Xəstəyə əxlaq normalarına zidd hərəkət sərgiləyən tibb bacısı hansı klinikanın işçisidir? - ŞİKAYƏT

Xəstəyə əxlaq normalarına zidd hərəkət sərgiləyən tibb bacısı hansı klinikanın işçisidir? - ŞİKAYƏT
 

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimi və tibb bacısı qalxanabənzər vəzin müayinəsi ilə bağlı xəstəxanaya müraciət etmiş vətəndaşla ədəbsiz və kobud rəftar edib.

Paralel.az xəbər verir ki, Sabunçu rayonu Zabrat qəsəbəsi sakini Fuad Allahverdiyev göndərişlə getdiyi M.Topçubaşov adına ECM-də həkim və tibb bacısının tərbiyəsiz davranışı ilə qarşılaşdıqlarını bildirib.

Şikayətçi həyat yoldaşında qalxanabənzər vəz xəstəliyi olduğunu və yaşadığı ərazi üzrə poliklinikanın baş həkiminin göndərişi ilə M.Topçubaşov adına ECM-ə getdiyini, burada xəstəxana personalının qeyri-mədəni davranışlarına məruz qaldıqlarını qeyd edib:

“Həyat yoldaşımda qalxanabənzər vəzin xəstəliyi var. Bunun müayinəsi, yəni ultrasəs müayinəsi ilə bağlı yaşadığım ərazi üzrə poliklinikanın baş həkiminin göndərişilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə getdik. Eyni xəstəliyin daşıyıcıları da ora toplaşmışdı, adam çox idi. Birtəhər qeydiyyatdan keçdik. Mən nə etməli olduğumuzla bağlı tibb bacısına yaxınlaşdım ki, soruşum, qan analiz verilməlidir, yoxsa hormanlardan-filan. Ancaq xanım mənə barmaq işarəsi göstərdi, orta barmağını dik şəkildə yuxarı qaldırdı. Mən özümü təhqir olunmuş hesab etdim. Səsimi qaldırdım. Xəstəxana mühafizəsi müdaxilə etdi. Onun o hərəkətini özümə bağışlaya bilmirəm. Orada belə bir anarxiya var “.

Tibb bacısının ədəbsiz əl hərəkətindən sonra əsəblərinə hakim ola bilmədiyini söyləyən Allahverdiyev Fuad yenə də etik çərçivəni gözlədiyini vurğulayıb.

Lakin xəstəxananın tibb personalının etik çərçivəyə sığmayan hərəkətləri bununla da bitməyib. Səbuhi adlı həkimin hormon müayinəsi üçün onları özəl klinikaya yönləndirmək istədiyini deyən şikayətçi, “Amma özəl klinikaya getməyə imkanımız olmadığını söylədim. Nə üçün bizi özəl klinikaya yönləndirir? Xəstəxanada yalnız ultrasəs müayinəsindən yararlana bildik, o da nə zülmlə”, – deyə qeyd edib.

Onlar M.Topçubaşov adına ECM-də ultrasəs müayinəsindən keçdikdən sonra isə bu səfər də həkimin peşə etikasına sığmayan davranışı ilə qarşılaşıblar.

Belə ki, həkim Allahverdiyev Fuad və onun həyat yoldaşının üstünə qışqırıb:

“Bu da bəs deyilmiş kimi nəticələri göstərmək üçün yenidən həkimə müraciət edəndə bizimlə kobud rəftar etdi, “çölə çıx”, – deyə qışqırdı.

Bir günümüz bu xəstəxanada keçdi, lakin heç bir nəticə əldə edə bilmədik, nə müayinə, nə də müalicə”.

Vətəndaşın bu şikayəti bir daha ölkə səhiyyəsinin hansı vəziyyətdə olduğunu göstərir. TƏBİB-lə Səhiyyə Nazirliyi arasında bölünmüş tibb ocaqları, çox təəssüf ki, peşə etikasının nə olduğunu anlamayan, xəstələrə pul gözü ilə baxan tibb personalı ilə doludur. Ümid edirik ki, bu kimi halların təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək, xəstələrlə kobud və qeyri-mədəni rəftar edən, onları təhqir edən tibb işçiləri cəzalandırılacaq.

Aqil Bəkir

0.022830009460449