Rüşvət və korrupsiya dövlət və xalq üçün böyük təhlükədir
Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]
Rüşvətə «nəfəs» verən yüksək vəzifə sahibləridir
Bəşəriyyətin hazırda mübarizə apardığı, lakin hələ müsbət nəticə əldə edə bilmədiyi rüşvət və korrupsiya azalmır, əksinə getdikcə güclənir.
Tarixçilərin tədqiqatı sübut edib ki, rüşvətin yaranma tarixi insanın yaranışı ilə eyni vaxta təsadüf edir. Rüşvətxorluq yalnız vəzifəli insanların törətdiyi cinayətdir.
Təəssüflə qeyd edim ki, Azərbaycan dövlətinin Prezidenti rüşvətxorluğa qarşı ciddi mübarizə aparsa da, məmurların əksəriyyəti dövlət və millət üçün böyük təhlükə mənbəyi olan rüşvətə «nəfəs» verirlər, xalqı və dövləti talayıb, milyardlar qazanırlar. Hazırda rüşvət sözün tam mənasında xalqımızın və dövlətimizin ən böyük düşməninə çevrilib.
Dünyanın istənilən ölkəsində rüşvət və korrupsiya halları var, amma bu, ölkəmizdəki qədər geniş şəbəkə forması almayıb, dövlətin bütün qollarında xərçəng xəstəliyi kimi yayılmayıb.
Tarixə nəzər yetirsək, rüşvət və korrupsiyanın ölkəmizdə kütləviləşməsi SSRİ dövrünə təsadüf edir.
Müstəqil Azərbaycanın 30 illiyini bu ilin oktyabr ayında qeyd edəcəyik. Müstəqilliyin ilk dövründə dövləti idarə edən məmurların çoxu sovet dönəmində rüşvət və korrupsiya məktəbini «əla qiymətlərlə bitirmiş «məmurlar olması işi çətinləşdirib. Onların rüşvət hərisliyi müstəqil, gənc ölkəmizin çöküşü ilə nəticələndi.
Sovet dönəmində yaşamış insanlar bilir ki, respublikalarda, o cümlədən Azərbaycanda rüşvətxorluğun geniş yayılması bilavasitə Kremlin gizli siyasətinin tərkib hissəsi olub. Çünki Kremldə əyləşənlər bu yolla həm respublika rəhbərlərini özlərindən asılı vəziyyətə salırdılar, həm də respublikalardan külli miqdarda qazanc, rüşvət götürürdülər.
Məhz müstəqillik qazanmış gənc Azərbaycan dövlətində vəzifə tutan məmurların əksəriyyətinin rüşvət və korrupsiya xəstəliyinə kütləvi tutulmasının əsas səbəblərindən biri də məmurların sovet dövründə "peşəkar rüşvətxor" təcrübəsi qazanmasıdır.
Müstəqilliyin ilk dövründə respublikanın birinci katibi kreslosunu prezident kreslosuna çevirən Ayaz Mütəllibov ölkəmizi Moskvanın canişini kimi idarə edirdi. Ölkədə kadrlar vəzifəyə yalnız qohumluq, dostluq, yerliçilik və rüşvətlə təyin olunurdu.
Moskva Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə maneə olmaq və özündən asılı vəziyyətdə saxlamaq məqsədilə, bir tərəfdən Ermənistan vasitəsilə torpaqları işğal etdi, digər tərəfdən, Azərbaycan vətəndaşları içərisində iğtişaş və qarşıdurma yaratdı.
Nəticədə Azərbaycan xaos, qarşıdurma və vətəndaş müharibəsilə üzləşdi. Ölkədə vətəndaş qarşıdurması elə həddə çatdı ki, xalq Heydər Əliyevi israrla hakimiyyətə dəvət etdi.
Təbii olaraq xalq dərk etdi ki, Rusiyanın ölkədə yaratdığı vətəndaş müharibəsinin qarşısını yalnız Heydər Əliyev kimi mükəmməl lider ala bilər. O, gəldi və nehrə kimi çalxalanan ölkəmizi daxili və xarici düşmənlərin əlindən aldı...
Qısa müddətdə ölkədəki çətin problemləri malik olduğu dövlətçilik təcrübəsilə yoluna qoydu. Ölkəmizin müstəqil dövlət kimi dünyaya inteqrasiya etməsi, böyük neft layihəsinin icrası üçün həlli mümkün görünməyən problemləri həll etdi. Moskva ilə bərabərhüquqlu dövlət kimi münasibət qurdu.
Lakin nə qədər ciddi mübarizə aparsa da, ölkədə sovetlərdən miras qalan rüşvətin və korrupsiyanın kökünü tam kəsə bilmədi.
Heydər Əliyevi 2003-cü ildə əvəz edən hazırkı ölkə Prezidenti İlham Əliyev "X" gününə möhkəm hazırlıq görən daxili və xarici düşmənlərin müqavimətini qətiyyətlə qırdı. Qısa müddətdə Azərbaycanın sürətli inkişafını təmin etmək üçün cəsarətli addımlar atdı. Bütün sahələrdə, Bakıda və regionlarda həyat qaynadı, ən geridə qalmış kəndlər belə abadlaşdırıldı...
