MİNALANMIŞ ƏRAZİLƏRİN XƏRİTƏLƏRİ AZƏRBAYCANA NİYƏ VERİLDİ?

MİNALANMIŞ ƏRAZİLƏRİN XƏRİTƏLƏRİ AZƏRBAYCANA NİYƏ VERİLDİ?
 

Ağdamın minalanmış ərazilərinin xəritələrinin Azərbaycana verilməsi önəmli məsələdir: itkilərin qarşısını alır, vaxta qənaətə, xərclərin azaldılmasına, insanların doğma yurdlarına tez qayıtmasına yol açır, Ermənistanı ifşa edir. Bu nəticənin ortaya çıxmasına yol açan səbəbləri qavramağa çalışaq. ABŞ-da prezident seçkiləri oldu, Tramp getdi, Bayden gəldi. O, Trampın xarici siyasət istiqamətindən imtina etdi, Amerikanın ənənəvi xarici siyasət anlayışına qayıdacağını bildirdi, Rusiya və Çinin əsas rəqib olduğunu söylədi, NATO-nu gücləndirəcəyini, Avropa ilə əlaqələri artıracağını, müttəfiqlərin sayını çoxaldacağını açıqladı... Nəticədə, Amerikanın Rusiyaya münasibəti çərçivəsində Qafqaz siyasəti də dəyişdi, Rusiyanı rəqib kimi görməyən, Putinə heyranlıq duyan, buna bağlı olaraq da Qafqazı unudan Trampın yerinə Rusiyanı sıradan çıxaracağını söyləyən, Putini qatil adlandıran, Qafqazda Amerikanın ciddi maraqları olduğunu iddia edən, bunu xarici siyasət anlayışının bəndlərindən biri sayan Bayden gəldi...

Ermənistanda növbədənkənar seçki elan olunandan sonra Amerikanın Qafqaz siyasətində fəaliyyəti artdı. Səbəb budur ki, ABŞ Paşinyanın məğlub olmasını istəmir, Gürcüstanda və Ermənistanda hakimiyyətin xalqın iradəsi ilə formalaşmasının Rusiyanın Qafqazdakı mövqelərini ciddi biçimdə zəiflədəcəyini bilir. Onu da dəqiq bilir ki, Rusiya bütün gücü ilə Paşinyanı devirməyə çalışır, Gürcüstandan sonra Ermənistanda ikinci cəbhənin açılmasını istəmir. Azərbaycanın da bu sıraya qoşula biləcəyini, nəticədə, Rusiyanın Qafqaz və Yaxın Şərq siyasətinin çökəcəyini anlayır. Paşinyana olan fərqli münasibət ABŞ və Rusiyanın mənafelərinin fərqliliyindən irəli gəlir. ABŞ-ın Ermənistandakı seçki dönəmində Qafqaz siyasətində fəallıq göstərməsinin bu əlamətləri var:

ABŞ-ın dövlət təmsilçiləri Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərləri ilə sıx təmas halındadırlar. Baydenlə Putinin görüşünün önəmli məsələlərindən biri də Qafqaz, özəlliklə də Ermənistandır. ABŞ-ın rəsmi təmsilçisi üç Qafqaz dövlətinə rəsmi səfər etdi, görüşlər keçirtdi, açıqlamalar verdi. Bunlar bizim bildiyimiz məsələlərdir, təbii ki, gizli olan məsələlər də var.

ABŞ-ın ünsiyyətdə olduğu bu dövlətlərin hər birinə mesajları var:

- RUSİYAYA MESAJ – ABŞ Qafqaza gəlmişdir, bu bölgənin ağası təkcə Rusiya deyil, ey Rusiya, Ermənistandakı seçkilərə müdaxilə etmə, Paşinyanı devirməyə çalışma;

- AZƏRBAYCANA MESAJ – Putinin planını qəbul edib Ermənistanda Rusiyanın təmsilçisi olan Koçaryanın mövqelərini gücləndirəcək addımlar atma;

- GÜRCÜSTANA MESAJ – ABŞ Gürcüstanın NATO-ya qoşulmasını dəstəkləyir, bu ölkəni Qafqazda əsas tərəfdaşı sayır, Ermənistanın da Gürcüstan kimi olmasını istəyir;

- ERMƏNİSTANA MESAJ – ABŞ Paşinyanın devrilməsinə qarşıdır, Ermənistanın Avropa və Amerika yönümlü siyasətini davam etdirməsini istəyir;

- TÜRKİYƏYƏ MESAJ – Paşinyanın hakimiyyətinin davam etməsi Türkiyənin də, Amerikanın da xeyrinədir;

Ağdamın minalanmış ərazilərinin xəritələrinin Azərbaycana verilməsi, erməni terrorçularının geri qaytarılması Ermənistandakı seçkilərlə, ABŞ-ın Qafqazdakı mənafeləri ilə sıx bağlıdır. Önəmli məsələlərdən biri də odur ki, ABŞ və Avropa bu məsələni Gürcüstanı önə çıxararaq həll etdi. Bunun da səbəbləri var:

- Gürcüstan ABŞ və Avropanın Qafqazda müttəfiqidir, onlar Gürcüstanın güclənməsini, NATO-ya daxil edilməsini, Qafqaz dövlətlərinə örnək olmasını istəyirlər;

- Azərbaycan hakimiyyətinə deyirlər ki, Rusiyaya sıx bağlı olduğunu bilirik, Rusiyadan asılı olan Azərbaycanın azad inkişaf imkanı yoxdur, səni təklif etdiyimiz yeni planı qəbul etməyə çağırırıq, Ermənistanda Rusiyanın mövqeyini gücləndirəcək addımlar atma;

- Ermənistana deyirlər ki, Gürcüstanın yolu ilə get, seçkidə ABŞ və Avropanın xəttini təmsil edən namizədi dəstəklə;

- Üç Qafqaz dövlətinə deyirlər ki, əməkdaşlıq edin, siyasi, iqtisadi, diplomatik əlaqələr qurun, bir-birinizlə vasitəçilər olmadan danışın ki, Rusiyanın bölgədəki mövqeləri zəifləsin, sizin müstəqil və azad ölkə kimi yaşamaq imkanınız artsın;

Toplasaq, deyə bilərik ki, Ağdamın minalanmış ərazilərinin xəritələrinin Azərbaycana verilməsi, erməni terrorçularının Ermənistana qaytarılması ABŞ-ın yeni Qafqaz siyasətinin nəticəsidir, Paşinyanı gücləndirir, Rusiyanın Qafqazdakı mövqelərini zəiflədir. Bu məsələ Rusiyanın seçki dönəmində minalanmış ərazilərin xəritələrinin Azərbaycana qaytarılması üçün niyə ciddi addımlar atmadığının səbəblərini də açıqlayır: a) Azərbaycan və Ermənistanın birbaşa ünsiyyəti Rusiyanın mənafeyinə uyun deyil; b) Rusiya xəritələrin qaytarılmasını alver məsələsinə çevirib, Azərbaycandan bir şey almasa, bir şey verməz; c) Bu dönəmdə xəritələrin qaytarılması Ermənistanda Rusiyanın mənafelərini təmsil edən Köçəryanın mövqeyini zəiflədər.

 Siracəddin Hacı

0.013327836990356