Qsarabağ Komitəsi növbəti toplantı keçirib - Xalqa müraciət qəbul olunub..
Komitə iclasda gedən müzakirədən sonra qərar qəbul edib.
Q Ə R A R
-Laçın şəhəri erməni-rus işğalından azad olunsun!
- Azərbaycan Xankəndi və ətar əraziləri azad etmək üçün yeni hərbi əməliyyatlara başlasın!
- BMT-nin Qaçqınlar üzrə Komisarlığının məcburi köçkünlərimizə dair fəaliyyətsizliyi qəti şəkildə pislənilsin!
- Yuxarı Qarabağa dair xalqla müzakirə üçün QARABAĞ FORUMU keçirilsin!
2 iyul 2021-ci il tarixində Qarabağ Komitəsi İdarə Heyətinin növbəti toplantısı keçirilib və Yuxarı Qarabağ ətrafında yaranmış gərgin ictimai-siyasi və diplomatik vəziyyət müzakirə olunub.
Qarabağ Komitəsinin üzvləri böyük hiddətlə vurğulayıb ki, son zamanlar Rusiya sülhməramlılarının himayəsində olan terrorçular və qondarma rejim nümayəndələri, o cümlədən Beqlaryan, Balasanyan, Arutunyan və başqaları Azərbaycana qarşı bəyanatla çıxış edir və terrorist çağırışlar səsləndirirlər. Azərbaycan hökumətinin üzvləri isə bu məsələlərin üzərindən sükutla keçir və heç bir addım atmırlar.
Qarabağ Komitəsi azğınlaşan erməni separatçılarına və terroristlərə qarşı kəskin tədbirlərin görülməsini və bölgədə antiterror əməliyyatının keçirilməsini Azərbaycan hökumətindən qəti şəkildə tələb edir.
Erməni-rus işğalında qalan 3 500 kv.kilometr Azərbaycan ərazisinin azad olunması üçün bütün vasitələrdən istifadə edilməsini və hətta yeni hərbi əməliyyatların başlanmasını vacib hesab edir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Xankəndi və ətraf ərazilərimizi nəzərə almadan da, Ermənistanla sülh müqaviləsinin bağlanmasının mümkünlüyü barədə mediada yayılmış fikirlərinə aydınlıq gətirilməsini qəti şəkildə tələb edir və bu məsələnin üstündən sükutla keçməyi yolverilməz hesab edir.
Komitə Xankəndi və ətraf ərazilərdə rus sülhməramlılarının Azərbaycandakı fəaliyyəti fonunda Rusiyanın XİN rəhbəri S.Lavrovun BNT-nin Qaçqınlar üzrə nümayəndəsi ilə Azərbaycana aid məsələni müzakirəyə çıxarmasını milli suverenliyimizə müdaxilə cəhdi kimi qiymətləndirir və bu hərəkətə qəti şəkildə etiraz edir.
Komitə məcburi köçkünlərin Xankəndi və ətraf ərazilə qaytarılması məsələsində Azərbaycan hökumətinin fəaliyyətsizliyini kəsin pisləyir və etirazını bildirir. BMT-nin Qaçqınlar üzrə nümayəndəsi ilə birgə bu istiqamətdə aktiv fəaliyyət göstərməyə çağırır.
Komitə, həmçinin BMT Qaçqınlar üzrə Komisarlığının bu məsələdə fəaliyyətsizliyinə etiraz edir və narahatçılıqla vurğulayır ki, Azərbaycan hökuməti Laçın şəhərinə qayıdış məsələsini gündəmə gətirmir və bu məsələyə dair heç bir addım atılmır. Laçın şəhəri erməni-rus işğalından azad olunmalıdır!
Komitə, eyni zamanda Yuxarı Qarabağda yaranmış vəziyyətlə əlaqədar siyasi partiyalar, ictimai təşkilatlar, gənclər birlikləri, ziyalılar və məcburi köçkünlərin nümayəndələri ilə birgə QARABAĞ FORUMU keçirilməsini və xalqla müzakirələrin aparılmasını vacib hesab edir. Bu istiqamətdə İdeoloji yönümündən asılı olmayaraq, bütün siyasi partiyalarla birgə çalışmağı və müvafiq məsləhətləşmələrin aparmasını vacib hesab edir.
Müvafiq məsləhətləşmələrin keçirilməsi üçün Qarabağ Komitəsi 4 nəfərdən ibarət İşçi Qrupu yaradıb.
Mətbuat xidməti