İctimai şuralar və ekspertlər rəhbərlik tərəfindən təyin olunursa...

İctimai şuralar və ekspertlər rəhbərlik tərəfindən təyin olunursa...
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 

Bunların dövlətə və xalqa faydası olmayacaq

Ölkə Prezidentinin tapşırığı ilə dövlət orqanlarının işinə nəzarət məqsədilə ictimai şuralarların və ekspertlərin seçkilərinin keçirilməsinə start verilib. Nazirliklərdə, komitə və agentliklərdə indiyə qədər keçirilmiş seçkilərin yekunları göstərir ki, rəhbərliyin fəaliyyətinə ictimai nəzarəti təmin etməli olan ictimai şuralar və ekspertlər qrupu bir qayda olaraq həmin təşkilatların rəhbərinin rəyi ilə "seçilir".

Proses ölkədə o qədər yalnış gedir ki, yaradılan şuraların və təyin olunan ekspertlərin normal fəaliyyət göstərəcəyinə zərrə qədər inam qalmır.

Fikrimi oxucuya dəqiq çatdırmaq üçün nümunə olaraq, ƏƏSM və Təhsil Nazirliyində keçirilmiş ictimai şuraların seçkiləri barədə ictimaiyyət arasında yayılan, gəzən mənfi söz-söhbətin üstündə dayanıram. Hər iki nazirlikdə ictimai şuralara üzvliklə bağlı keçirilən seçkilər barədə cəmiyyətdə yayılan xəbərlərdə deyilir ki, bu nazirliklərdə ictimai şuraya seçilmiş şəxslərin hər biri nazir- S. Babayev və E. Əmrullayev tərəfindən tək-tək seçilib. Bu nazirliklərin adını nümunə üçün çəkməyim digər dövlət orqanlarda ictimai şuraların və ekspertlərin seçilməsinin müəyyən olunmuş norma və qaydalara uyğun seçilməsi anlamında başa düşülməsin. Qətiyyən!

Bu sahədə gedən mənfi prosesləri hakimiyyətin yüksək səviyyədə sakit izləməsi və baş verən mənfiliklərin qarşısının alınmasına lazımı reaksiya verməməsi dövlət orqanlarında formalaşan ictimai şura və ekspert qrupları üzvlərinin rəhbər vəzifəli şəxslər tərəfindən müəyyən edilməsinə şərait yaradılması dövlət orqanları rəhbərlərinin vəzifədə həyata keçirəcəyi bir çox qaranlıq mətləblərdən xəbər verir. Məsələn, Hesablama Palatası tərəfindən aparılmış yoxlama zamanı KİVDF-nin sabiq icraçı direktorunun bir sıra ciddi cinayət əməli törətdiyi aşkarlandı və  həbs olundu . Allah qapısını açsın!

Yaxşı xatırlayıram, həmin icraçı direktor onun işinə nəzarət edən Müşahidə Şurasını da, özü müəyyən etmişdi. Həmin ekspertlərin əli ilə istədiyi işi çox "yaxşı" həyata keçirirdi. KİVDF-nin sabiq icraçı direktoru hazırda həbs olunsa da, nə Müşahidə Şurasının protokollarını imzalayan sədrə, nə katibə, nə də icraçı direktorun verdiyi bığyağına görə, hər cür qaraya ağ imza atan ekspertlərə gözün üstə qaşın var deyən olmadı!...

Bu misalı ona görə gətirdim ki, dövlət orqanlarında, guya şəffaflığı təmin etmək üçün ölkə prezidentinin tapşırığı ilə yaradılan müşahidə və ictima şuralar, ekspertlər qrupu rəhbərlərin atdığı hər cür mənfi addımın qarşısını almalıdır, amma, əksinə rəhbər şəxslər bundan saxtakarlığa qanuni don geydirmək üçün istifadə etməyi düşünür və təşkilatlanmaya başdan müdaxilə edirlər!

Yeri gəlmişkən, qeyd edim ki, əvvəldə hüquq-mühafizə orqanları ilk vaxtlar KİVDF-də baş vermiş cinayət faktları ətrafında böyük hay-küy yaratsalar da, hazırda bu məsələ sanki unudulub! Sadalanan cinayət xarakterli məsələlər - evlərin paylanmasında, yardımların ayrılmasında yol verilmiş cinayətlər, mənimsənilmiş dövlət vəsaitlərinin geri qaytarılması barədə ictimaiyyətə heç bir məlumat verilmir!..

Suallar cavabsız qalıb, Niyə?!...

Yəni hər kəs artıq başa düşür ki, nazirliklərdə və dövlət orqanlarında yaradılan Müşahidə Şuraları, Agentliklərin icraçı direktorlarının əli ilə müəyyən etdiyi ekspertlər, saxta seçilən ictimai nəzarət şuraları dövlət orqanları rəhbərlərinin törətdiyi vəzifə cinayətlərinə şəffaflıq donu geydirmək və onların məsuliyyətini bölüşmək üçün yaradılır. Deməli, cənab Prezidentin ölkədə ağır iqtisadi durumun qarşısını almaq üçün rüşvəti, korrupsiyanı, vəzifəli şəxslərin dövlət vəsaitinin mənimsənilməsinin qarşısını almaq məqsədilə yaratdığı kollektiv ictimai nəzarət orqanlarının belə, fəaliyyətini rəhbər şəxslər əlinə keçirməyə çalışırlar və müvəffəq də olurlar!..

Bu proses isə ölkədə gedən struktur və kadr islahatlarının gedişinə məmurların maneə olması cəhdidir...

 

0.01714015007019