Sosial qapılar kasıb zümrənin üzünə qapadılır
Təhsil naziri deyir ki, bəs küçə doludur bahalı maşınlarla, camaat maşın almağa pul verir, övladının təhsilinə pul vermir. Necə deyərlər, elçisi gülüm olanın başına külüm olar…
Bir az əvvəl də deyirdi ki, dövlət universitetlərində ödənişin həcmi azalsa, hamı ali təhsil alar.…
Ölkədə təhsil haqqı orta hesabla 2500 manatdır. Müqayisə üçün deyim ki, qızımın təhsil aldığı Türkiyənin nüfuzlu Uludağ Universtetində təhsil haqqı 2000 lirədir, yəni 390 manat (ixtisaslara uyğun olaraq məbləğlər dəyişir). Eyni ixtisasa (psixologiya) görə, BDU illk təhsil haqqı 1800 manatdır. Nəzərə alın ki, qızım Türkiyədə əcnəbi vətəndaş sayılır. Yəni yerli tələbələrə daha çox güzəşt edilir. Ən başlıcası isə, Uludağla BDU-nun reytinqi müqayisə etmək belə ayıbdır. Nəhayət, illik ödənilən 390 manatın da bir hissəsi dolayısıyla tələbəyə qaytarılır – universitetin yeməkxanasında yemək cəmi 70 qəpikdir. Üstəlik, tələbələərə ictimai nəqliyyatda 50 faiz güzəşt edilir…
O ki, qaldı küçənin bahalı maşınla dolu olması kimi mənasız arqumentə, o maşınların 90 faizi büdcə oğrularına məxsusdur və onlar övladlarını BDU-da yox, Avropanın ən bahalı universitetllərində oxudurlar. Hansı ki, onların 1 illik xərcinə 100 təzə maşın almaq olar. Orta statistik azərbaycanlılar yerli universitetlərə üz tuturlar və əksriyyəti uşaqlarının təhsilini dəstəkləmək üçün nəinki maşınını, hətta nişan üzüklərini də satırlar. Bəzən bu da kömək etmir. Son 5 ildə 10 minə yaxın tələbə pulsuzluqdan universitetdən qovulub. Bu statistika Avropa Universitetinin məzunu olan Emin Əmrullayevə yaxşı məlumdur. Ancaq nazir bu ildən təhsil haqqlarını aşağı salmaq haqda yox, əksinə, qaldırmaq haqda düşünür. Yəqin qaldıracaqlar – bir az əvvəl pensiya yaşı da artırıldı (65 yaş), ünvanlı sosial yardımın əhatə dairəsin daraltdılar əlilləri kütləvi şəkildə “saxta” çıxardırlar. İndi də təhsil haqlarına əl gəzdirəcəklər.
Tibb Universitetində illik təhsil haqqı 5500 manatdır, nəinki kasıb, hətta orta statistik azərbaycanlının da büdcəsinə uyğun deyil. Özlərinin qarınları ağrayanda belə Türkiyə, İsrail və Avropa klinikalarına üz tuturlar. Elə sərt karantin dövründə ölkəyə həkim “idxal” edirdilər. Bəs hanı bahalı unuversitetin məzunları? Azərbaycanda ali təhsilin qısa düsturu belədir – bahalı və keyfiyyətsiz təhsil…
Təhsil haqqları isə rektorların korrupsiya maraqlarına xidmət edir. BDU-nun sabiq rektoru Abel Məhərrəmov işdən çıxarılanda obyektlərinin siyahısı yadınızdadır? Təhsil haqlarının oğurlanması hesabına hətta uzaq İspaniya da belə, oğluna böyük biznes qurmuşdu…
Sosial ödənişlər azaldılır, pensiya yaşı artırılır, təhsil bahalaşır. Bir sözlə, sosial qapılar kasıb zümrənin üzünə qapadılır. Ancaq müharibə yenidən başlasa, o kasıb uşaqlarını dərhal tapıb ön cəbhəyə göndərəcəklər, erməni gülləsinə tuş edəcəklər, sonra da “şəhidim var” deyib vətənşüvənlik edəcəklər. Və təbii ki, öz uşaqlarını tumanları altında gizlədəcəklər…
Qadir Ibrahimli