Sürücüsü icra başçısının illərlə yığdığı var-dövləti satıb qaçdı

Sürücüsü icra başçısının illərlə yığdığı var-dövləti satıb qaçdı
 

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çox çətin duruma düşüb. Məlumatlı mənbələr iddia edirlər ki, onun illərlə topladığı, sürücüsü Mahirin və onun yaxınlarının adına rəsmiləşdirdiyi əmlaklar əlindən çıxıb.

"İddia olunur ki, sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb. Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb", - məlumatda qeyd olunur.

İddiaya görə, hazırda Süleyman Mikayılov çox çətin durumdadır: "Sürücünün rəsmi axtarışa verilməsinin onun özünün karyerasını sual altına qoyacağını bilir. Anlayır ki, Mahir əli qandallı, rəsmi olaraq tutulub ölkəyə gətirilərsə və istintaqa cəlb olunarsa, dəyəri 10 milyonlarla ölçülən varidatı da rəsmi olaraq, etiraf etməlidir. Azərbaycanda vəzifədə olan və korrupsiya bataqlığında çabalayan hər bir məmur üçün bundan "qorxulu yuxu" yoxdur".

Süleyman Mikayılov bu gün LAF.TV-yə müsahibəsində barəsində yayılan informasiyalara aydınlıq gətirib. İcra başçısının adıçəkilən telekanalın rəhbəri Ləman Ələşrəfqızı ilə müsahibəsini təqdim edirik:

- Süleyman müəllim, bu gün "Yeni Müsavat" qəzeti yazıb ki, sürücünüz sizə məxsus 10 milyonu götürüb qaçıb...

- Nə vaxt? Elə şey ola bilər?

- Azərbaycanda hər şey ola bilər...

- Yox, bu tam cəfəngiyyat bir şeydir...

- Sizdə 10 milyon yoxdur, yoxsa...

- Yazıblar ki, bir neçə gün bundan qabaq pulu götürüb gedib. Mənim şoferim 15 ildir yanımdadır. Sadəcə onun yoldaşı ağır xəstə olub. Ötən ilin avqust ayında ərizə yazdı, xahiş etdi ki, mən gedim, xəstə düzələndən sonra qayıdaram. Mən də dedim ki, problem yoxdur. Yazırlar ki, respublikanı tərk edib filan. Bunlar yalan söhbətlərdir.

- İcra başçılarının adları tez-tez 10, milyon, 100 milyon qalmaqallarında hallanır…

- Siz heç təsəvvür edirsiz, 10 milyon pul nə qədərdir?! Mən orta məktəbdə oxumuşam, 10 milyonu saymaq üçün 4 ay vaxt lazımdır...

- Amma saymaq vaxtını bilirsiz ha...

- Yalan söhbətdir. Mənim 10 milyon, 5 milyon... Bunlar hər şeyi boş şeyə çeviriblər. Hamısı cəfəngiyyatdır.

- Süleyman müəllim, sizin haqqınızda Vikipediya məlumatlarına baxdım. Orada yazılıb ki, Lənkəran cinayətkar qrupunun liderlərinin siyahısına daxilsiz...

- Ay xanım, bu nə sözdür, cinayətkar adam...

- Süleyman müəllim, bu sizin haqqınızda rəsmi məlumatlar olan Vikipediya səhifəsində yazılıb...

- Mən icra başçısıyam, dövlət məmuruyam. Mənim nə mətbuat xidmətim var, nə də onlarla maraqlanıram.

- Siz heç bilirsizmi, Vikipediya səhifəsi nədir?

- Heç oxumamışam da. Mən neynəməliyəm ki?

- Ən azı oxumalısız, yeniləməlisiz... Burada haqqınızda oxuyuruq, Lənkəranın, Yardımlının, Qaradağın icra başçısı olmusuz, Prezident bu vəzifələrə sizi təyin edib. Amma burada mafiya başçısı kimi təqdim olunursuz...

- Bir adam tap ver də, məşğul olsun.

- Biz niyə məşğul olmalıyıq, sizin mətbuat xidmətiniz, icra aparatınız var, onlar məşğul olsunlar. Süleyman müəllim, milyonlardan söz düşmüşkən, sizin neçə milyonunuz var?

- (gülür) Hamısı yalan söhbətdir...

0.020898103713989