İlham Əhmədov- 65: Uğurlu həyat yolu 
                                   

İlham Əhmədov- 65: Uğurlu həyat yolu                                    
 

İlham Əhmədov- 65

                                                                 Uğurlu həyat yolu

 

 

     Pedaqoji elmin  müasir problemlərinin yorulmaz tədqiqatçılarından olan- p.ü.f.d., dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olur. İlham müəllim  40 ildir ki,  ADPU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur.   ADPU-dakı 4 illik tələbəliyini də əlavə etsək, onun həyatının 44 ili  ADPU ilə bağlıdır.

 İlham Bəşir oğlu Əhmədov 1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası professor Bəşir Əhmədov respublikanın görkəmli  pedaqoqu, pedaqogika və  azərbaycan dilinin tədrisi metodikası üzrə öz sözünü demiş tanınmış alim  olmuşdur.  

İlham Əhmədov, 1973- cü ildə Abşeron rayonu Xırdalan qəsəbə 2-saylı məktəbi bitirmişdir. Həmən dövrlərdə SSRİ-nin tanınmış universitetlərinin nəznində yuxarı sinif şagirdləri üçün dərinləşdirilmiş proqramlarla tədris aparan qiyabi riyaziyyat, qiyabi fizika  məktəbləri fəaliyyət göstərirdi. İlham müəllim 9-10-cu siniflərdə oxuyarkən paralel  olaraq Lomonosov adına MDU-nin  nəznində qiyabi riyaziyyat məktəbində keys texnologiyası əsasında distant təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1973-cü ildə ADPU-nun  riyaziyyat  fakultəsinə daxil olmuş, 1977-ci ildə oranı fərqlənmə  diplomu ilə bitirmişdir. 1977-1978-ci tədris ilində Abşeron rayonu Xırdalan qəsəbəsi 2 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.

1978-1981-ci illərdə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi, 1981-ci ildə V.İ.Lenin adına APİ-də (indiki ADPU) “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1982-1983-cü illərdə hərbi xidmətdə olmuş, 1984-1986-cı illərdə aspiranturada təhsilin davam etdirmişdir. Aspirantura təhsilinin sonunda 1986-cı ildə Kiyev şəhərində “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi (“Cəbr və analizin başlanğıcı”  kursu əsasında) adlı  namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-1993-ci  illərdə  ADPU gənc alimlər şurasının sədri olmuşdur. 1986- 1991- ci illərdə ADPU-da “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim, 1991-ci ildən dosent vəzifəsində çalışmışdır.  1998 –ci ildən 2007-ci illərdə isə  ADPU-da “Hesablama riyaziyyatı və İnformatika” kafedrasında dosent vəzifəsində çalışmışdır.

 2005- ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə Layihəsində “Distant təhsil” üzrə milli məsləhətçi, 2007-2017-ci illərdə ADPU “İKT, Monitorinq və Qiymətlənduirmə Mərkəzi”nin direktoru vəzifəsində çalışmış, 2017-cı ildən hal-hazıradək ADPU “Kompüter elmləri”  kafedrasının  dosentidir. 2008-2018-ci illərdə  ADPU  böyük elmi şurasının üzvü olmuşdur.

     İlham Bəşir oğlu Əhmədov 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Dəfələrlə ADPU-nun elmi şurasının və rektoratın təşəkkürnaməsi və mükafatı  ilə təltif edilmişdir.

Onun elmi-metodik  fəaliyyətinə nəzər yetirdikdə görürük o, təhsilin informatlaşması, təhsil  innovasiyalarının yaradılması və idarəedilməsi, ali təhsilin inkişaf  problemlərinə dair,  respublikada və xaricdə (Türkiyə və MDB-də)   120-dən artıq  elmi-metodik məqalə dərc etdirmişdir. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya,  Qazaxstan, Moldova, Gürcüstan  və Özbəkstanda  beynəlxalq konfranslarda  məruzələrlə çıxış  etmişdir.

2010-2017- cü  illərdə müxtəlif vaxtlarda TC Anadolu Universiteti, RF “Müasir Humanitar Universiteti” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümünün  Azərbaycan Proqramlarında  elmi məsləhətçi olmuşdur.  2011-ci  ildə  Təhsilin İnkişafı  Beynəlxalq Fondun  xətti  ilə  Qazaxstan Respublikası  Pavlodar Dövlət Universitetində  professor-müəllim heyəti    magistrlər  üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Universitetlərin strateji idarəedilməsi” v.s.) dair silsilə mühazirələr  oxumuş, YUNESCO-nun  “Təhsildə İKT” İnstitutunun (Moskva ş.)  Azərbaycandan olan  milli eksperti  olmuş (2011-2013),  onların təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva ş. və Sankt-Peterburq ş.)  təhsilin informatlaşması  məsələlərinə dair məruzələr  etmişdir.

Respublika Təhsil Nazirliyinin  təsis etdiyi  “Azərbaycan məktəbi” jurnalının və  ADPU-nun  təsis etdiyi  “Təhsildə İKT”   jurnalının  Redaksiya Şurasının üzvü, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, elmi katibi, 5 il  ADPU elmi-metodik şurasının üzvü  kimi ictimai işlərdə fəal iştirak etmişdir. 2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur. Son 10 ildə  vətəndaş cəmiyyəti quruculuğu istiqamətində müxtəlif  müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial yönümlü layihələrində, həmçinin təhsil və İKT yönümlü, universitetdaxili layihələrdə menecer, məsləhətçi, ekspert v.s. qisimdə iştirak etmişdir. Bunlardan bəzilərini qeyd edə bilərik:

1.  Təhsil Nazirliyi və Dünya  Bankının “Fasiləsiz Müəllim Hazırlığı Konsepsiya    Strategiyası” layihəsinin  “Müəllim  hazırlığında Distant  Təhsil” blokunun müəllifi (layihənin  eksperti olaraq), 2005-ci  il.

