Ramiz Mehdiyev 34 minlik dəftərxana ləvazimatı alır - Şübhəli MÜQAVİLƏ
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “DİMEX-CO” MMC ilə maliyyə dəyəri 34 849.7 AZN olan satınalma müqaviləsi bağlayıb.
Paralel.az Hit.az-a istinadən xəbər verir ki, müqavilədə dəftərxana və təsərrüfat mallarının satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyest məlumatlarında “DİMEX-CO” MMC-nin 4 fevral 2021-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 4, mənzil 18-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədzadə Mirzəağa Rafiq oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Bu, şirkətin yeni yaranması ilə bağlı ola bilər. Doğrudur, yeni yaranan və qısa müddət ərzində tanınan şirkətlər də var. Ancaq “DİMEX-CO” MMC bu kateqoriyaya aid deyil. Çünki bəzi iddialara görə, bu şirkət yalnız tenderlərdə iştirak üçün yaradılıb.
AMEA-nın 3 aylıq şirkətlə satınalma müqaviləsi imzalaması keçirilən müsabiqənin şəffaflığına şübhə yaradır.
“Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. Cəmi 3 ayın şirkəti olan “DİMEX-CO” MMC-nin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür.
Sonda onu da qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nin prezidenti olandan sonra bu qurumun keçirdiyi tenderlərin əksəriyyəti qanun pozuntuları ilə müşayiət olunur. Bu barədə mediada da vaxtaşırı yazılır.