulması faktıdır. Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov da  söyləyir ki, əlbəttə,  belə valideynlərə qarşı qanunvericilikdə müvafiq cəza mövcuddur. Lakin cəza tədbirlərinə baxmayaraq, uşağını doğulan kimi atan vaideynlər hələ də var. Cəzalar nə qədər sərt olsa da, bununla məsələ həll olunmur. Həmsöhbətimiz deyir ki, xarici ölkələrdə belə bir təcrübə mövcuddur: “Xaricdə uşaqlar üçün xüsusi qutular var. Valideynləri tərəfindən imtina edilmiş, istənilməyən uşaqlar həmin qutulara qoyulur, hökumət də onları təhvil alır, himayəyə götürür. Yəni valideynlər uşağı öldürmürlər.  Təəssüf ki, bu proqram Azərbaycanda həyata keçirilmir. Belə qutular olsaydı, kimsə uşaqdan imtina edəndə də onu aparıb zibilliyə, yaxud, həyati təhlükə yaradan digər yerlərə deyil, ora aparıb qoyardı. Düşünək ki, valideyn uşaqdan imtina etmək istəyir, onu hökumətə təhvil versə, aşkara çıxacaq, məsələnin üstü açılacaq. Valideyn də biabır olmamaq üçün ya uşağı öldürür, ya da ki, zibil yeşiyinə atır. Əslində,  problemi hərtərəfli həll edib aradan qaldırmaq  lazımdır ki, belə hadisələyaşanmasın. Amma təəssüf ki, bu tip hadisələr baş verir”. 

Nigar 

 

 

0.018490076065063