2.  ADPU “VTS-Elektron imtahan sistemi” layihəsi-Layihə rəhbəri. Universitetdaxili  layihə-2007-ci il.

3.  “ADPU- universitet  informasiya təhsil portalı”, Layihə rəhbəri. Universitetdaxili  layihə-2008-ci il.

4.  “ADPU- “Təhsildə İKT” elmi-metodik jurnalın yaradılması” layihəsi. (son 10 ildə jurnal sistematik nəşr  edilir). – Layihə rəhbəri,   jurnalın redaksiya heyətinin üzvü. Universitetdaxili  layihə-2008-ci il.

5.  “AMEA Elm-İnnovasiya  Mərkəzi Portalının yaradılması”, layihə rəhbəri ( 2010-cu il).

6.  Azərbaycan Respublikası Prezidenti  yanında Gənclər Fondunun  qrantı  hesabına   reallaşan  “Gənc Ailə Akademiyası”  Portalı, layihə meneceri-2013-2014-cü ilər.

7.  Azərbaycan Respublikası Prezidenti  yanında QHT-lərə Dövlət  Dəstəyi Şurasının qrantı  hesabına reallaşan “Gənc  seçici” Portalı, layihə  meneceri  - 2015-ci il.

8.  Azərbaycan Respublikası Prezidenti  yanında Gənclər Fondunun  qrantı  hesabına   reallaşan   “Gənclərin İT yönümlü peşələrə  istiqamətləndirilməsi”- layihəsi, layihə  rəhbəri, 2017-ci il.    v.s.  layihələr.

İlham müəllim  pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk tədqiqatçılarından biri olmuş, bu sahədə ölkədə ilk məqalələrin müəllifi olmuşadur. Belə ki, 1985-ci ildə təhsilin informatlaşmasına dair respublikada ilk məqalənisini İlham müəllim  “Azərbaycan məktəbi” jurnalında dərc etdirmişdir (pedaqoji mətbuatımızda ilk dəfə bu məqalədə distant təhsil haqqında məlumat vermişdir), sonralar təhsilin informatlaşdırılması mövzusunda onlarca innovativ məzmunlu məqalələr  yazmış və layihələr icra etmişdir.

Distant təhsilə dair ilk məqaləsini 2001-ci ildə- Bakıda keçirilən Beynəlxalq konfransda məruzə etmiş və məqalə dərc etdirmişdir. Təəssüf ki,  təhsil məmurları  onun uzun müddət bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, bu  təkliflərə vaxtında reaksiya verilməmişdir.  Bu gün distant  təhsillə  əlaqəli ölkədə yaranmış vəziyyət onun bu təklifləri verməsində nə qədər haqlı olduğunu bir daha təsdiq etdi.

İlham müəllim 2005-ci ildə “AR distant təhsilin yaradılması və inkişafı strategiyası” sənədini hazırlayıb Təhsil Nazirliyinə təqdim etmiş, son 20 ildə bu mövzuda onlarla məqalə yazmış, TV-lərdə müsahibələr vermişdir.  İlham müəllimin bir təhsil eksperti kimi pandemiya dövründə distant və rəqəmsal təhsil, ali məktəb  problemlərinə həsr edilmiş 30-a yaxın analitik məqaləsi təhsil yönümlü müxtəlif  saytlarda dərc edilmiş, TV-lərə seriya müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən bu məqalələr daha çox tənqidi məzmunda olsa da, təhsilimizin inkişafı üçün burada xeyli maraqlı ideya və təkliflər yer alır.

İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları ölkəmizdə və T.C.-də böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun  “Azərbaycan və T.C. universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə  əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” kimi ideyası  bu yaxınlarda Bakıda səfərdə olan T.C. milli təhsil naziri Ziya Selcuqun ölkəmizdə baş tutan görüşlərində  də qeyd edilmişdi. 

İlham müəllimlə Bakıda və T.C.-də  bir çox Beynəlxalq konfranslarda birgə iştirak etmişik.  Bunlardan xüsusən ən çox yadımda qalanları  2008 və 2010-cu illərdə ADPU və Hacəttəpə Universitetlərinin Bakıda və Ankarada birgə təşkil etdikləri konfranslar idi. Bu konfranslarda İlham müəllimin məruzələri dinləyicilərin çox böyük marağına səbəb olmuşdu.

İlham müəllimin bu ay 65 yaşı tamam olur, onu  bu münasibətlə təbrik edir,  gələcək elmi fəaliyyətində müvəffəqiyyətlər, can sağlığı və uzun ömür arzu edirik. Bu münasibətlə onun ailə üzvləri     dostlarını da təbrik edir,  çoxlu nəvə-nəticə görməyi arzu edirik.  

65 yaşınız mübarək əziz dostum! Qarşınızda duran,  hələ də həllini gözləyən problemlərin həllində Sizə uğurlar arzulayırıq! 

 

İsa İsmayılov 

ADPU-nun  professoru, pedaqogika üzrə elmlər doktoru

0.049810886383057