Bərdə sakini olan təqaüdçünün hüquqları pozulur
Bərdə şəhəri, Şəhriyar küçəsi 5A ünvanında yaşayan Sevda Məcid qızı Abbasova internetlə bağlı problem yaşayır. Onun ən azı ayda bir dəfə ev telefonunu xəttdən ayırırlar. Bununla bağlı pensiyaçı qadının ailə üzvləriylə əlaqə qurmaq imkanları da tükənir. Bərdə Telekommunikasiya Qovşağının montaj ustaları olan Səfər və Vüqar adlı şəxslərin məsuliyyətsizliyi ucbatından pensiyaçı qadın çətinliklə üzləşib.
Təqaüdçü şəxsin qızı Səbinə Abbasovanın Azad İstehlakçılar Birliyinə ünvanladığı ərizə-məktubda bu barədə deyilir: “Ödənişlə bağlı heç bir gecikməsi olmayan yaşlı anam ayın yarısını telefon və internet xidməti olmadan yaşamalı olur. Anamın bir sıra ciddi xəstəlikləri var. Onun dərman və iynələrinin vaxtlı-vaxtında olunması üçün bizimlə telefon-internet əlaqəsi zəruridir. Biz Bərdə Telekommunikasiya Qovşağının işçiləriylə dəfələrlə əlaqə saxlamışıq. Bizə telefon və internetin tezliklə işləyəcəyinə söz veriblər. Hər dəfə də bu problemin həllinin həmin iki nəfər adıçəkilən şəxsdən asılı olduğunu deyirlər. Bu iki nəfəri tapıb telefon və internet xəttini düzəltdirmək isə mümkün deyil. Hazırda artıq iki həftədən çoxdur ki, anamın ev telefonu və internet xidməti işləmir. Hesab edirəm ki, bu, birbaşa yaşlı anamın istehlakçı hüquqlarının pozulmasıdır. Xahiş edirəm, yaşlı təqaüdçü anamın hüquqlarının təmin olunmasına kömək edəsiniz”.
NİGAR