Ölkədə mal-qaralar arasında öldürücü xəstəlik yayılıb
Vahid Məhərrəmli: "Kənd Təsərrüfatı naziri ixtisasca hüquqşünas, onun birinci müavini də hüquq üzrə mütəxəssis, digər müavini neft mütəxəssisi, üçüncü müavin isə siyasətşünasdır"
Azərbaycanın kənd təsərrüfatının heyvandarlıq bölməsi ilə məşğul olan fermerlər ciddi problemlə üzləşiblər. Belə ki, fermerlərdən aldığımız məlumatlara görə iribuynuzlu heyvanlar kütləvi şəkildə xəstələnərək tələf olurlar. Yerli baytarlıq xidməti və digər mütəxəssislər hələlik xəstəliyi müəyyənləşdirə bilmirlər. Cəlilabad, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcəbədidə iribuynuzlu heyvanlar arasında yayılan, naməlum xəstəliyin xaricdən idxal edilmiş heyvanlardan yoluxduğu ehtimal edilir.
Fermerlərin Paralal.az-a verldiyi məlumata görə, vəziyyət ciddi xarakter aldığından rayonlardakı mal-qara alış-verişi üzrə həftə bazarı da öz fəaliyyətini dayandırıb. Xəstəliyin ən çox yayıldığı ərazi Cəlilabad rayonunun Alar kəndidir. Yerli sakinlərin sözlərinə görə, xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqlarında soyulma prosesi gedir və heyvanların bədənlərinin müxtəlif nahiyələrində dairəvi şəkildə şişlər əmələgəlir. Əsasən iribuynuzlu heyvanlar bu xəstəliyə yoluxduğundan onlar qidadan belə, imtina edirlər. Gündən-günə çəkisi azalaraq xəstəliyə tutulmuş heyvan son nəticədə tələf olur. İndi sakinlər kütləvi halda yayılmış xəstəliyə qarşı mübarizə tədbirlərinin vaxtında aparılmamasından narahatdırlar. Rayonların Baytarlıq İdarələrindən isə xəstəliyin müşahidə olunduğunu etiraf etsələr də, bunun kütləvi xarakter almadığını vurğuladılar. Kənd Təsərrüfatı Nazirliyindən isə bildirdilər ki, onlara hələ ki, bu barədə yerlərdən məlumat daxil olmayıb.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli bizimlə söhbət zamanı bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyinin nəinki kənd təsərrüfatından və fermerlərdən, heç dünyadan da xəbəri yoxdur: "Bölgələrdə dövlət hesabına həm baytarlıq xidmətləri var, həm də aqrar ünsiyyət mərkəzləri var ki, orada mütəxəssisləri işə götürüblər. Əslində bu strukturlar ilkin informasiyanı əldə edən kimi nazirliyə məlumat ötürməlidirlər. Lakin bu mərkəzlərdəki mütəxəssislər fermerlərlə işləməkdə, qanuni vəzifələrini yerinə yetirməkdə maraqlı deyillər. Birincisi, ölkədə savadlı mütəxəssislər azdır, ikincisi isə sözügedən mərkəzə savadlı mütəxəssis cəlb etməkdə nazirlik də maraqlı deyil. Bu mərkəzlərə adətən elə insanları cəlb edirlər ki, mərkəzlərə verilən aktivləri (dərman peraparatlarını) və müalicə üçün ayrılan vəsaitləri nəğdləşdirərək yuxarı ötürməyi bacarsın. Ona görə də az sayda olan mütəxəssislər də bu mərkəzlərdən kənarda qalır. Belə bir şəraitdə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq sahəsinə nəzarət edə bilməz. Bir atalar sözü var, deyirlər, balıq başından iy verər, gəlin görək nazirliyin özündə vəziyyət nesədir. Kənd Təsərrüfatı naziri ixtisasca hüquqşünas, onun birinci müavini hüquq üzrə mütəxəssis, digər müavini neft mütəxəssisi, üçüncü müavin isə siyasətşünasdır. Belə bir nazirlikdən hansı səmərəli iş gözləmək olar? Belarusda Kənd Təsərrüfatı naziri ixtisasca zootexnik, birinci müavini aqronom, digər müavini isə ixtisasca baytardır. Ona görə də aqrar sahədə işi qura bilirlər. Azərbaycanda idxal edilən heyvanlara da etinasız yanaşılır. Əslində idxal edilən heyvanlar əvvəlcə yerində müayinə olunmalı, idxal zamanı isə yenidən müayinə edilməlidir.".
Röyal