Ölkədə gedən quruculuq işlərilə bərabər, mənfi hallara qarşı, xüsusən rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə gücləndi. Bu mübarizəni təmin etmək üçün xüsusi idarə yaradıldı. Dəfələrlə edilən xəbərdarlıqdan nəticə çıxarmayan kadrlar vəzifədən azad olundu, tərbiyə olunmayan rüşvətxor və korrupsioner məmurlar həbs olundu. Xalqa yuxarıdan aşağı baxanlar, təhqir edənlər isə ciddi tənbeh olundu.
Torpaqlarımızı Moskvanın hərbi və əsgəri yardımı ilə işğal edən Ermənistanı diz çökdürmək və işğalda olan torpaqlarımızı düşməndən azad etmək məqsədilə Azərbaycan güclü, qüdrətli dövlətə çevirildi.
Nəhayət, İlham Əliyev Ali Baş Komandan olaraq, hakimiyyətə gələrkən xalqa verdiyi vədləri uğurla yerinə yetirdi. Ermənistan, himayədarları və terrorçulardan ibarət olan ordusu ötən il 44 gün ərzində Azərbaycanın Qəhrəman ordusu tərəfindən məhv edildi. Ermənistan sözsüz təslim olmaq barədə kapitulyasiya sənədinə imza atmağa və torpaqlarımızdan çəkilməyə məcbur oldu.
Azərbaycan xalqının 30 il ərzində dərddən əyilən qəddi dirçəldi, düşmən tərəfindən tapdanmış namusumuz təmizlədi...
Bir sözlə, ölkəmizin uğurlarından günlərlə danışmaq, dastan yazmaqla bitməz...
Lakin ölkəmizin imza atdığı uğurlarından danışmaqla yanaşı, hazırda mövcud olan nöqsan və qüsurlarımızdan da bəhs etməyin vacib olduğunu düşünürəm.
Ölkəmizdə nöqsan və qüsurlardan söz açanda, ilk növbədə, rüşvətxorluğun hələ də davam etməsini, məmur özbaşınalığının yüksək həddə çatmasını, gündəlik təlabat və ərzaq məhsullarının qiymətinin durmadan artmasını, əlillərin təqaüdlərinin kütləvi dayandırılmasını, məhkəmə, prokurorluq və daxili işlər orqanlarının qanunazidd fəaliyyətinin sadə xalqın vəziyyətini daha da ağırlaşdırdığını xüsusi qeyd edirəm...
Vətən müharibəsində ordumuzun düşmən üzərində çaldığı böyük qələbəni təmin edən sadə xalq övladlarının - şəhid ailələrinin, müharibə əlillərinin və veteranların müraciətlərinə məmurların kobud münasibəti xalqda ciddi narazılıq yaradıb.
Vətəndaşarın ərizə və şikayətlərinə vaxtında baxılmır, məmurların xalqa yuxarıdan aşağı baxması, hətta insanları təhqir etməsi halları çoxalıb...
TƏBİB-in təyin etdiyi xəstəxana direktorlarının ölkənin tibb ocaqlarında yaratdığı rüşvətxorluq hallarından şikayət edən vətəndaşların sayı durmadan artır. Ölkədə Tibbi sığortaya keçirməsinin insanların pulsuz müalicəsinin təmin olunmasına müsbət təsiri hiss olunmur. Tibb müəssisələrində hər yerdə rüşvətlə, haqsızlıqla qarşılaşan xalqda ümudsizlik yaranır.
Ölkə Prezidentinin gündəlik iş qrafikinin həddindən çox gərgin olmasından sui-istifadə edən bir sıra məmurlar sanki xalqı incitməklə, haqqını əlindən almaqla, qanunları pozmaqla, onu etiraz aksiyası keçirməyə təhrik etməyə çalışır...
Çirkin hərəkətlərilə vətən müharibəsində möhkəmlənmiş milli birliyi pozan rüşvətxor məmurlar narkotik aludəçiləri kimi, sanki rüşvət və korrupsiya xəstəliyinə tutulublar. Hiss olunur ki, əksər məmurlar rüşvət əməlinə görə hazırda məhbəsdə yatan məmur həmkarlarının aqibətindən düz nəticə çıxarmayıblar...
Ölkə Prezidentinin etimad göstərib yüksək vəzifəyə təyin etdiyi şəxslər əksər hallarda rüşvətxor və dələduz məmurların cinayətlərini ifşa etmək əvəzinə, onların xalqa və dövlətə qarşı etdiyi cinayətləri cənab prezidentdən gizlətdikləri aydın hiss olunur. Bu insanların ölkədə mövcud olan mənfiliklərə münasibətindən hiss olunur ki, yüksək vəzifəlilərin bir çoxu şəxsi mənafelərini dövlət və xalq mənafeyindən üstün tuturlar.
Lakin xalq Prezidentinə inanır, müdafiə edir, ölkədə mövcud olan mənfi hallara səbrlə dözür. Xalq inanır ki, dövlət başçısı bundan sonra da rüşvətxor, korrupsioner məmurlara və ölkədə mövcud olan bütün mənfi hallara qarşı mübarizəni inamla davam etdirəcək...