Gözlənilən zəlzələ...
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuata açıqlamasında deyib ki, texnologiya inkişaf etsə də, qısamüddətli proqnoz vermək 100 illər sonra mümkün olacaq. Onun sözlərinə görə, Bakı zəlzələsiylə bağlı da hələ apreldən məlumat verilmişdi: “Demişdik ki, Xəzərdə güclü zəlzələ gözlənilir. Amma bunu ictimaiyyətə açıqlaya bilməzdik. Açıqlasaydıq, dünya, aləm qarışardı”.
Ekologiya üzrə tanınmış ekspert, alim Telman Zeynalov bizimlə söhbətində deyir ki, Geologiya İnstitutu harada zəlzələ baş verəcəyini nəzərə almalıdır. Misal üçün, mümkündür ki, Qaradağ ərazisində, Xəzərdə vulkan püskürsün. Çünki torpaq nəfəs alır,
yerin təkində nə qədər qaz varsa, o, üzə çıxmaq niyyətindədir: “O qazların üzə çıxması üçün şərait yaratmaq lazımdır. Həmin şəraiti də zəlzələ yaradır, qaz çatlar və boşluqlarla üst səthə çıxır, partlayış baş verir və onlar sürətlə yuxarı qalxırlar. Bunu Xəzərdə gördük. Ada yarandı, lakin bir-iki aydan sonra ləpələr onun hamısını yuyacaq. Quru ərazilərdəki zəlzələ və vulkan püskürmələri zamanı yeni adalar yaranır. Baxın, Qafqaz dağları dünyada, Yer kürəsində ən cavan dağlardan biridir. Ona görə də hər şeyi dəqiq hesablamaq, təbiətdə nəyin özünü necə göstərəcəyini bilmək lazımdır. Zəlzələ və vulkan püskürməsi sübut etdi ki, qazdığınız torpağın altında nələr var. Və onlar imkan verməyəcək ki, rahat yaşayasan”.
T.Zeynalov vurğulayır ki, hansısa ərazidə zəlzələ baş verəcəksə, onun hansı dərinlikdə və gücdə olduğu mütləq öyrənilməlidir. Ona uyğun, dövlət başçısının sərəncamıyla əhalini həmin ərazidən köçürtmək lazımdır: “Həmin
ərazini boşaltmaq lazımdır ki, ölüm nəticəsiylə üzləşməsinlər. Əhaliyə nə olursa-olsun, məlumat verilməlidir. Amma hər şeyi gizlədirlər, günahı da karbon qazının üstünə qoyurlar. Karbon qazı olmasa, yer üzündə canlı həyat olmaz, insanlar yaşaya bilməz axı”.
Nigar